Ağstafanın icra başçısına açıq məktub - İLGİNC FAKTLAR
11-02-2016, 21:53
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə açıq məktub
Hörmətli Məhərrəm müəllim, müstəqillik illərində Azərbaycanın hər yerində abadlıq-quruculuq işləri yüksələn xətt üzrə həyata keçirilir. Ötən dövr ərzində başqa rayonlarda olduğu kimi Ağstafa rayonunda da bir sıra gözəçarpan abadlıq işləri görülüb. Lakin biz bu açıq məktubumuzda Ağstafa rayonundakı bir sıra neqativ halları sizin nəzərinizə çatdırmaq niyyətindəyik.
Azərbaycan Respublikasının prezidenti ayrı-ayrı çıxışlarında dəfələrlə vurğulayıb ki, rəhbər işçilər, məmurlar öz işgüzarlıqlarını, güclərini xalqa xidmətdə göstərməlidirlər. Prezident İlham Əliyev bir sıra məqamlarda onu da vurğulayıb ki, mətbuat orqanları mövcud neqativ hallara qarşı barışmaz olmalı və buna qarşı operativ reaksiya verməlidi. Bu baxımdan Ağstafa rayonunda uzun illərdən bəri baş vermiş ciddi hadisələri sizin nəzərinizə çatdırmağı özümüzə borc bilirik. Açıq deyək ki, respublikamızın digər rayonları ilə müqayisədə Ağstafa bələdiyyələrinin fəaliyyəti iflic vəziyyətindədir.
Hazırda respublikada 1609 bələdiyyə mövcuddur. Bu baxımdan Ağstafa yeganə rayondur ki, burada bir nəfər də olsun qadın bələdiyyə sədri yoxdur. Və yaxud bələdiyyə üzvlüyünə seçilən qadınların bələdiyyə işində fəaliyyətləri yox dərəcəsindədir. Rayon bələdiyyələrində bələdiyyə iclasları demək olar ki, keçirilmir. İclasların formal keçirilməsi tərtib olunmuş protokollarda da aydın görünür. Rayondakı ayrı-ayrı bələdiyyələrin protokollarını nəzərdən keçirsəniz görərsiniz ki, onların hamısı bir boyda, bir biçimdədir.
Respublika prezidenti ötən ili kənd təsərrüfatı ili elan edib. Bu il də rayonlarda torpaqlara daha çox qayğı göstərilməli, əkin sahələri, eləcə də kənd təsərrüfatında həyata keçirilə biləcək işlərin miqyası genişləndirilməlidir. Lakin təkcə Dağ Kəsəmən kənd əhalisinə məxsus pay torpaqlarının qeyri-qanuni yolla alınıb başqa təyinat üzrə istifadə olunması qanunazidd hərəkətdir. Daha doğrusu, Azərbaycan Respublikasının qanunlarında birmənalı olaraq göstərilir ki, əhaliyə ayrılmış pay torpaqları ancaq və ancaq kənd təsərrüfatı məhsullarının istehsalına yönləndirilməlidir. Lakin Ağstafa rayonunda buna məhəl qoyulmayıb, həmin torpaqlar əhalidən ucuz qiymətə alınıb və bir sotu təxminən 3-4 min manata ayrı-ayrı şəxslərə həyətyanı sahə kimi satılıb. Hazırda Ağstafa-Dağ Kəsəmən arasında 20 hektardan çox torpaq sahəsi bu metodla öz təyinatından kənarlaşdırılıb. Çox acınacaqlı haldır ki, Canpolad adlı (bu, bəlkə də onun ləqəbidir) bir nəfərin əli ilə kimə gəldi satılan bu torpaqlara ev tikdirmək üçün heç bir rəsmi sənəd verilməyib. Ev tikdirənlərə əllərində rəsmi sənədi olmadığı halda rayon icra hakimiyyətinin memarı tərəfindən bəzi hallarda icazə sənədi verilib. Bu yerdə onu qeyd edək ki, əgər rəsmi sənədlər mövcud olubsa, torpaqlar satılıbsa, rayon rəhbəri olaraq siz bütün bunlardan xəbərsiz ola bilməzsiniz. Və yaxud bu sənədlər olmayıbsa, yüzlərlə vətəndaş pay torpaqlarında qeyri-qanuni mənzil tikibsə, bu halda da rayon rəhbərliyi buna göz yuma bilməzdi. Təkcə onu qeyd edək ki, sizin başçılıq etdiyiniz rayon icra hakimiyyətində ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qurbanovun şəxsi villası da qeyri-qanuni olaraq pay torpağında tikilib. Bir daha qeyd edirik ki, pay torpağında yalnız yardımçı təsərrüfat tikililəri ola bilər. Ancaq Şaiq Qurbanovun heç bir qanuna məhəl qoymadan Poylu yolunun üstündə özbaşına tikdirdiyi villasını necə olub ki, siz görməmisiniz?
