Sabirabad camaatı həyəcan təbili çalır- Sabir içməli su kanalı ilə leş, pampers, zir-zibil axır...

22-10-2021, 07:47           
Sabirabad camaatı həyəcan təbili çalır-
Görəsən Zakir Quliyevin ailəsi bu sudan içə bilərmi ?

Bunun səbəbi ASC-dəki “korrupsiya şəbəkəsi”nin başında duran Zakir Quliyevdir

Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri Zaur Mikayılov nəyi gözləyir ?

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və onun qurumdakı “korrupsioner şəbəkəsi” barədə dəfələrlə yazmışıq.
Ancaq bu dəfə səbrimizi daşıran Sabirabad camaatının Sabir içməli su kanalı barədə həyəcanla söylədikləri oldu.
Sakinlərin söylədiklərinə görə, Sabir su kanalı zibil və çirkab içərisində itib-batır. Hələ bu harasıdır ?
Sakinlərin dediklərinə görə, su kanalı ilə heyvan leşi, it ölüsü, eşşək ölüsü, pampers dolu meşoklar üzüb-axır.
Görəsən, dünyanı koronavirus pandemiyası bürüdüyü bir vaxtda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və onun bu zona üzrə məsul olan qohum-əqrəbası nə düşünür ?
Axı, bu vəziyyətdə olan su kanalı xəstəlik mənbəyidir. Həm də belə vəziyyətdə olan su kanalı koronavirusdan daha təhlükəlidir.
Biz nə üçün Zakir Quliyevin və onun bu sahəyə məsul olan qohumlarının adını xüsusi olaraq qeyd etdik ?
Bu suala keçməzdən öncə onu qeyd edək ki, Baş Muğan kanalının bir hissəsi Sabir su kanalıdır. Bu su kanalından 15 kəndin sakinləri istifadə edir. Təsəvvür edirsiniz 15 kəndin sakinləri sabah kütləvi xəstələnsə, görəsən Zakir Quliyev kimi məmurlar qanun qarşısında nə cavab verəcəklər ?
Biz nə üçün bu məsələdə Zakir Quliyevin və onun ASC-də məsul vəzifə daşıyan qohumlarının adını xüsusi olaraq qeyd edirik ?
Birincisi, kimin nə deməyindən asılı olmayaraq Sabir su kanalında baş verən bu rüsvayçılığın və yaramazlığın bir səbəbi var: ASC-də baş verən korrupsiya əməlləri.
Bəli, korrupsiya olmasaydı bu hal da olmazdı. Bu aksiomadır. Kimsə bizə nəsə sübut etməyə çalışmasın.
İkincisi, ASC-də baş verən korrupsiya əməllərinin başında neçə illərdir ASC-nin sədr müavini Zakir Quliyev durur. Ümumiyyətlə, bu Zakir Quliyev kimdir ?
Məlumat üçün qeyd edək ki, 1998-ci ildə Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunan Zakir Quliyev bir müddət sonra Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
O, 2006-cı ildə isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini təyin olunanda yaxın qohumu-xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirməklə bu idarəni də şəxsi nəzarəti altında saxlaya bilib.
İndi aydın oldumu, olay Sabirabad rayonu ərazisində baş verir. ASC-nin bu ərazidəki “sahibi” isə 1998-ci ildən bu günədək, yəni 23 ildir Zakir Quliyevdir. Özü çıxır, xalası oğlunu qoyur. Bu cür idarəetmənin sonu da belə olmalı idi.
Digər tərəfdən yuxarıda korrupsiya məsələsini elə-belə qabartmadıq.
Təsəvvür edirsiniz, ASC-nin bütün idarələrinə hər ay 50 min manat vəsait xətti açılır, həmin vəsait Zakir Quliyevin faktiki ortaq olduğu şirkət vasitəsilə nağdlaşdırılır.
Onun himayəsi altında olan “Hidro-Kaskad” MMC üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi, maxinasiyalar dəhşətli dərəcədədir. 2020-ci ildə ASC ilə sözügedən şirkət arasında "Nasos aqreqatlarının və digərlərinin satınalınması" üçün nəzərdə tutulan tender müqaviləsi üzrə qiymətlər faktiki olaraq 500 min manat şişirdilməklə ümumi məbləğ 2 milyon 440 min 404 manat göstərilib. Hansı ki, alınan məhsulların qiyməti 2-3 dəfə şişirdilib.
Bir nasosun zavod dəyəri maksimum 45 min manat təşkil etdiyi halda tender müqaviləsində 79 min manata rəsmiləşdirilib.
Bütün bunların nəticəsində Zakir Quliyev xaricdə şirkətlərə, bahalı mənzillərə, villalara, avtomobillərı sahib olur.
Təkrarçılıq olsa da qeyd etməyə məcburuq ki, ASC-nin sədr müavini Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası, Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi var.
