Neftçala icra başçısının 6 milyonluq müəmması - Araşdırma

10-02-2016, 16:40           

Redaksiyamızın Azərbaycan Respublikası Prezidentinin ehtiyyat fondundan, Dövlət büdcəsindən və bu kimi maliyyə mənbələrindən müxtəlif istiqamətlər üçün ayrılan maliyyə vəsaitlərinind xərclənmə statusu ilə bağlı araşdırmaları davam edir.
Araşdırmamız nəticəsində ortaya çıxıb ki, Neftçala rayonu ərazisində yerləşən Şorkənd-Beştalı-Bankə-Şirvanlıyolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2014-cü ilin 29 may və 2015-ci ilin 07 iyun tarixində hərəsi 3 milyon manat olmaqla toplam 6 milyon manat vəsait ayrılıb.
Rayonun ən böyük yaşayış məntəqələrini əhatə edən əraziləri birləşdirən yollarla bağlı sərəncamın imzalanması yerli əhali tərəfindən də sevinclə qarşılanmışdı. Araşdırma nəticəsində məlum olub ki, Sərəncam imzalanandan dərhal sonra yolların tikintisi ilə bağlı müəyyən işlər görülməyə başlayıb. Yolun tikintisi ilə bağlı heç bir rəsmi məlumat dərc olunmasa da, tikintidə iştirak edən "BM Logistic” şirkəti özünün facebook social şəbəkəsindəki hesabından 27 yanvar tarixində bu məlumatı paylaşıb. Ancaq maraqlısı budur ki, işlər başlansa da, bu işlərlə bağlı Neftçala İcra Hakimiyyəti tərəfindən heç bir tender müqaviləsi bağlanmayıb.
Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin 2014 və 2015-ci illər üzrə ölkə üzrə açıqladığı tender nəticələrini analiz edərkən məlum olur ki, bu yolun tikintisi ilə bağlı hər hansı şirkətlə tender müqaviləsi yoxdur.
Satınalamalar qanunvericiliyinə əsasən tender 50 AZN-dən yuxarı məbləğlər üçün mütləq tender elan olunmalı və qalib olan şirkətlə tender müqaviləsi bağlanmalıdır. Ancaq Neftçala İcra Hakimiyyəti bu məsələni qəti vecinə almayıb.
Çünki qanunvericiliyə görə tenderin elan olunmaması şəffaflıq prinsipinə ziddir. Belə olan halda İcra Hakimiyyətinin prezidentin ayırdığı 6 milyon manatı hansı formada israf etdiyi məlum olmur. Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz "BM Logistic” şirkəti yalnız daşımacılıq işləri ilə məşğul olan şirkətdir və böyük ehtimal əgər layihədə iştirak edibsə, tikinti materiallarının daşımacılıq işlərində yer alıb.
Neftçala Rayon icra Hakimiyyəti başçısı İsmayıl Vəliyevin hansı əsasla tender elan etmədən 6 milyon manatı "xərclədiyi” isə heç kimə məlum deyil.
Bu mövzuda araşdırmamız davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.