“RNQ Group” MMC Nərimanovda Xalimə Məmişovanın qanuni mülkiyyətini necə dağıtdı... - FOTO

23-04-2021, 00:11           
“RNQ Group” MMC Nərimanovda Xalimə Məmişovanın qanuni mülkiyyətini necə dağıtdı... - FOTO
Xalimə Məmişova: “RNQ Group” MMC şirkəti obyektlərim yerləşən 4 bloklu binanı qanunsuz uçurdub”
img
“Şirkət 3 ildir ki, məni sahibkarlıq fəaliyyətimdən məhrum edib”

Bakı şəhəri, Nərimanov rayonu, Ələşrəf Əlizadə 30 ünvanında yaşayan Məmişova Xalimə Qəhrəman qızı tərəfindən redaksiyamıza müraciət daxil olub. Sahibkarlıq fəaliyyətilə məşğul olduğunu yazan X.Məmişovanın iddiasına görə, “RNQ Group” MMC şirkəti ona məxsus obyektlərə ziyan vurub və onları dağıdıb.

Sözügedən şirkət tərəfindən mülkiyyət, Konstitusiya və azadlıq hüquqlarının pozulduğunu qeyd edən şikayəçi sahibkar “RNQ Group” MMC şirkətinin ona məxsus obyektləri qəzalı vəziyyətə saldığını bildirir. Ailəlikcə məcburi köçkün olduqlarını qeyd edən şikayətçi bildirir ki, anası ömürlük əlildir və onun himayəsindədir. “RNQ Group” MMC şirkəti obyektlərimi qəzalı vəziyyətə gətirərək məni 3 ildir ki, sahibkarlıq fəaliyyətimdən məhrum edib, mənə qarşı mənəvi terror yaşadıb, külli miqdarda maddi və mənəvi ziyan vurub.

Binanı söküb dəmir və taxta materialları daşıyıb satırlar. Ə.Əlizadə 30 ünvanında mülkiyyət toxunulmazlığına malik obyektlərim yerləşən binanı razılığım olmadan qanunsuz olaraq “RNQ Group” MMC şirkəti söküb. Obyektlərimin mülkiyyət toxunulmazlığına dair 2 şəhadətnamə (kupça), 2 texpasportu var. Rəhmətlik, əziz prezidentimiz Heydər Əliyev deyirdi ki, ağacı kəsən elə bil mənim qollarımı kəsir”.

“RNQ Group” MMC şirkəti tərəfindən binanın həyətində olan bütün yaşıllığın məhv edildiyini yazan X.Məmişova üzləşdiyi problemlə bağlı qəzetimiz vasitəsilə ölkə başçısından kömək istəyir: “Sizdən xahiş edirəm ki, şikayətimin Prezidentimiz İlham Əliyevə çatması üçün mənim müraciətimi yayımlayasınız. Cənab Prezidentimiz mənə və xalqımıza qarşı törədilən evyıxma kampaniyasına son qoysun.

Mən də daxil olmaqla kütləvi halda insanların mülklərinin əvəzi, dəyəri ödənilmədən, müxtəlif təzyiq, zorakılıq üsulları ilə dağıdırlar. İnsanların əmlaklarını ucuz qiymətə ələ keçirmək üçün əvvəlcə binanı sökürlər, bu cinayətdir. Beş bina tikib doymayıb, həyətin ortasını da tikir. Görəsən buna Arxitektura və Şəhərsalma Komitəsi icazə veribmi? İnanmıram ki, belə bir icazəni kimsə versin.

Trosu rigerə bağlayıb və ekskovatorla rigeri sökürlər, bu, redaksiyanıza təqdim etdiyim videoda da aydın görünür. “RNQ Group” MMC şirkəti obyektlərimi qəzalı vəziyyətə salıb. Nazirlər Kabinetinin pilot layihəyə dair 86 saylı qərarı çoxdan ləğv edilib. Ə.Əlizadə 30 ünvanında yerləşən binanın pilot layihəyə heç bir aidiyyəti yoxdur. “RNQ Group” MMC şirkəti Qarabağ küçəsi ilə Tələt Şıxəliyev küçəsinin kəsişməsində 1 binanın inşasına icazə alıb, lakin 5 bina inşa edib. “RNQ Group” MMC şirkəti 4 mərtəbəli, 4 bloklu binanı qanunsuz sökərək toxunulmazlığına dair mülkiyyət sənədlərimin olmasına baxmayaraq, obyektlərimi qəzalı vəziyyətə gətirib, şirkət 3 ildir ki, məni sahibkarlıq fəaliyyətimdən məhrum edib. Xahiş edirəm ki, mənim problemlərimi işıqlandırasınız.

Bir neçə gün axtardım, obyektlərimi tapa bilmədim. “RNQ Group” MMC şirkəti obyektlərim yerləşən 4 bloklu binanı qanunsuz uçurdub, obyektlərim görünmür, dağıntılar altında qalıbmı-qalmayıbmı, bilmirəm”.

Şikayətçi redaksiyamıza Nazirlər Kabinetinin pilot layihəyə dair 86 saylı qərarın ləğv edilməsinə dair 17 dekabr 2019-cu il tarixli, 482 saylı qərarının surətini də təqdim edib və bildirir ki, onun obyektlərinin pilot layihəyə heç bir aidiyyəti yoxdur. “RNQ Group” MMC şirkəti obyektlərimi 3 ildir qanunsuz hasarlayıb və məni sahibkarlıq fəaliyyətimi obyektlərimdə həyata keçirmək imkanından məhrum edib. 3 ildir ki mülkiyyət hüquqlarımdan məhrum edib, konstitusion hüquq və azadlıqlarımı tapdalayıb. Bunlara nə bəraət qazandıra bilər? Hər tərəfini hasarlayıb obyektlərimdən ev əşyalarımı, tikinti materiallarını, şəxsi kolleksiyamı oğurlayıblar, sonra da obyektlərimi dağıdıblar”.

Şikayətçi dağıdıldığını iddia etdiyi obyektlərin bütün sənədlərinin qaydasında olduğunu qeyd edərək bildirir ki, ona bu zərəri vuran şirkət ziyanı ödəməlidir.

Vahid Məmmədov: “Mən özüm 5-10 dəqiqəyə sizə zəng vuracağam...”
X.Məmişovanın şikayəti ilə bağlı qarşı tərəfin - “RNQ Group” MMC şirkətinin də mövqeyini öyrənmək məqsədilə şirkətə zəng vurduq. “RNQ Group” MMC şirkətinin hüquqşünası Vahid Məmmədov sualımızı dinlədikdən sonra “indi yanımda yoldaşlar var, mən özüm 5-10 dəqiqəyə sizə zəng vuracağam” dedi. Lakin şirkətin hüquqşünası bizimlə əlaqə saxlamadı. Şirkət tərəfindən nə zaman müraciət edilərsə, biz onların da mövqeyini dərc edə bilərik.
baki xeber
İradə SARIYEVA



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.