İcra başçısı və müavininə qarşı ittiham VAR

29-04-2015, 13:00           
İcra başçısı və müavininə qarşı ittiham VAR
Mövzuya dair dərc etdiyimiz ötən materiallarda da biz dəfələrlə qeyd etmişdik ki, bu gün rayon rəhbərliyinin fəaliyyətindən çoxsaylı narazılıqların əks olunduğu şikayət məktublarının ölkə mətbuatına ünvanlandığı bölgələrimizdən biri də Ağstafa rayonudur. Bu xüsusda rayondan aldığımız məlumatlarda da qeyd olunur ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin və onun müavinlərinin yol verdikləri əsas qanun pozuntularından biri torpaq satışı ilə bağlı maxinasiyalardır. Mənbələrin bu barədə verdikləri açıqlamalara görə, hazırda Ağstafa rayonunun mərkəzində yerli sakinlər ev tikmək üçün torpaq sahəsi tapa bilmirlər. Səbəb isə budur ki, qonşu Tovuz və Qazax rayonlarının imkanlı adamları Ağstafa RİH-nin keçirdiyi özünəməxsus “torpaq hərraclarında” iştirak edərək bu rayonda geniş torpaq sahələrinə yiyələniblər. Ona görə də, ağstafalılar məcburiyyətdən yaxınlıqdakı kəndlərə üz tutaraq, oradan torpaq əldə etməyə çalışırlar. Daxil olan digər məlumatlara əsasən hazırda Ağstafa rayonunda müxtəlif sosial problemlər də bir sıra çətinliklər yaradıb. Bunlara misal olaraq təhsil, səhiyyə, yolların təmiri və əhalinin sosial müdafiəsi sahəsindəki nöqsanları göstərmək olar. Mənbələr bildirirlər ki, Ağstafa RİH-nin fəaliyyətində yer almış çoxsaylı korrupsiya hallarının həyata keçirilməsində xüsusi fəallığı ilə diqqəti cəlb edən məmurlardan biri də başçının müavini Aydın Hacıyevdir. İddialara görə son vaxtlar bu məmur özünü başçı Məhərrəm Quliyevə yaxın olan adam kimi göstərərək rayondakı mövqeylərini daha da möhkəmlətməyə çalışır. Rayon sakinlərini xüsusilə narahat edən əsas problemlərdən biri də Ağstafanın yolları ilə bağlıdır. Məlumatlarda bildirilir ki, rayon mərkəzi istisna olmaqla, bütün yollar yaman gündədir. Yağış, qar yağan kimi xüsusən kəndlərdə nəqliyyatın hərəkəti iflic olur. Palçıq əlindən tərpənmək mümkün olmur. Halbuki hər il dövlət büdcəsindən Ağstafada yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə böyük məbləğlərdə vəsaitlər ayrılır. Mənbələrin iddialarına görə məhz yol infrastrukturunun yenilənməsi məqsədlərinə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi üzrə törədilən maxinasiyalarda Aydın Hacıyevin xüsusi rolu vardır. Təsadüfi deyildir ki, bu yaxınlarda bu məmurun ailə üzvlərindən birinin, oğlu Naid Hacıyevin sosial şəbəkələrdə yayımladığı şəxsi fotolarla bağlı yaşanmış qalmaqal da rayon ictimaiyyəti tərəfindən “normal” qarşılandı. Başqa sözlə desək, xaricdə təhsil alan Naid Hacıyevin, keçirdiyi dəbdəbəli həyat tərzini özünün qürur obyektinə çevirməsin ağstafalıları elə də təəccübləndirmədi. Rayonda baş alıb gedən məmur özbaşınalıqları və bu əsasda yığılan haram pullar hesabına komfortlu həyat sürən bir məmur övladından başqa nə gözləmək olardı ki? Məlum olduğu kimi yayımlanan fotolarda Naid Hacıyevin eyş-işrət məclislərində keçirdiyi “gözəl anlar” qeydə alınmışdı. Ağstafada olan bəzi mənbələr isə iddia edirlər ki, əslində Aydın Hacıyevin özü də bu kimi əyləncələrdən, eyş-işrət məclislərindən uzaq olan adam deyil. Sadəcə olaraq, məmurun həyat təcrübəsi bu kimi faktların mümkün qədər gizlin saxlanması zərurətini anlamağa kifayət edir. Lakin buraxılan səhvə ata və ya oğul tərəfindən yol verilməsi elə də vacib deyil. Əsas budur ki, Naid Hacıyevin sürdüyü dəbdəbəli həyat tərzinin ağstafalıların qan-tər içində çəkdikləri zəhmət hesabına təmin olunduğu heç kəsdə şübhə doğurmur. Buna görə də ümid etmək olar ki, ən yaxın zamanda, baş vermiş olaya ölkə rəhbərliyi səviyyəsində müvafiq reaksiya veriləcəkdir. \\ bizimdovr.az \\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.