Qarmonçalanın Maliyyə İdarəsinə müdirlik etməsi - Cəlilabadda

12-01-2016, 10:19           
Qarmonçalanın Maliyyə İdarəsinə müdirlik etməsi - Cəlilabadda
Əlinazim Quliyevin adı saxta diplom məsələsində və tender qalmaqallarında hallanır

Cəlilabad rayonunda fəaliyyət göstərən iş adamları, eləcə də ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri rayon maliyyə idarəsindən ciddi şəkildə narazılıq edirlər. Məsələ ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, məhz Cəlilabad Rayon Maliyyə İdarəsinin rəisi Əlinazim Quliyevin müdaxiləsindən sonra bir çox sahibkar rayonun abadlıq, quruculuq işləri və digər xidmətlərin göstərilməsi üçün keçirlən tenderlərdə iştirakdan məhrum qalırlar.

Demokratiya.info-nun verdiyi məlumata görə, Əlinazim Quliyevin bir sıra iş adamlarının keçirilən tender komisyalarına təqdim etdikləri sənədləri müxtəlif bəhanələrlə geri qaytardığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, dolayı yolla sahibkarlara bildiriblər ki, mütləq rayon maliyyə şöbəsindən razılıq alınmalıdır. Çünki sonda vəsait Cəlilabad Rayon Maliyyə İdarəsi tərəfindən ayrılacaq. Elə buna görə də iş adamlarına Əlinazim Quliyevlə dil tapmaq məsləhət görülür. İdarə rəisi isə öz növbəsində, onun «şərt»lərinə əməl edən şirkətlərin tenderdə iştirakını təmin edir, digərlərini isə oyundan kənar vəziyyətdə saxlayır. Bunun səbəbi isə artıq bütün rayon sakinlərinə bəllidir. İdarə rəisi bu yolla, yəni özünə yaxın müəssisələr vasitəsilə dövlət büdcəsindən ayrılan vəsaitləri təyinatdan kənar xərclərə sərf etməklə məşğuldur. Məhz bunun nəticəsində rayon maliyyə idarəsinin rəisi bir xeyli var-dövlətə sahiblənib.

Əlinazim Quliyevin dövlət büdcəsindən ayrılan vəsaitlərə şərik durduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, Cəlilabad Rayon Maliyyə İdarəsi tərəfindən bəzi idarə və müəssisələrə verilən pullarda kəsir yaşanır. Çünki idarə rəisi büdcə təşkilatları üçün ayrılmış pulların bir qismini özünə götürür. Həmin idarə və müəssisə rəhbərlərinə deyir ki, yalnız bu şəkildə onlara hər il pul ayrılmasına şərait yarada bilər. Bundan əlavə o, ilin sonlarında büdcə təşkilatları ilə anlaşaraq onlar üçün büdcədən əlavə pulların ayrılmasını həyata keçirir. Hər hansı bir idarə və müəssisə rəhbəri əlavə olaraq pul tələb edirsə, bəribaşdan maliyyə idarəsinin müdirinə onun 20 faizini verməlidir.

Bir neçə ildir ki, Cəlilabad Rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışan Əlinazim Quliyevin diplomunun olmadığını iddia edən mənbə bildirir ki, o, əvəllər toylarda qarmon ifaçısı olub. Söz yox ki, bunu dəqiqləşdirmək aidiyyəti qurumların, əsasən də Təhsil və Maliyyə nazirliklərinin işi, hətta vəzifə borcudur. Çünki diplomu olmayan birisinin Cəlilabad Rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışması heç cür qəbul olunan deyil. Odur ki, müvafiq orqanlar bu məsələni ciddi şəkildə araşdırmalı, Əlinazim Quliyevin diplomunun olub-olmaması ilə bağlı ictimaiyyəti məlumatlandırmalıdırlar.

Əgər həqiqətən də onun diplomu yoxdursa, o zaman necə və kimin vasitəsilə rayon maliyyə idarəsinin rəisi vəzifəsinə gətirilib? Maraqlıdır, görəsən, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun bundan xəbəri varmı? Təbii ki, bütün bunlar tez bir zamanda cavablandırılmağı tələb edən suallardır. Çünki diplomsuz birinin maliyyə idarəsinin rəisi postunda əyləşməsi həm ölkəmizə başucalığı gətirmir, həm də Cəlilabad rayonunun maliyyə sistemində ciddi fəsadların yaranmasına səbəb olur.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.