“Qarabağ Taxıl” MMC – dən Prezidentə şikayət olundu: “Xocavənddə “ƏJDƏHA” suyun qarşısını kəsib”

26-08-2020, 08:54           
“Qarabağ Taxıl” MMC – dən Prezidentə şikayət olundu: “Xocavənddə “ƏJDƏHA” suyun qarşısını kəsib”
Bu günlərdə bir qrup Xocavənd qəsəbə sakinləri ölkə Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Onlar bildirirlər ki, “Səba-Qarabağ Taxıl” MMC-nin yerli filialının direktoru Fikrət Abdullayev bir “ƏJDAHA” olub suyun qarşısını kəsib. Kanalın suyunu Haramı düzündə özlərinə məxsus sahələrə yönəldib. Qəsəbə sakinləri qalıb sussuz. Həyətimizdə əkib becərdiyimiz məhsullarımız isə susuzluqdan məhv olur. Ağaclar quruyub.

RealMedia.az olaraq həmin müraciəti olduğu kimi dərc edirik:

“Cənab Prezident!
Sizin sərəncamınızla 2012-ci ildə “Səba” ASC-nin törəmə müəssisəsi olan “Qarabağ Taxıl” şirkəti (MMC) yaradılmışdır. Şirkətin yaradılmasında məqsəd regionda əhalinin işlə təmin olunması və ölkədə taxıl bolluğunun təmin edilməsidir. Lakin hal-hazırda şirkət təkcə taxıl yox, həm də başqa məhsullar, qarğıdalı, soya istehsal edir. Bundan əlavə, bu MMC-nin yerli filialının rəhbəri Fikrət Abdullayevin tanışları, dostları tərəfindən Haramı Düzündə min hektarlarla soğan əkilmişdir. Qeyd edəki, soğan sahələrinin suvarılması üçün F. Abdullayev öz nüfuzundan istifadə etməklə Füzuli Yuxarı Mil-Muğan Hidroqovşağın əraziyə gələn suyunu özünə münasib bildiyi adamların sahələrinə axıdılmasına nail olur. Kanalın bütün suyu Haramı düzündə konkret sahələrə verilir. Sıravi adamlara məxsus sahələrlə yanaşı Xocavənd qəsəbəsində sakinlərə məxsus həyətyanı sahələr də susuzluqdan məhv olmaq təhlükəsi ilə üz-üzədir. Füzuli Yuxarı Mil-Muğan Hidroqovşağının tabeliyində olan Yuxarı Mil kanalından ayrılıb qəsəbənin mərkəzindən keçən azhəcmli su kanalı tamamilə qurudulub. Əhali artıq bu susuzluqdan ciddi əziyyət çəkir. Bar və kölgəlik üçün əkilmiş ağaclar tamamilə quruyur, toyuq-cücə, mal-qara susuzluqdan əziyyət çəkir.
Cənab Prezident! Onu da deyək ki, müxtəlif mövsümlərdə Xocavənd ərazisində Fikrət Abdullayev və onun yaxınları çuğundur, soğan, taxıl, arpa, yonca, qarğıdalı, soya və sayrə bu kimi bitkilər əkdiyi zaman, sıravi vətəndaşlar, kiçik fermerlər, fərdi təsərrüfat sahibləri öz sahələrinin növbəti dəfə susuzluqdan məhv olacağına əmin olsalar da, Sizə və təbiətin rəhminə ümid edib əkinə qol çırmayırlar. Xahiş edirik, bizim problemimizin həlli üçün lazımi ünvanlara göstəriş verəsiniz.
Hazırda Xocavəndin coğrafi baxımından yuxarı hissəsindən Yuxarı Mil kanalı Haramı istiqamətində, aşağı tərəfindən isə Aşağı Mil kanalı su ilə tam dolu vəziyyətdə Ağcabədi istiqamətində axır. Səbəbi isə… Sizə yazdığımız kimidir… Fikrət Abdullayevin və yaxın ətrafının kimlərəsə, hətta Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə yaxınlığı və ya ona yaxın olmaq üçün “yol tapması”dır. Bizim isə ən yaxın adamımız Sizsiniz.”
P.S. Xatırladaq ki, Prezident İlham Əliyevin 2005-ci ildə verdiyi tapşırığa əsasən, Füzuli rayonunda Harami düzü ərazisində Yuxarı Mil kanalının 3,6 kilometr hissəsinin bərpa olunması nəzərdə tutulurdu. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ayrılmış vəsaitin müqabilində kanalın 4,23 kilometrlik hissəsinin tikintisini başa çatdırıb və istismara verib.

RealMedia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.