ELMAR VƏLİYEV dediyinə əməl etmədi - Dul qadının torpağın satıb- PREZİDENTƏ ŞİKAYƏT
13-03-2016, 01:25
Öldürülən iş adamının əmlakı hərraca çıxarılıb
Həyat yoldaşı: "İcra hakimiyyəti torpaqlarımızı paralayaraq azı 15 vətəndaşa satıb. O əmlakın sahibi öldürülsə də, vərəsələri var – mən və övladlarım…"
"Həyat yoldaşım qətlə yetiriləndən sonra nəyimiz vardısa, əlimizdən alıblar”.
Venera Rüstəmova mərhum həyat yoldaşı ilə
TEREF.İNFO yazır ki,Miq.az bir müddət əvvəl Bakı şəhəri, Həsənoğlu küçəsi, ev 10, mənzil 100-də yaşayan Venera Rüstəmovanın ölkə başçısı İlham Əliyevə müraciətini yayımlamışdı. Gəncənin icra başçısı Elmar Vəliyevin görünməmiş qanunsuz əməllərindən bəhs edən mövzu həm həllini, həm də aktuallığını itirmədiyindən mövzuya yenidən qayıdırıq...
Venera Rüstəmova AzadlıqRadiosuna da danışıb ki, Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı” ərazisində yerləşən 1 hektar sahə əlindən alınıb. Halbuki, xanımda həmin sahəyə hüquqlarını tanıyan bütün sənədləri olub.
"ELMAR VƏLİYEV DEDİ, "TORPAQ SƏNİNDİR””
Bu yaxınlarda 100 000 dollarlıq qol saatı ilə gündəmə gələn Gəncənin icra başçısı Elmar Vəliyev
"Həyat yoldaşım Rövşən Rüstəmov iş adamı idi. 2011-ci ildə qətlə yetirildi. Ailəmizin və yaxınlarımızın başı hadisəyə, yas mərasiminə qarışdı. Həmin vaxt Gəncədən mənə zəng edərək dedilər ki, adıma olan torpaq sahəsini icra hakimiyyəti hərraca çıxarıb satır. Əlimdə dövlətin qanuni sənədi var idi deyə, düzü, ciddiyə almadım. Sonra bu barədə başqa bir qohumdan da eşitdim və durub Gəncəyə getdim. Torpaq sahəmə baş çəkəndə gördüm ki, sahə bu başdan o başa tabaşirlə işarələnib”.
Xanımın sözlərinə görə, ona bildirilib ki, torpaq sahəsi Gəncə şəhər İcra Hakimiyyəti və Nizami rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif ölçülərdə ayrı-ayrı vətəndaşlara ev tikmək üçün satılıb. O da dərhal Gəncənin Nizami rayonunun o vaxtkı icra başçısı Məharət Mustafayevin və Gəncənin icra başçısı Elmar Vəliyevin qəbuluna düşüb:
"Hər iki başçıdan hesab sordum ki, məndən xəbərsiz torpağıma niyə giriblər? Hansı ixtiyarla torpağımı parçalayıb ona-buna satıblar? Elmar Vəliyev dedi, "torpaq sənindir, onu heç kim sata bilməz”. Məni arxayın edib yola saldılar. Bakıdaydım, bir də xəbər tutdum ki, torpaq sahəsində müxtəlif tikililər tikməyə başlayıblar. İcra hakimiyyətinə müraciətlərim cavabsız qaldı. Hətta Elmar Vəliyevin qəbuluna da düşə bilmədim. Tikinti işi aparan vətəndaşlar isə deyirdilər ki, pullarını ödəyib torpağı icra hakimiyyətindən alıblar. Əllərində sərəncamlar olduğunu da söylədilər”.
