Həsən Ələkbərov Səlim Müslümovun tapşırıqlarını qulaqardına vurur
18-01-2016, 22:08
Bu gün ölkə əhalisinin güzəranının yaxşılaşması, yoxsulluğun azaldılması istiqamətində mühum işlər görülür. Sosial sahənin inkişafı, əhalinin aztəminatlı ailələrinə dövlət qayğısının artması atılan addımların bir hissəsidir. Lakin bu gün dövlət tərəfindən görülən tədbirlərdən öz xeyirlərinə istifadə edənlər də az deyil. Xüsusilə də Azərbaycanın bir sıra rayonlarındakı dövlət qurumları öz mənafelərini güddüklərinə görə əhalinin sosial durumunu pis hala salıblar. Belə rayonlardan biri də Zəngilan rayondur.
Çünki günbəgün artan şikayətlər bunu deməyə əsas verir. Belə mərkəzlərdən biri də Zəngilan rayon əhalinin sosial müdafiə mərkəzidir. Mərkəzi öz qanunları ilə idarə edən Həsən Ələkbərov vəziyyəti dözülməz həddə çatdırıb. Əhaliyə xidmətin aşağı düşməsi, vətəndaşlardan gərəksiz sənədlərin tələb olunması, bürokratik mühitin yaradılması adi hala çevrilib. Daxil olan şikayətlərdə bildirilir ki, ünvanlı sosial yardım alan vətəndaşlardan kartların saxlanılması və bu yolla aztəminatlı vətəndaşlardan külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi halları baş vermişdir.
teref.az yazır ki, azerinfo.az -a verilən məlumatlarda bildirilir ki, imkanı olan vətəndaş minimum 500-1000 manat verdikdən sonra ünvanlı sosial yardım almaq imkanı əldə edir. "Təqdirəlayiq" işlər ancaq və ancaq Həsən müəllimin etibar etdiyi adamlar həyata keçirir.
İşsiz sakinlərin ümid yeri ünvanlı sosial yardım olsa da, onlar hələ bugünkü günə qədər ünvanlı sosial yardımdan bəhrələnə bilməyiblər. Görülən tədbirlər nəticəsində vətəndaşlara diqqət artırılsa da, bəzi yerlərdə hələ də, qanunsuzluq edən məmurlar qalmaqdadır. Mərkəzdə bəzi məsul şəxslər vətəndaşları süründürməçiliyə salır, onları bezdirir, insanlıqdan kənar əməllərə yol verirlər.
Zəngilan rayon ƏSMM-də imkansız, maddi durumu ağır olan vətəndaşlara ünvanlı sosial yardımların verilməsi zamanı onlara hədsiz problemlər yaradılır. Bununla yanaşı, mərkəzdə saxta sənədlərlə təqaüd alınması, vəfat etmiş və ya ümumiyyətlə, mövcud olmayan şəxslərin adına sosial yardımların verilməsi ilə bağlı ciddi nöqsanlar var. Hətta vəziyyət o yerə çatıb ki, mərkəzin direktoru heç kimi saymır, öz bildiyini edir. Əldə olunan məlumatlara görə, sosial yardımlar indi də köhnə qayda ilə verilir. Zəngilan rayonunda kifayət qədər imkansız, kasıb ailələr var. Onlara qanunla yardım düşsə də, ancaq dövlətin ayırdığı müavinətləri ala bilmirlər. Sənəd bəhanəsi ilə camaata süni problem yaradırlar ki, həmin müavinətləri ala bilməsinlər. Daha sonra deyilənə görə, Həsən Ələkbərovun qəbuluna belə düşmək olmur. Düşənlər də kor-peşman geri qayıdırlar. Yardım ala bilməyən insanlar isə buna narazılıqlarını bildirəndə sədr onları hədələyir.
Çox təəssüflər ki, baş verən hadisələr onu göstərir ki, ölkəmizdə bu sahəyə nə qədər nəzarət edilsə də, bu kimi durumların qarşısını tam almaq olmur. Və bu səbəbdən də bəzi məmurlar istədikləri kimi hərəkət edirlər. Yalnız öz mənfəətlərini güdür və aztəminatlı ailələr üçün ayrılmış vəsaitə belə göz dikirlər. Ümid edirik ki, lazımi qurumlar Zəngilan rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaşananlarla bağlı ölçü götürəcək.
P.S Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.