Polis polkovnikinin qardaşı vətəndaşlara 22 min manatlıq “atış” gəlib?

9-02-2016, 23:25           
Polis polkovnikinin qardaşı vətəndaşlara 22 min manatlıq “atış” gəlib?
Sabiq MTN polkovniki Vaqif Babayevin Anar Bağırov və onun polis polkovniki olan qardaşı İlqar Bağırovla münasibətləri də suallar doğurur

Dövlət sifarişi ilə aparılan müxtəlif inşaat və abadlaşdırma işlərində ya fəhlələrin, ya da inşaatı tikinti materialı ilə təmin edən şəxslərin vətəndaşları aldatması barədə məlumatlar mətbuatda vaxtaşırı olaraq dərc olunub. Qafqaznews.az olaraq, biz də bu və digər məsələ ilə bağlı şikayətləri işıqlandırmış, problemlərin həlli üçün araşdırma aparmışıq. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Xok kənd sakini Faiq Ələkbər oğlu Abdullayev 3 il əvvəl fırıldağa məruz qaldığını bildirib. O, şəriki Ziya Qəzənfər oğlu İsayevlə birlikdə inşaat materialı satdıqları adam tərəfindən aldadıldıqlarını qeyd edib. “Mən 2013-cü ilin yaz aylarında Bakıdan Zaqatala rayonuna dəfələrlə Güzdək daşı göndərmişəm.

Şərikim Ziya Qəzənfər oğlu İsayev isə həmin daşları zəlzələdən zərər çəkən evlərin və binaların bərpası işlərində çalışan briqada başçısı Anar Tofiq oğlu Bağırova satıb. O, bir müddət pulumuzu az-az versə də, sonradan pulumuzu verməkdən imtina edib”, – deyə şikayətçi bildirib.

F.Abdullayev deyib ki, 3 ildir heç bir şəkildə borclarını o şəxsdən ala bilmirlər. Onun şəriki Ziya İsayevlə əlaqə saxladıq, o da öz növbəsində bildirdi ki, Anar Bağırov Zaqatalanın Çobançöl və Qımırbazar kəndlərində inşaat işləri üçün 22 maşın daşın pulunu ödəməyib: “Bildiyimə görə, o, Vaqif müəllimin rəhbərliyi altında, “Azbentonit” şirkəti üçün çalışırdı. Əslində, bizə borcu 26 min manata yaxın idi. Lakin sonradan hər daşı 70 qəpikdən yox, 65 qəpikdən hesablatdırıb, borcun məbləğini azaltdı. Mən 2013-cü il aprel ayında Zaqatala RPİ-yə gedib ərizə yazdım, sonra özünü tapıb birlikdə Polis İdarəsinə getdik. Orda Anar izahat verib dedi ki, 10 günə bizə 22 min 200 manat pulu çatdıracaq”.

Lakin aldadılan vətəndaşlar qeyd edirlər ki, sonradan Anar Bağırov da, onun polisdə yazdığı izahat da yoxa çıxır. “Mənə dedilər ki, onun qardaşı DİN-də Maliyyə-Plan İdarəsində yüksək vəzifədə işləyir, bu işin üstünə çox gedə bilməzlər”.

Faiq Abdullayevin sözlərinə görə, sözügedən şəxs polis polkovniki İlqar Tofiq oğlu Bağırovdur və o, öz qardaşına havadarlıq edərək, aldadılan vətəndaşların haqqının tapdalanması faktını ört-bastır etməyə çalışıb. Şikayətçi bu yaxında ortaq tanışlar vasitəsi ilə İlqar Bağırova xəbər çatdırdığını, onun isə “verəcək” deyə məsələni bağladığını qeyd edib “Üç ildə hissə-hissə o pulu versəydi, mən də borca girməz, maşınımı satmazdım. Altmış yeddi yaşlı qoca atamın adına kredit götürmüşəm, krediti vaxtında ödəyə bilmirəm. Eşitdiyimə görə, Anar qardaşı tərəfindən Qazaxıstana qaçırılıb, əməlləri isə ört-bastır edilir. Bizim səsimizi heç kim eşitmir. Xahiş edirəm, bu problemin işıqlandırılmasında və həllində bizə dəstək verəsiniz”, – deyə F.Abdullayev vurğulayıb. Bu məsələ ilə bağlı araşdırma apararkən, başqa mənbədən bəzi ilginc məlumatlar əldə etdik.

Belə ki, Anar Bağırovun “prorab” kimi çalışdığı işlərə rəhbərlik edən “Vaqif müəllim” tam adı-soyadı ilə Vaqif Babayevdir. “Bu, həmin Vaqif Babayevdir ki, vaxtilə həm MTN-də Dəmiryolu şöbəsinin baş əməliyyat müvəkkili, həm də Dövlət Dəmiryolu İdarəsinin rejim üzrə rəis müavini vəzifələrini tutub. Lakin onun Ziya Məmmədovla yaxın əlaqələrindən şübhələnən sabiq nazir Namiq Abbasov 2004-cü ildə Babayevin işlərində xidməti yoxlama keçirilməsini əmr edib və özünü həbs etdirib. Ziya Məmmədovun xahişi ilə, Vaqif Babayev qızının toyuna görə 1 günlük həbsdən azad edilmiş, toydan sonra isə həbs və xidməti yoxlama yenidən bərpa olunmuşdu”.

Mənbə əlavə edir ki, Vaqif Babayevin həbsindən 2 ay sonra Namiq Abbasov vəzifəsindən getmiş, onu əvəzləyən Eldar Mahmudov isə Ziya Məmmədovun xahişi ilə Vaqif Babayevi azad etmişdi. “Vaqif Babayev sonrakı illərdə “Azbentonit”, “Qarant Holdinq” kimi şirkətlərin rəhbər vəzifələrinə görünüb, nəqliyyat nazirinin ən etibarlı adamlarından birinə çevrilib,” – deyə qeyd olunur.

Bu məsələdə Vaqif Babayevin rolu və 22 min 200 manatlıq borc barədə məlumata malik deyilik, lakin sabiq MTN polkovniki Vaqif Babayevin Anar Bağırov və onun polis polkovniki olan qardaşı İlqar Bağırovla münasibətləri də suallar doğurur. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.