Cəlilabadda sahibkar Prezidentə şikayət etdi: “Rəis deyir ki, gəlib məni görsün...”

23-05-2022, 00:03           
Cəlilabadda sahibkar Prezidentə şikayət etdi:
Teref.az yazır ki, Cəlilabad rayon sakini, sahibkar Şəmsəddin Bünyatov Prezidentə ünvanladığı müraciətin bir nüsxəsinidə poçtumuza göndərib.
Müraciətində Cəlilabad rayon sakini, sahibkar Şəmsəddin Bünyatov ona yaradılan süni maneələrdən şikayət edib. Sahibkar bildirib ki, rayon ərazisində onun “Dəyirman” adlı kafesi var. Yay aylarında kartof sezonu zamanı Cəlilabaddan Rusiyaya kartof daşıyan “TIR” sürücüləri onun kafesinin həyətində park edirlər. Yeməklərini də kafedə yeyirlər və kim istəsə kafenin ikinci mərtəbəsində olan qonaq otağında istirahət edir:

“Bir müddətdir ki, “Dəyirman” kafesini almışam və şəxsi mülkimdir. Burda bir neçə rayon sakini işləyib ailəsini dolandırır. Problemim isə Cəlilabad rayon Polis Şöbəsinin Göytəpə Polis bölməsiylədir. Göytəpə Polis bölməsinin rəisi Asif İmanov bir neçə dəfə obyektimə polis əməkdaşı göndərib və deyib ki, yanıma gəlib məni “görsün”. Mən isə getməmişəm”.

Ş.Bünyatov deyib ki, bundan sonra rəis onunla prinsipə düşüb və göstəriş verib ki, kafenin həyətində olan “TIR”lar ərazidən çıxarılsın və Muğan kəndi ərazisində olan qanunsuz “TIR” parkında park edilsin:

“Rəisin çağırışına getmədiyim və onu “görmədiyim” üçün obyektimə post patrul xidmətinin əməkdaşları gəldi. Onlar öz şəxsi ərazimdə olan “TIR”ları çıxarmaq üçün sürücülərə təzyiq göstərdilər. Onlar da məcbur olub ərazimi tərk edərək “TIR” parkına getdilər. İndi isə obyektimə bir sürücünün ayaq basmağa ixtiyarı yoxdur, çünki polis buna imkan vermir. Məsələylə bağlı bir neçə dəfə Daxili İşlər Nazirliyinin “102” xidmətinə də şikayət etmişəm”.

Ş.Bünyatov deyib ki, “TIR” parkı həbsdə olan keçmiş icra başçısına məxsus imiş:

“TIR” parkının fəaliyyəti isə tam qanunsuzdur. Bu park Cəlilabadın hazırda həbsdə olan sabiq icra başçısı Namiq Zeynalov tərəfindən tikilmişdi. Parkı isə Fuad Xudaverdiyev adlı rayon sakini idarə edir. Fuad Xudaverdiyevin qardaşı Qalib Xudaverdiyev isə Cəlilabad rayon icra başçısı Rafiq Cəlilovun birinci müavinidir”.

Sahibkar ona qarşı edilən bu özbaşınalığa görə ölkə başçısına və daxili işlər nazirinə şikayət edib:

“Mən bu özbaşınalığa son qoyulması üçün Cənab Prezident İlham Əliyevdən və Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdan kömək istəyirəm. Xahiş edirəm bu özbaşınalığa son qoysunlar”-deyə sahibkar bildirib.
Teref.az olaraq qarşı tərəfin mövqeyini öyrənə bilmıdik. Lakin buna baxmayaraq müraciətdə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.