"MƏHKƏMƏ PROSESİNİ UZADIRLAR”
Bundan sonra məhkəməyə üz tutub. Gəncə şəhər Nizami rayon icra hakimiyyəti başçısının sərəncamlarının ləğv edilməsi haqqında Gəncə Inzibati-İqtisadi məhkəməsində iddia qaldırıb. Deməsinə görə, Gəncə şəhər İcra Hakimiyyəti hər vasitəylə məhkəmə prosesini uzatmağa çalışıb. Torpaq sahəsinə aid sərəncamların təqdim edilməsi barədə məhkəmə sorğusuna yalnız 3 ildən sonra cavab alınıb. Ancaq bu cavab onu qane etməyib:
"Məktubda yalandan göstərilirdi ki, torpaq sahəmdə tikinti işinin layihələndirlməsi barədə heç bir sərəncam verilməyib. Halbuki, həmin qanunsuz sərəncamlardan səkkiz ədədini mən özüm vətəndaşlardan əldə etmişdim. Gəncə şəhər İnzibati-İqtisadi və Apellyasiya məhkəmələri iddia tələbimi təmin etsə də, icra hakimiyyətinin verdiyi kassasiya şikayəti əsasında Ali Məhkəmə aşağı məhkəmələrin qərarını ləğv etdi. İşi yenidən baxılması üçün geri qaytardı”.
İş Gəncə Inzibati-Iqtisadi Məhkəməsinin icraatındadır. Prosesin ilk mərhələsində məhkəmə qərar çıxararaq torpaq sahəsində tikinti aparılmasını qadağan etsə də, qərara əhəmiyyət verilmədən tikinti işləri davam etdirilir.
"TİKİNTİ APARANLARLA MƏHKƏMƏ DAVASI AÇMALIYDI”
Vəkili Sadiq Əfəndiyev deyir, bu günədək işə baxan məhkəmələr Venera Rüstəmova ilə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti arasındakı mübahisəyə qanuni nəticə verə bilməyiblər. Əsas səbəb birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən xanımın xeyrinə çıxarılmış qərarın Ali Məhkəmə tərəfindən ləğv olunmasıdır:
"Uzunmüddətli məhkəmə araşdırması Avropa Konvensiyası tərəfindən vətəndaşlarımıza verilmiş ədalətli məhkəmə araşdırması hüququ ilə bir araya sığmır. Ona görə də məhkəmələr bu mübahisəyə mülkiyyətin toxunulmazlığı prizmasından yanaşaraq, mübahisənin tez bir zamanda qanuni həllinə nail olmalıdırlar”.
Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti isə deyir, torpaqdakı tikililər qanunsuzdur, Venera xanım tikinti aparanlarla məhkəmə davası açmalı idi:
"Ümumiyyətlə, bu mübahisə məhkəmələrə çıxarıldığından hamıya son qərarı gözləmək qalır”, - icra hakimiyyətindən bildirilib.
Venera Rüstəmova bir müddət əvvəl də redaksiyalara ünvanladığı məktubda ölkə başçısına müraciət ünvanlamışdı. Gəncə icra başçısı Elmar Vəliyev tərəfindən torpaqları əlindən alinan Venera Rüstəmova bildirib: "Qanunsuzluğu aşkar etmək üçün mənim xüsusi mülkiyyət hüququmun qeydiyyatı barədə olan daşınmaz əmlakın dövlət reyestr məlumatları ilə dövlət torpaq kadastrının məlumatlarını müqayisə etmək yetərlidir. Bunun üçün uzunmüddətli məhkəmə araşdırmasına ehtiyac yoxdur. Gəncə icra hakimiyyəti orqanlarının ədalətsiz və qanunsuz mövqeyi sayəsində mən uzunmüddətli məhkəmə prosesinə məruz qalmışam.
CƏNAB PREZİDENT! Siz dəfələrlə qeyd etmisiniz ki, hər bir dövlət məmuru xalqa xidmət etməli, vətəndaşları incitməməli və korrupsiya hallarına yol verməməlidir. Xahiş edirəm, məsələnin məhkəmədən kənar araşdırılmasına və Gəncə şəhəri, Nizami rayon icra hakimiyyəti başçısının torpaq sahəmlə bağlı verdiyi qanunsuz sərəncamların ləğv edilməsi məsələsinə baxılması üçün göstəriş verəsiniz”.
Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
TEREF.İNFO