Ziya Məmmədovun çöküş dövrü - YARIDAN DÖNÜŞÜ OLMAYAN ZİYAN

17-01-2016, 23:33           

Ötən ilin payız aylarından bəri, Ziya Məmmədov və onun nazirliyinin necə “deqradasiya”ya uğramasının şahidi oluruq. Minlərlə nazirlik işçisi ixtisara salınır, yüzlərlə əməkdaş isə “öz hesabına məzuniyyət”ə göndərilir… Əvvəlcə, Nəqliyyat Nazirliyinin səlahiyyətləri və bəzi qurumları əlindən alındı, daha sonra isə Ziya Məmmədova bağlı şirkətlərin bir-bir bağlanması, ya da vergi yoxlamalarına məruz qalması haqda xəbərlər gəldi. Vergilər Nazirliyi “Qarant sığorta”, “Avtomobil Yük Daşımalarının təşkili” MMC kimi şirkətləri ləğv etdi. Bu günlərdə isə Ziya Məmmədovun Göyçaydakı villasını milyarder Fərhad Əhmodovun bacısına satması barədə məlumat dərc olunmuşdu.
Ziya Məmmədovun çöküş dövrü -
Hətta “Azəryolservis”dən yaxın adamlarının, o cümlədən, qardaşının kürəkəni olan Cəmil Rüstəmxanlının da çıxdaş olunması saytları “bəzədi”. Düzdür, bu xəbərlər arasında bəzi “dezo”lar da oldu: ay Ziya Məmmədovu tutdular, ay əmr imzalanıb… Amma Ziya Məmmədov hələ də kabinetində oturub. Və istədiyi vaxt katibəsinə zəng edib özünə çay, qəhvə, hətta viski də sifariş edə bilər. Bəs başqa? Deyəsən, daha heç nə… Bəs hardadır o qoçular? Qohumunu, qonşusunu hardasa düşürdüb-mindirən istənilən sürücünü boğmağa hazır olan həmin qoçular sevimli nazirlərinə arxa çıxmayacaqmı? Onu şərdən, xəta-bəladan, mətbuatın hücumundan qorumayacaqmı? “Aləm gözəl, dünya gözəl” deyib dingildəyən gözəlçələr də məmmədovlardan üz döndərdimi?.. Sən dövlətin, kasıb-kusubun pulunu ailə biznesinə, dəbdəbəyə, əyləncəyə, özünüreklama xərcləyəcəksən… Bəs sonra? “Sonra”sı haqqında bir az sonra danışarıq.

Qayıdaq yazının əvvəlindəki “deqradasiya” söhbətinə. Məsələ ondadır ki, bu nazirlik elə Ziya Məmmədovun nazir təyin olunduğu gündən deqradasiya, aşınma dövrü yaşayır. Böyük layihələri qardaşının-oğlunun şirkətlərinə gördürən, bir yolu 5 dəfə söküb-tikdirən, gördüyü işlərdən birinə görə də cəmiyyət tərəfindən alqışla qarşılanmayan Ziya Məmmədov indi aşına tökdüklərini qaşığında görməyə başlayıb. Hətta bəziləri haqlı olaraq gözləyirlər ki, Ziya Məmmədov “son nəqliyyat naziri” kimi tarixdə qalacaq. Yəni, bununla da Ziya Məmmədov gedəcək hansısa xarici ölkəyə, ən yaxşı halda vaxtını nəvələri ilə oynamağa sərf edəcək.

Məncə, bu, Ziya Məmmədova daha çox yaraşardı. Fərsiz nazir olmaqdansa, işsiz baba, ailə ağsaqqalı olmaq, bir guşəyə çəkilib memuarlar yazmaq daha yaxşıdır. Təxminən 3 il bundan əvvəl 3 hissədən ibarət “İki lokomotivçi Məmmədovun taleyi” adlı yazı yazmışdım,ancaq o yazıda Ziya Məmmədovu tənqid və ya təhqir etməyib, hətta onu qəhrəman obrazında ictimaiyyətə təqdim etmişdim. O vaxt bunu ona görə etmişdim ki, Ziya Məmmədov digər Məmmədovu (Vahid Məmmədov) işdən qovsa da, 8 ildən sonra ona yenidən vəzifə verib, bu cür hərəkəti ilə ona qarşı vaxtı ilə etdiyi günahları Tanrı qarşısında yumaq istəyib.Düzdür, nazir köhnə dostu Vahidi “məhv” etdikdən 8 il sonra onu nazirliyə şöbə müdiri gətirib, amma yaşanılanlar bir film kimidir…

