Azərbaycanda bu da oldu... - Cərciz peyğəmbər ziyarətgahını bazara çeviriblər

18-01-2016, 17:19           
Azərbaycanda bu da oldu... - Cərciz peyğəmbər ziyarətgahını bazara çeviriblər
Məlum olduğu kimi, Azərbaycanda ən çox məşhur olan ziyarətgahlardan biri də Beyləqandakı Cərciz peyğəmbər piridir. Bu tanınmış ziyarətgah rayonun Şəfəq qəsəbəsində yerləşir. Diqqətə layiq haldır ki, bu müqəddəs ocağın ziyarətinə təkcə Azərbaycanın digər bölgələrindən deyil, eləcə də İran, Rusiya və bir çox başqa ölkələrdən də müsəlmanlar gəlirlər. Bu günlərdə bizimdovr.az-a daxil olmuş məlumatlarda isə, bu müqəddəs məkanın bir qrup şəxs tərəfindən əsil gəlir mənbəyi kimi istismar olunduğu bildirilir. Bu xüsusda aldığımız açıqlamada deyilir: “Əvvəllər bu ziyarətgahın rəhbəri Hacı Cəfərqulu idi. Həm də bu şəxs uzun illər ərzində bu vəzifəni icra edib. Həmin illər ərzində də Hacı Cəfərqulu həmişə insanların pirə gətirdikləri nəzir-niyazdan kasıb-kusuba, ehtiyacı olanlara əl tutub, yardım edib. Amma bir müddət bundan əvvəl bu insanı ziyarətgahdan uzaqlaşdırıb, onun yerinə Mirsəccad İmranov adlı başqa birisini qoydular. Bildiyimizə görə onu bu vəzifəyə Qafqaz Müsəlmanları İdarəsinin Təftiş şöbəsinin müdiri Vəfadar Əliyev təyin edib. Təyinat da deyəndə ki, bu əslində qeyri-rəsmi təyinatdır. Çünki bir qurum kimi ziyarətgahın rəsmi sənədləri yenə də Hacı Cəfərquludadır. Amma buraya gələn nəzir-niyaz artıq M.İmranovun tam nəzarətinə keçib. Nəzir-niyaz deyəndə elə başa düşməyin ki, burada söhbət hansısa qəpik-quruşdan gedir. Əslində bu ziyarətgahdan əldə olunan “gəlirlərə” bir çox kommersiya obyektləri həsəd apara bilər. Təsəvvür edin ki, təkcə bura gələn qurbanlıq quzuları kəsən qəssaba ayda iki min manat məvacib verilir. Bunun müqabilində isə, qəssab hər qurbana görə ziyarətçilərdən aldığı 10 manat məbləğində “halallığı” buranın rəhbərliyinə təhvil verir ki, bu da 4000 manatdan az olmur. M.İmranovun ziyarətgaha təyinatından çox keçmədi ki, o, özünə rayonda iki dəbdəbəli villa da tikdirdi. Başqa cür ola da bilməzdi. Çünki pirə gələn ianələrin, nəzirlərin təkcə bir ay ərzində yığılan məbləği ən azından yüz min manata çatır. Əlbəttə ki, ay ərzində həmin pula əl dəyilməsə. Amma belə də olur. Belə ki, indiki rəhbərliyin vaxtında nəzir qutularının açılaraq oradan müəyyən “xərcliyin” götürülməsi halları tez-tez baş verir...” Daha sonra aldığımız məlumatda bildirilir ki, son vaxtlar ziyarətgahda baş verən bu kimi neqativ hallar ətraf ərazilərdə yaşayan yerli sakinləri də ciddi şəkildə narahat etməklə, Beyləqan rayon rəhbərliyinin də diqqətini cəlb edib. Buna görə də rayonun rəhbərliyi Qafqaz Müsəlmanları İdarəsinə ziyarətgaha yenidən Hacı Cəfərqulunun rəhbərliyə qaytarılmasının məqsədəuyğunluğunu nəzərdən keçirmək xahişi ilə müraciət edib. Lakin deyilənə görə, ziyarətgahdan əldə olunan “gəlirlərdə” özünün də payı olan Vəfadar Əliyev baş verənlər barədə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəni düzgün məlumatlandırmır. Bu səbəbdən də Cərciz peyğəmbər ziyarətgahında vəziyyətin normallaşacağını hələ çox gözləmək lazı gələcək...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.