Yuxarıda qeyd etdik ki, Zakir Quliyev 2006-cı ildə ASC-nin sədr müavini təyin olunanda xalası oğlu Elman Nuriyevi öz yerinə, yəni Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə təyin etdirib.
İndi isə Elman Nuriyevin əməllərinə nəzər salaq.
Əslində Elman Nuriyev “fiqur”dur, oradakı əməlləri də Zakir Quliyev törədir.
Bəli, bu idarə respublikamızın Gürcüstanla sərhədlərindən başlayaraq Xəzər dənizinə kimi 1595 kilometr uzunluqda axan Kür çayı boyunca bəndlərinin istismarı, təmiri, möhkəmləndirilməsi, çay yataqlarının lildən təmizlənməsi işlərinin həyata keçirilməsi aiddir.
Bu məqsədlə hər il dövlət büdcəsindən külli miqdarda vəsaitlər ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti idarədə təyinatı üzrə xərclənmir.Yəni, müəyyən işlər üçün ayrılan dövlət vəsaitləri bilərəkdən şişirdilir, israfçılığa yol verilir ki, nəticədə də Elman Nuriyev rayonun, hətta respublikanın ən varlı adamlarından birinə çevrilib.
Elman Nuriyev hər il çay yataqlarının lildən təmizlənməsinə ayrılan milyonlarla vəsaitləri təyinatı üzrə xərcləsəydi...
Bəli, XƏRCLƏSƏYDİ...Sabir su kanalı ilə ölmüş heyvan cəmdəkləri, it leşi, pampers-zad axmazdı.
Bu pullar Elman Nuriyevlə xalası oğlu Zakir Quliyev arasında bölünüb.
Biz Elman Nuriyevin bəndvurmaq adı altında dövlətin milyonlarını mənimsəməsindən, vəzifəyə gələndə köhnə 011 Jiquli ilə gəlməsindən, hazırda bahalı avtomobil kolleksiyasından, oğlunun cibindən “100-lük paçkası” çıxarıb camaatın gözünə soxmasından, ŞAMLIQ şadlıq sarayından, Zakir Quliyevlə Çuxuryurddakı qoşa villalarından və daha nələrdən uzun-uzadı yazmaq istəmirik.
Biz əbəs yerə Zakir Quliyevin qohumlarının adını çəkmirik.
Bəli, Elman Nuriyev vəzifəyə təyin olunan kimi öz qohum, yəni həm də Zakir Quliyevin qohumlarını Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsində işlə təmin edib. Məsələn, Elman Nuriyev öz qardaşı oğlu Qoçu Nuriyevi, qardaşı Saleh Nuriyevi, Mahir Nuriyevi, bacılarının həyat yoldaşları Nuru adlı şəxsi, Sakit Gülməmmədovu idarədə işlə təmin edib.
Elman Nuriyev idarəyə məxsus texnikaların ehtiyyat hissələrini əksər hallarda qardaşı Saleh Nuriyevə məxsus mağazadan alır. Büdcədən maşın və mexanizmlərin ehtiyat hissələrinin alınması məqsədilə ayrılan külli miqdarda vəsait, məhz idarə rəisinin qardaşına məxsus mağaza üzərindən nağdılaşdırılır. Bundan əlavə idarəyə verilən ehtiyyat hissələri, yanacaq və sürtgü yağları, “solyarka” satılaraq Elmanın cibinə gedir.
İndi bir daha əmin oldunuzmu dövlətin milyonlarla vəsaiti Zakir Quliyevin və onun qohumlarının cibinə gedir.
Biz Elmanın işçilərə 800 manat maaş yazıb, 400 manat verməsindən, bir ayda 600 işçidən 240 min manat mənimsəməsindən və başqa maxinasiyalardan yazmaqdan yorulmuşuq.
Yeri gəlmişkən, Zakir Quliyev öz yeznəsi Əflan İsmayılovu da Sabirabad Suvarma Sistemləri idarəsinin müdiri təyin etmişdi. O, indi rəhmətə gedib və onu Şafiq müəllim əvəz edir.
Sonda bir daha Sabirabad sakinlərinin həyəcan dolu müraciətinə qayıdaq.
Sakinlərin dediklərindən bəlli olur ki, Şafiq müəllim bu günədək kanalın Nizami kəndindən Hacı Bəbirliyə qədər olan hissəsində 1 metr ərazidə də təmizlik işləri aparmayıb.
Sakinlər onu da qeyd edir ki, Şirvan su idarəsi ( rəis Azad Qurbanov ) Sabir su kanalı üzərində suyu təmizləmək üçün modul tipli qurğular düzəldib. Yəni Allah qoymasa suyu duruldub əhaliyə içməli su kimi verəcəklər.
Sabirabad camaatı haqlı olaraq soruşur ki, suyu durultmaqla onun mikrobunu, virusunu, leş iyisini necə yox edəcəklər.
Ən dəhşətlisi də odur ki, modul qurğularının ətrafı da zir-zibil məskənidir.
Sonda Sabirabad camaatı Azərsu-dan kömək istəyir və
ASC-nin yeni sədrinə üz tutub soruşurlar ki, sənin islahatların nooldu, bəs ay Zaur Mikayılov ?
Nə vaxta qədər ASC-ni Zakir Quliyev idarə edəcək ?
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.