Oxuculara da maraqlı gələr. Təxminən 1996-cı ildə Ziya Məmmədovun Azərbaycan Dəmir yolu idarəsinin rəisi təyin olunandan sonra ikinci Məmmədov, yəni Vahid Məmmədov o vaxtlar Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin (hazırkı “ Azərbaycan Dəmir Yolları” QSC) tərkibində fəaliyyət göstərən Bakı Dəmiryolu Hissəsinin rəisi vəzifəsində çalışırdı. Hətta Vahid Məmmədov Ziya Məmmədovla birlikdə cavanlıq illərindən üzü bəri lokomotiv deposunda maşinistlikdən fəaliyyətə başlamışdılar. Və Ziya Məmmədov Dəmiryolu İdarəsinin rəisi vəzifəsinə təyin olunan kimi, Vahid Məmmədov Bakı hissəsinin rəisi vəzifəsinə aid bütün səlahiyyətlərini itirməyə başladı.

Yəni ,bir sözlə, Vahid Məmmədov Bakı hissəsinin rəisi qalsa da, Ziya Məmmədov tərəfindən demək olar ki, hər gün yeni əmrlər imzalanırdı ki, Vahid Məmmədovun rəhbərlik etdiyi Bakı hissəsinin tərkibində olan idarələr Bakı hissəsindən ayrılaraq Azərbaycan Dəmiryolu idarəsinin tərkibinə keçirilsin. Axırda Ziya Məmmədov Bakı hissəsi ilə bağlı o qədər əmr imzaladı ki, Vahid Məmmədov xidməti otağında səlahiyətsiz, katibə və xidməti avtomobilinin sürücüsü ilə tək-tənha qaldı.

Ziya Məmmədovun üfüqdəki acı nəsibi

Tək-tənha deyəndə Ziya Məmmədovun indiki vəzifədə olan durumu yadıma düşdü. Deyəsən, indi nəqliyyat sektorundakı vəziyyət də Vahid Məmmədovun durumuna bənzəmək üzrədir…

Oxucuların nəzərinə çatdırım ki, o vaxtlar Azərbaycan Dəmiryolu İdarəsinin tərkibində fəaliyyət göstərən Bakı hissəsinin səlahiyyətləri bir nazirliyin səlahiyyətləri qədər idi. Və “qurum içində qurum” olmasına baxmayaraq, yetərincə muxtar şəkildə idarə olunurdu. Bakı Hissəsinə rəis keçmək çox lokomotivçinin arzusu idi.

Yəni, o illər Bakı Hissəsinin tərkibində dəmiryol xətti ilə Şimaldan – Yalama dəmir yolu stansiyasından tutmuş Astara və İmişliyədək dəmir yoluna nə aiddirsə, hamısı Bakı hissəsinin tabeçiliyində iydi. İndi də Ziya Məmmədovun bu günkü durumuna baxanda, 90-cı illərdə Vahid Məmmədovun başına gətirilənlər yada düşür.

Bir vaxtlar kiminsə əlindən səlahiyyətlərini alanda qərək gözünün qarşısına gətirərdin ki, vaxt gələcək mənim də səlahiyyətlərimi alacaqlar ,özü də lap Vahid Məmmədov kimi səlahiyyətsiz xidməti otaq, katibə və xidməti avtomobilin sürücüsü ilə təkbətək qalacam. O, vaxtilə, ona vəzifəyə gəlməkdə köməklik edən tanınmış biznesmen Bəhram Yaradanquliyevə qarşı da belə etmişdi. Ancaq o illər Bəhram Yaradanquliyev yaxşı dostlarının hesabına və kasıb camaata komək etdiyinə görə, Ziya Məmmədovun qara piar kampaniyasından və o vaxtkı durumdan salamat qurtara bildi. Ancaq Ziya Məmmədovun bu durumdan salamat qurtarma məsələsi, hələ ki, sual altındadır. Hələ gözləyirik… Hörmətli nazir də gözləyir. Təntənə ilə təqaüdə göndəriləcəyi o gözəl günü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.