Dövlət Baytarlıq Nəzarəti Xidməti rayonlarda gözə kül üfürür - Bakını və Sumqayıtı nəzarətsiz qoyub...

17-01-2016, 20:22           

Dəyərli oxucular, hər zaman prezidentin xəbərdarlığından sonra əl - ayağa düşərək kosmetik tədbirləri ilə ürəkbulandıran məmurların daha bir ucuz müştəbehliyinin ifşası barədə sizləri məlumatlandırmaq üçün maraqlı fotosübut əldə etmişik.

Sizlərə təqdim edilən bu fotoları Moderator.az - ın əməkdaşı təsadüfən Sumqayıtda "Karvan" Ticarət Mərkəzinin qarşısında çəkib. Həmin ətin elə həmin "Karvan"ın birinci mərtəbəsindəki bazara aparıldığı bəlli olub.

İndi siz bu fotlara baxdıqdan sonra bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yaydığı press - relizi oxuyun və özünüz üçün nəticə çıxarın, Ağstafada mənşəyi bilinməyən ət axtaran baytarlar Bakıda və Sumqayıtdakı acınacaqlı vəziyyətdən nə əcəb xəbərsiz olublar...?

...Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və onun yerli qurumları tərəfindən reydlər davam etdirilir.

Yanvarın 16-da belə bir reyd DBNX-nin Ağstafa rayon Baytarlıq İdarəsi tərəfindən aparılmışdır. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Ağstafa rayonunun Poylu ərazisində 3 baş kəsilmiş donuz cəmdəyi Azərbaycan vətəndaşı Abbasov Şəmkir Əjdər oğlu tərəfindən "Jiquli-07" markalı 25 BF 883 dövlət nömrə nişanlı avtomobildə daşınarkən aşkar edilmişdir.

Heyvan cəmdəklərinə baxış keçirilərkən onların mənşəyi və sağlamlığı haqqında baytarlıq arayışının olmadığı məlum olmuşdur. O da məlum olmuşdur ki, donuz cəmdəklər Gürcüstan ərazisindən ölkəmizə gətirilib.

Cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək laboratoriyaya göndərilmişdir.Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər həm Bakı şəhərində, həm də bütün bölgələrdə mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.