Saatlıda sosial yardım maxinasiyaları
7-04-2016, 02:24
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş rəhbəri Füzuli Ələkbərovun dövründə aztəminatlı ailələrin ünvanlı sosial yardımları almasında müxtəlif problemlər var idi. Nazirliyin yerlərdəki mərkəzlərinin işçiləri vətəndaşları süründürməçiliyə məruz qoyaraq onlara sosial müavinətlərin təyin edilməsinə imkan vermirdilər. Yaxud mərkəz direktorları vətəndaşların qabağına «6 ay sənin, 6 ay mənim» şərtini qoyaraq sosial yardımların verilməsinə razı olurdular. Belə olan təqdirdə vətəndaşlar yardımın sadəcə, 6 ayını ala bilirdi.
Səlim Müslümov nazir təyin edildikdən sonra ünvanlı sosial yardımların verilməsi prosesində bir sıra ciddi dəyişikliklər oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ünvanlı sosial yardım alanların siyahısı nazirliyin rəsmi saytında yerləşdirildi və yardımın mənimsənilməməsi üçün bir sıra addımlar atıldı, yerli mərkəzlərin xeyli vəzifəli şəxsləri iş yerini itirdi. Görünür, illərlə oturuşmuş bu korrupsiya şəbəkəsini tam dağıtmaq hələ mümkün olmayıb.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Saatlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində ünvanlı sosial yardımların mənimsənilməsi ilə bağlı geniş yayılmış bir qayda var. Bununla bağlı rayondan cumhuriyyet.az-a ötürülən məlumata görə, mərkəzin direktoru İlyas Mahmudov ünvanlı sosial yardımları qanuna uyğun formada yox, məhz özünün tətbq etdiyi «şərt»lər daxilində verir: «Belə ki, ünvanlı sosial yardım üçün Mərkəzə müraciət edən vətəndaşlar İ.Mahmudovun müavini, həm də onun “sağ əli” sayılan Bayram Mikayılovla anlaşmalıdırlar. Anlaşmanın qaydası isə çox sadədir: Ünvanlı sosial yardım istyinə qovuşmaq istəyənlər bu pulun ilk 4-5 ayından imtina etməlidir”. Proses bununla da bitmir. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə vəd olunan 4-5 aydan sonra da vətəndaş öz yardımını ala bilmir. Bundan sonra da “yardımın ləğv olunar” deyə o təhdid olunur və nəticə etibarı ilə bir ilin sosial yardımı mənimsənilir. Onu da bildirək ki, bu qanunsuzluq prosesinə Saatlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə yanaşı Kapital Bankın rayon şöbəsi də şərik olur. Belə ki, vətəndaşlara məxsus ünvanlı sosial yardım kartları qanuni sahibləri imza atmadan Mərkəzə verilir.
Büdcədən ayrılan vəsaitlərin mərkəzin rəhbərliyi tərəfindən mənimsənilməsinə dair söz-söhbətlər gəzir. Beləliklə də, aztəminatlı ailələr dövlət qayğısından kənarda qalır. Təbii ki, bütün bunlar haqsızlıqla yanaşı, həm də xoşagəlməz hallar deməkdir. Rayonda ünvanlı sosial yardıma ehtiyacı olan bəzi aztəminatlı ailələr bir kənarda qalıb, yaşayış səviyyəsi yaxşı olanlara yardımlar yazırlar. Elə yoxsul ailələr var ki, onlar ünvanlı sosial yardım almaq üçün müvafiq sənədləri dəfələrlə Əhalinin Sosial MüdafiəsiMərkəzinə təqdim ediblər. Amma mərkəzin işçiləri onların sənədlərinin «yerində» olmadığını əsas gətirərək vətəndaşları «Sobez»in həyətindən geri qaytarıblar. Halbuki rayonda yaşayışı yaxşı olsa da, ünvanlı sosial yardım alan kifayət qədər ailə var».
Nazir Səlim Müslümov bu «prinsip»lə işləyən mərkəz direktorlarını ağır cəzalarla hədələyir, İlyas müəllim isə onun tapşırıqlarına məhəl qoymayaraq özünə məxsus formada fəaliyyət göstərir. Bütün sənədləri qaydasında olan kasıb insanlar süründürməçiliyə məruz qalır. Bəzi insanlar üzləşdiyi vəziyyətdən bezib ünvanlı yardım almaq istəmir. Günlərlə dilinə çörək dəyməyən sakinlər var ki, ünvanlı yardım almaqda böyük çətinliklə üzləşir». Təbii ki, belə halların ortaya çıxması cənab Səlim Müslümovun həyata keçirdiyi müsbət işlərə kölgə salır.
Odur ki, ƏƏSMN rəsmiləri Saatlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində təcili yoxlamalara başlamalı və direktorun barəsində müvafiq cəza tədbiri görülməlidir.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az