“Bakcell”də kredit kontur və 7 qəpik fırıldağı
8-04-2015, 10:52
Ölkədə fəaliyyət göstərən bəzi mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib. Tia.az xəbər verir ki, bir çox hallarda operatorlar daha çox pul qazanmaq üçün saxta endirimlərlə müştəriləri narahat edirlər.
Daha çox şikayətlərin eşidildiyi, ölkənin ikinci böyük mobil operatoru olan “Bakcell”dir. Hansı ki, bu şirkət internet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində abunəçilərinin cibinə mahir cibgir kimi girir.
Operator müştərilərini kredit kontur və 7 qəpiyə 1 saat kampaniyası ilə aldadır. Belə ki, kredit götürən müştəri yeni kontur yükləyəndə kredit məbləği təqribən ikiqat çıxır. “Əla CİN” tarifinə əsasən, “Bakcell” abunəçiləri şəbəkədaxili zənglərin bir saatına görə cəmi 7 qəpik ödəyirlər. Zəng intervalı isə 1 saat hesablanır.
Başqa sözlə, bu xidmətdən yararlanan abunəçi şəbəkədaxili zənglər üçün 7 qəpik ödəməklə 1 saat sərbəst danışa bilər. Yəni istifadəçi başqa bir “cin” nömrə ilə əlaqə qurduqda 1 saniyə, 1 dəqiqə və ya 1 saat danışmasından asılı olmayaraq, balansından 7 qəpik çıxılır.
Beləliklə “Əla CİN” tarifindən istifadə etdikdə qısa zənglər şirkətə, uzun zənglər isə istifadəçiyə sərf edir. Amma çox təəssüf ki, bu sahədə də şirkət öz fırıldaqlarını əsirgəmir. Belə ki, “Əla CİN” tarifindən yararlanan abunəçilərin sözlərinə görə, digər “cin” nömrəyə zəng etdikdə normal qaydada 1 saat danışmaq mümkün deyil.
Əlaqə hər 10-15 və hətta 5 dəqiqədən bir kəsilir və istifadəçi məcbur olub yenidən zəng etdikdə buna görə balansından əlavə 7 qəpik silinməli olur. Şirkətin irəli sürdüyü qaydalara əsasən, bir saat danışıq üçün 7 qəpik ödəməli olan abunəçi “Bakcell” şirkətinin “səyi” nəticəsində 14, 21, 28, 35 və daha çox qəpiklər ödəməyə məcbur olur.