Ağstafada korrupsiya baş alıb gedir - ARAŞDIRMA

18-01-2016, 20:39           
Ağstafada korrupsiya baş alıb gedir - ARAŞDIRMA
İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevdən məlum qanunlara sayqısızlıq: suallarımızı cavablandırmaqdan yayınır

Ağstafa rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev fəaliyyəti dövrü mətbuatda ən çox tənqid olunanlar sırasındadır. İcra başçısı ilə bərabər müavini Ramiz Tatarov da ciddi ittihamların hədəfi olub...

Bir müddət əvvəl mətbuatda yayılan belə məlumatlardan birində deyilirdi ki, “Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə xəbərdarlıq edilib. Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib. Hesabata əsasən, Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə Hesablama Palatasına daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib”.
Məhərrəm Quliyevin dövlət vəsaitini mənimsəməsi ilə bağlı xeberinfo.com-a yeni məlumatlar daxil olub. Məlumatlarda cənab Quliyevin 2014-cu ildə Ağstafa şəhərində abadlıq və təmir adı ilə yol verdiyi yeyintilərdən bəhs olunur...

Vay rayonun vəzifəli şəxslərinin halına

Məlumata görə üzə vurmağa cürətləri çatmasa da, Ağstafa rayonunda əksər vəzifəli şəxslər Məhərrəm Quliyevin əlindən “qan ağlayır”. Səbəb sadə və üzücüdür: icra başçısı müxtəlif adlarla ayrılmış büdcə vəsaitini..., əvəzində isə nəzərdə tutulmuş işlər rayondakı biçarə vəzifə sahiblərinin üzərinə düşür. Onlar da seçim qarşısında qalmalı olurlar: ya icra başçısının tapşırığı yerinə yetirilməlidir, ya da vəzifələrinə “əlvida” deməlidir. Nə isə,..
teref.az yazır ki, xeberinfo.com daxil olan məlumatda 2014-ci ildə rayon mərkəzində çoxmərtəbəli yaşayış binalarının təmiri üçün 159 193 manat, digər abadlıq işlərinə isə 504 673 manat dövlət vəsaiti ayrılıb. Amma,... bu layihəni həyata keçirmək üçün Məhərrəm Quliyev rayonda məlum mənada məşhur olan Yaşar Aslanovla “işləməyə” üstünlük verir. Məlumata görə Yaşar Aslanovun MMC-nin adını özündən və şəriklərindən başqa bilən yoxdur. Başqa sözlə bu MMC-nin sadəcə kağız üzərində olduğu bildirilir. Nədənsə, icra başçısı da seçimində daha çox Yaşar Aslanova üstünlük verir(?)
Rayondan aldığımız məlumatlarda icra başçısının bu və digər əməllərinin yuxarılara çatdırıldığı da bildirilir. Lazımı dairələrin, lazımı ölçünü götürməməsi isə rayon sakinlərində anlaşılmazlıq kimi qəbul olunur...
Məlum olduğu kimi, dövlət başçısı cənab İlham Əliyev bütün fəaliyyəti dönəmində, xüsusi ilə də son zamanlar məmur özbaşınalığına, dövlət vəsaitinin mənimsənilməsinə qarşı ortaya kəskin mövqe qoyur. Təəssüf ki, hələ də bəzi dövlət məmurları öz ampluasından ayrıla bilmir.
Biz məlum qayda və prinsiplərə uyğun olaraq bu məlumatlarla bağlı Məhərrəm Quliyevə sorğu da ünvanlamışdıq. 15. 12. 2015-ci il tarixli 063/015-№-li sorğumuza bugünə qədər cavab ala bilmirik. Bir aydan da artıq vaxt keçməsinə baxmayaraq, cənab Quliyev KİV Haqqında və Məlumat Azadlığı Haqqında qanunlara yumşaq desək sayqısızlıq göstərərək məktubumuzu cavablandırmadı. Səbəb sadəcə sayqısızlıqdır, yoxsa,...yazılası cavabın olmaması?
Mövzu diqqətimizdədir.
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.