Yevlaxda sürücülük vəsiqəsinin rüşvəti artıb - Devalivasiya 7 saylı Qeydiyyat-İmtahan şöbəsinə bərk toxunub

12-01-2016, 11:40           
Yevlaxda sürücülük vəsiqəsinin  rüşvəti artıb - Devalivasiya 7 saylı Qeydiyyat-İmtahan şöbəsinə bərk toxunub
Dekabr ayının 21-də manatın ikinci kəskin devalvasiyasından sonra 7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində «rüşvət qiymətləri» də qaldırılıb.

teref.az yazır ki, qlobalinfo.az saytına Baş Dövlət Yol Polis İdarəsinin Yevlax rayonunda yerləşən 7 saylı Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovniki Elxan Əliyev barədə informasiya daxil olub.

Həmin məlumatda qeyd olunur ki, devalvasiyadan əvvəl Yevlax şəhərində yerləşən Qeydiyyat-İmtahan şöbəsində "B" kateqoriyası üzrə sürücülük vəsiqəsinin qeyri-rəsmi qiyməti 800-900 manata idisə, artıq bu rəqəm 1000-1500 manata qədər artırılıb. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə "BC" kateqoriyası üzrə sürücülük vəsiqələrinə görə tələb olunan məbləğ - 1000-1500 manat arasıdır.

"D" kateqoriyasını əldə etmək isə yayda ölkədə keçirilən Avropa Oyunları zamanı baş vermiş avtobus qəzasından sonra dayandırılıb.

Mənbənin sözlərinə görə şöbədə vətəndaşlarla sürücülük vəsiqəsi alverini əsasən şöbəylə əlaqəli olan rayon peşə məktəblərinin müəllimləri həyata keçirir.

İddiaya əsasən vətəndaşlardan toplanan rüşvət pulları hesabına şöbə rəisi Elxan Əliyevin sərvətləri yüz minlərlə ölçülür. Dəyəri yüz minlərlə ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi məvacibi hesabına əldə etməsi qeyri-mümkündür.

Qeyd edək ki, Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir.

Xatırladaq ki, polkovnik Elxan Mikayıl oğlu Əliyev ötən il Daxili işlər naziri General-polkovnik Ramil Usubovun əmri ilə Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinə təyin olunub.
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.