Qırlı bələdiyyəsinin sədri Nəsrəddin Məmmədov barədə 2015-ci ildə ciddi bir yazı çap olunmuşdu. Bələdiyyə sakinlərinin şikayət ərizəsinə istinadən yazılan həmin yazıda içki düşkünü olduğu qeyd edilib, bələdiyyə sahəsində yarıtmaz fəaliyyəti tənqid olunub. Söz yox ki, bu yerdə deyə bilərsiniz ki, bələdiyyə müstəqil qurumdu, onun öz işi var, icra hakimiyyətinin tabeçiliyində deyil. Bu, doğrudur. Amma təəssüf ki, icra hakimiyyətinin tabeçiliyində olmayan bələdiyyələrə məhz sizin rəhbərlik etdiyiniz qurumun səlahiyyətli şəxsi Şaiq Qurbanov göstəriş verir.
Ağstafada analoqu olmayan bir məsələ də var. 2014-cü ilin dekabrında bələdiyyə seçkisi zamanı seçkidə iştirak etməyən, MSK-da qeydiyyatda olmayan Azad Mehdiyev necə olub ki, Poylu qəsəbə bələdiyyəsinin sədri vəzifəsini icra edir, cibində bələdiyyənin möhürünü gəzdirir? Ceyrançöldə dislokasiya olunmuş “N” saylı hərbi hissədə vəzifə daşıyan Azad Mehdiyevi qəsəbə bələdiyyəsinə kim təyin edib? Axı, bələdiyyə sakinləri onu elə də tanımırlar. Əslən Tərtər rayonundan olan bu şəxsin nə bələdiyyə işindən xəbəri var, nə də bələdiyyə seçkisindən. Yeri gəlmişkən onu da qeyd edək ki, həmin qəsəbənin icra nümayəndəsi Rüstəm Quliyev də əslən Ağdam rayonundandır.
Biz bu yazıda insanların hansı bölgədən olmasını önə çəkmirik. Lakin onu qeyd etmək istəyirik ki, bir qəsəbədə yerli əhalinin taleyi yerli problemləri bilməyən kənardan gəlmiş şəxslərə tapşırılır. Elə bunun da nəticəsidir ki, hər iki möhür gəzdirən şəxs qəsəbədə bildikləri kimi hərəkət edir, yerli problemlərin həll olunmasında heç bir iş görmür, "burda mənəm, Bağdadda kor xəlifə" iddiası ilə bütün qanunlara zidd olaraq torpaq alveri ilə məşğuldurlar. Məhz bu cür bələdiyyə sədrinin qanunsuz hərəkətləri ucbatından Poylu qəsəbə sakinlərinin işləri düyünə düşüb.
Hazırda Poylu qəsəbəsində pay torpaqları ərazisindən "yol çəkilir" adı ilə iş başlanılıb. Bu görüləcək yol təmirinin nəticəsində Sərdar Aslanovun, Şükür Allahverdiyevin pay torpaqlarının bir hissəsi zəbt edilir. Sakinlərin verdiyi məlumata görə bu işdə də bələdiyyə sədrinin, icra nümayəndəsinin, eləcə də ərazi idarəetmə şöbəsinin müdiri Şaiq Qurbanovun əli var. Yolu öz yatağından yox, pay torpaqları ərazisindən keçirməklə bu şəxslər öz bazarları üçün münbit şərait yaradırlar.
