Daha bir qurumun ləğvi gündəmdə

13-01-2016, 11:07           
Daha bir qurumun ləğvi gündəmdə
Son vaxtlar dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi təbii ki, Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmyə bilməzdi və göstərdi də. Bunun yarana biləcək ağır fəsadlarının qarşısının alınması üçün isə, dövlət tərəfindən müxtəlif tədbirlər planı işlənib hazırlanır və həyata keçirilir. Əlbəttə ki, bu tədbirlərdən biri də, ölkədə fəaliyyət göstərən qurum və təşkilatların qənaət rejiminə əməl etməsi, yəni vəsaitlərin məqsədyönlü xərclənməsinin təmin olunması ilə bağlıdır. Məsələ bundadır ki, hazırda bir çox iri təsisatların strukturları özünü doğrultmayacaq qədər şişirdilmiş bir vəziyyətdədir. Aydındır ki, bu struktur bölmələrin saxlanması külli-miqdarda vəsaitlər hesabına başa gəlir. Həm də bu bölmələrin mövcudluğuna faktiki olaraq heç bir zərurət duyulmadan. Məsələn, Meliorasiya və Su Təsərrüfatı ASC-nin strukturuna daxil olan irili-xırdalı idarələrin siyahısına nəzər salaq. Siyahıda su anbarlarının istismarı idarələri, hidroqovşaqların istismarı idarələri, magistral kanalların istismarı idarələri, Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi, magistral kollektorların istismarı idarələri, meliorasiya idarələri, meşə meliorasiya idarələri, hidrogeoloji meliorativ xidmət idarəsi, meliorasiya və irriqasiya obyektlərinin qeydiyyatı və suların istifadəsinə-mühafizəsinə nəzarət idarəsi, suvarma sistemləri və mexaniki suvarma idarələri, subartezian quyularının istismarı idarələri, qış otlaqların su təminatı sistemlərinin istismarı idarələri, tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş Müdiriyyəti və daha neçə-neçə bir-birini təkrarlayan idarə, birlik, institutlar yer alıb. Götürək elə Subartezian Quyularına Servis Xidməti İdarəsini. Böyük ehtimalla, bu idarənin konkret nə işlə məşğul olmalı olduğunu bəlkə heç idarənin rəisi Mirzalı Behbudov özü də bilmir. Əgər desək ki, bu qurum, adından da göründüyü kimi hansısa subartezian quyularına servis xidməti göstərir, bu zaman məntiqi bir sual ortaya çıxır - bu idarə təsis olunana qədər həmin quyulara servis xidmətini kim göstərirdi? Axı dəqiq məlumdur ki, bu idarə məxsusi olaraq Mirzalı Behbudov üçün yaradılmışdır. Artıq qeyd olunduğu kimi, bu məmur 2007-ci ilə qədər Ağdam rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi vəzifəsində işləyib. Lakin Mirzalı Behbudovun öz vəzifəsinin öhdəsindən gələ bilməməsi səbəbindən o, həmin vaxt Ağdam RİH-nin başçısı olmuş Həsən Sarıyevin təzyiqləri nəticəsində işdən çıxarılıb. Belə ki, o zaman yerli sakinlər və fermerlər rayonun Subartezian Quyuların İstismarı İdarəsinin rəhbərliyi tərəfindən ciddi qanun pozuntularına yol verildiyinə dair RİH-nə davamlı olaraq şikayətlənirdilər. Şikayətlərdə göstərilirdi ki, idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Köhnə quyuların bərpası və təmir işləri də yarımçıq görülür. Həmçinin şəxsi təsərrüfat sahibləri iddia edirdilər ki, idarənin işçiləri yerlərdə müxtəlif özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Həmçinin vurğulanırdı ki, Mirzalı Behbudov tərəfindən idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına geniş yer verilir. Məhz bütün bu amillər də Həsən Sarıyevi idarə rəisinin işdən qovulmasına nail olmağa sövq etdi. Bundan sonra Mirzalı Behbudov Bakıya gəlir və burada, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən, məxsusi olaraq bu məmur üçün, əslində ASC-nin strukturunda heç də nəzərdə tutulmayan yeni idarə, Subartezian Quyularına Sevis Xidməti İdarəsi yaradılır. İddialara görə, bu idarənin yaradılması Mirzalı Behbudova olduqca böyük məbləğə başa gəlir. Bu gün isə, həmin idarə çox böyük maliyyə əməliyyatlarının iştirakçısı kimi çıxış edir...
Belə olduğu təqdirdə görəsən niyə bugünkü gün ASC-nin rəhbərliyi zəruri olan struktur islahatlarına da məhz elə Subartezian Quyularına Sevis Xidməti İdarəsinin ləğvindən başlamasın?

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.