Daha bir təhsil ocağında biabırçı mənzərə - ŞİKAYƏT VAR

15-01-2016, 15:52           
Daha bir təhsil ocağında biabırçı mənzərə - ŞİKAYƏT VAR
Bu gün ölkənin ali və orta ixtisas məktəblərində davam edən qış imtahan sessiyası bəzi universitet və kollec tələbələri üçün əsil baş ağrısına çevrilib. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda xəbər verilir. Belə ki, manatın baş vermiş devalvasiyası fonunda bəzi təhsil müəssisə rəhbərləri elə özbaşınalıqlara yol verirlər ki, tələbələr üçün düşdükləri bu durumdan çıxış yolunu tapmaq, ən mürəkkəb imtahan suallarını cavablandırmaqdan da çətin olur. O cümlədən bizimdovr.az-a daxil olmuş yeni məlumatlarda, Bakı Texniki Kollecində də belə bir mürəkkəb vəziyyətin yarandığı bildirilir. Qeyd edək ki, bu təhsil müəssisəsinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci olmuşdur. Ola bilsin ki, bu islahat hansısa mütərəqqi məqsədlər nəzərdə tutularaq həyata keçirilmişdir. Lakin bu gün kollecdən təqdim olunan açıqlamalarda bu yeniliyin müəssisənin əvvəlki “iş prinsiplərində” heç bir dəyişikliyə səbəb olmadığı vurğulanır. Redaksiyamıza yeni daxil olan məktublarda da kolecdə yer almış çoxsaylı qanun pozuntuları və çeşidli neqativ hallardan bəhs olunur. Məlumata görə, kolecdə rüşvətin yığılması işində yenə də sinif nümayəndələri vasitəçi rolu oynayırlar. Yəni, onlar tələbələrdən yığılmış toplam pulu müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Müəllimlər də ümumi məbləğdən paylarına düşəni götürüb qalan hissəni şöbə müdirlərinə verirlər. Onlar isə öz növbələrində, həmin pulları kollecin direktoru Fərrux Məmmədova təqdim edirlər. Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Fərrux Məmmədov Bakı Texniki Kollecində direktor müavini vəzifəsində çalışırdı. Lakin elə həmin vaxtlardan Fərrux müəllim kollecin idarəçiliyini öz əllərinə ala bilmişdi. Həm də maraqlıdır ki, Fərrux Məmmədov bu dövlət təhsil müəssisəsinə hər zaman “doğma” münasibət bəsləyib. Yəni direktor (əvvəllər isə müavin) hər zaman bu kolleci öz şəxsi obyekti kimi istismar edib. Hələ bir müddət əvvəl Fərrux Məmmədovun kollecin birinci mərtəbəsini avtomobil təmiri müəssisələrinə icarəyə verməsi böyük qalmaqala səbəb olmuşdu. Bu barədə ətrafda yaşayan sakinlərin mətbuata verdikləri açıqlamalar da olduqca böyük maraq doğururdu: “Mən beş ildir ki, burda yaşayıram. Bu obyektlər də mən bura köçəndən burdadır. Bəlkə də daha öncədən də fəaliyyət göstərir. Amma heç doğru bir şey deyil. Təhsil ocağında avtomobil təmir edirlər. Gülməlidir, həqiqətən çox gülməlidir. İkinci mərtəbədə şagirdlər dərs keçir, birinci mərtəbədə kimsə dəmir döyəcləyir. Yuxarılar görmürlər ki, kollecin bir hissəsi təmirxana olub? Tamamilə biabırçılıqdır, belə şey olmaz. Onsuz da təhsil sistemimiz bərbaddır, rüşvətxorluq baş alıb gedir. İndi də təhsil ocaqlarını obyektə çevirib, ciblərini doldururlar. Hər şeydən pul qazanmağı bacarırlar...” Amma təbii ki, burada təhsil alan tələbələri daha çox narahat edən məqam bilavasitə təhsil prosesi ilə bağlıdır. Bu barədə KİV-ə öz rəylərini bildirən bəzi tələbələr kollecdə həqiqətən biabırçı durumun yarandığını gizlətmirlər: “Kollecimizdə rüşvət baş alıb gedir, qanunsuzluqlar bizi boğaza yığıb. Görün, hansı vəziyyətdir ki, biri-birimizlə dərslərdən danışmaq əvəzinə, hansı imtahanda, hansı müəllimə nə qədər rüşvət verəcəyimizdən danışırıq. Hər imtahanda pul verməkdən nə cibimizdə bir qəpik pul qalıb, nə də valideyinlərimizdən pul istəməyə üzümüz. Pul almaq üçün başımıza min oyun açırlar...” Fərrux Məmmədovun müavin işlədiyi dövrdə orta hesabla bir tələbə semestri 350-400 manat xərclə başa vururdusa, onun bu kollecə direktor təyin olunmasından sonra bu qiymətlər də qalxaraq 500-600 manat civarında müəyyənləşdi. Bu gün isə, bizimdovr.az-a daxil olan açıqlamalarda artıq manatın devalvasiyası ilə əlaqədar Bakı Texniki Kollecində də imtahan pullarının xarici valyutada tələb olunduğuna dair məlumatlar öz əksini tapmaqdadır...

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.