Problem təkcə bu olsaydı dərd yarı idi. Qeyri-qanuni fəaliyyət göstərən Azad Mehdiyevin bu cür işlərə başı o qədər qarışıb ki, sakinlərin şikayətini dinləməyə də vaxt tapa bilmir. Poylu qəsəbəsində 26 nəfər pay torpaq sahibi bu gün öz torpaqlarını əkib-becərmək imkanında deyil. Kim harda gəldi, necə oldu boş torpaq sahəsi tapıb əkməyə can atır. Ərizanova Sevinc Şahqulu qızı Poylu qəsəbəsində yaşayır. Onu da qeyd edək ki, atası Şahqulu Ərizanov Ağstafa rayonunda tanınmış şəxslərdən biri olub. O, əmək qəhrəmanı kimi şərəfli ad daşıyıb. Amma bu gün acınacaqlı haldır ki, əmək qəhrəmanının qızı Sevinc xanım uzun müddətdir ki, pay torpağından istifadə edə bilmir. Sevinc xanımın adına 10 sot pay torpağı, anası Şamama xanımın isə 17 sot torpaq sahəsi var. Hazırda bu xanımların əlində islahat komissiyasının 33 nömrəli sənədi ola-ola onların pay torpağını Hüseynov Məsi İbrahim oğlu zəbt edib. Hüseynov Məsinin pay torpağı isə Dövlət Aktında 52 nömrəsi ilə qeydə alınıb. Ancaq nədənsə Məsi Hüseynovun torpağını qardaşı Knyaz Hüseynov əkib-becərir. Bütün bu olaylar haqqında şikayətçilər dəfələrlə icra hakimiyyətində olmalarına baxmayaraq hələ də bir nəticəsi yoxdu.
Şikayətçilərlə söhbət zamanı o da bəlli oldu ki, bu adamlar dəfələrlə icra hakimiyyətinə müraciət etmək istəsələr də, onları yarı yoldan qaytarıblar. Hər dəfə də söz verilib ki, sizin məsələniz müsbət həll olunacaq. Lakin məsələlər acı bağırsaq kimi bu günə qədər uzanır. İş o yerə çatıb ki, əmək qəhrəmanının qızı Sevinc Ərizanova özünü yandıraraq intihar edəcəyini açıq-aşkar söyləyir.
Hörmətli Məhərrəm müəllim, dünyada iqtisadi böhran son dərəcə gərginləşib. Bu böhran bizim respublikamızdan da yan keçməyib. Məhz buna görə də hər bir azərbaycanlı bu böhrandan çıxmaq üçün yollar aramalıdır. Azərbaycanın prezidenti İlham Əliyevin də məmurlardan haqlı tələbi budur. İndi torpağa üz çevirmək vaxtıdı. Torpağın sahibi bölgədə yaşayan əhalidi. Bələdiyyələrin mülkiyyətində olan torpaqlar da var. Bu gün bələdiyyələrə etibar edilməlidir, onların fəaliyyətinə maneçilik törətmək vətənə xəyanət etməyə bərabərdir. Bələdiyyə seçkisində şəffaflıq nə qədər təmin olunarsa, xalq üçün bir o qədər yaxşı olar. Bu gün Ağstafa bələdiyyələri ələbaxımlılığa öyrəniblər, müstəqil fəaliyyət göstərə bilmirlər, öz layihələrini həyata keçirməkdə acizdirlər. Məhz bu səbəbdən də bələdiyyə torpaqları, eləcə də sakinlərə məxsus pay torpaqları necə gəldi istifadə olunur, yaxud da istifadəsiz qalır. Bələdiyyələr barədə olan qanunlara Ağstafa rayonunda məhəl qoyulmur. Halbuki prezident İlham Əliyevin çıxışlarında aydın şəkildə vurğulanır ki, torpaqlardan maksimum dərəcədə səmərəli istifadə edilməlidi. Amma Ağstafada 100 hektarlarla torpaq təyinatından kənarlaşdırılıb, ayrı-ayrı şəxslərin əlinə keçib. Biz ümidvarıq ki, prezidentin tələbinə Ağstafa rayonunda da əməl olunacaq, bələdiyyələrə sərbəstlik veriləcək, onlara yerli problemlərin həll olunmasında kömək göstəriləcək və bələdiyyə torpaqlarının, eləcə də sakinlərə məxsus pay torpaqlarının talanına son qoyulacaq. Ağstafa bələdiyyələrinin respublika bələdiyyələri sırasında nüfuzu artacaq, həmçinin bələdiyyələrlə sakinlər arasında əlaqələr genişlənəcək.
Cümşüd İSGƏNDƏR