"Azəriqaz"da sayğac anlaşılmazlığı - FOTO
12-01-2021, 17:16

Xocahəsən qəsəbəsinin sakini ondan xəbərsiz "Azəriqaz"ın qaz sayğacını dəyişərək kartsız sayğac qoymasından narazılıq edir.
Bununla bağlı "MediaPost"a şikayət daxil olub.
Vətəndaş iddia edir ki, qurum əməkdaşları sayğacı dəyişərək mənim əvvəlki sayacda olan ödənişimi hesaba almayıblar:
"Xocahəsən qəsəbəsi yuxarı məhəllə tərəfədə "Azəriqaz"ın işçiləri bizim kartla ödəniş etdiyimiz sayğacı dəyişib, kartsız sayğac qoyub. Lakin kartla olan sayğacda 18 manat məbləğ var idi. Soruşdum ki, bəs o məbləğ necə olacaq? Dedilər ki, nə qədər ödəmisən, o qədər də yeni hesabına yükənəcək. Yeni sayğaca baxdım ki, sayğac fırlanıb. Dedim bəs o fırlanmış rəqəmlər necə olacaq? Cavabında bunun hesablanmayacağını dedilər. Yeni sayğacın kodunu istədim ki, ödənişlərimi edə bilim. Bildirdilər ki, buraya baxan sahə nəzarətçisi kodu verəcək. Bu məsələnin üzərindən 4 ay keçib, indi mənə çek gətiriblər, borcum 102.60 manat göstərir. Çekdə limiti keçdiyim göstərilir, amma mən neçə aydır, qənaətlə işlədirəm ki, limiti keçməyim. "Azəriqaz"ın qaynar xəttinə zəng edirəm, operator mənə düzgün cavab verə bilmir. Deyir ki, Nərimanovda "Azəriqaz"ın satış idarəsinə yaxınlaşın, orada araşdırsınlar. Mən istəyirəm ki, sahə nəzarətçisi yaxınlaşsın, şikayətimi deyim".
Məsələ ilə bağlı “Azəriqaz” İB-in sözçüsü Ceyhun Səfərov "MediaPost"a açıqlama verib.
"Abonent Ülvü Bağışov 2020-ci ildə Smart-kart tipli qaz sayğacı üçün 1700 m3 qaz yükləmiş ondan 1530 m3 nu istifadə edib. Qalıq 170 m3 (17 AZN) abonentin hesabına qaytarılıb. Mexaniki qaz sayğacı quraşdırılandan sonra 933 m3 qazdan istifadə edib. Bunun 670 m3 limit daxili (0.10 azn) ilə, 263 m3 isə limiti keçdiyi üçün (0.20 azn) ilə hesablanıb.
Hesabat 670 * 0.10 + 263 * 0.20 – 17 azn = 102.60
Abonent 2020-ci il ərzində 2463 m3 həcmində qazdan istifadə edib" - deyə o söyləyib.
Qurum sözçüsü onu da əlavə edib ki, aşağı tarifli limit həddi illik 2200 m3-dir.
