Azad Rəhimovun müavini ilə bağlı – «Nurçu» iddiası
20-05-2016, 13:52
İntiqam Babayevi Fətullah Gülənlə bağlayan nədir?
Gənclər və İdman Nazirliyinin rəhbər şəxslərinin adı bu vaxta kimi müxtəlif səpkili neqativ məlumatlarda hallandırılıb. Amma diqqət çəkən əsas məqam ondan ibarətdir ki, nazir Azad Rəhimovun müavini İntiqam Babayev hər dəfə hansısa vasitələrə baş vuraraq problemli işlərdən özünü kənarda saxlamağı bacarır. Bu o demək deyil ki, nazir müavini şəffaf işləyir və buna görə adı tənqid olunan məmurların sırasında çəkilmir. Bu məmuru qoruyan hansısa sirli qüvvələr var. Apardığımız araşdırmalar nəticəsində aydın olub ki, kölgədə qalmağı bacaran nazir müavini əslində Gənclər və İdman Nazirliyində əsas söz sahiblərindən biri sayılır. Əldə etdiyimiz məlumatlara görə, nazirliyin yerli idarələrinə rəis və digər ştatlar üzrə təyinat məsələsinə birbaşa İntiqam Babayev nəzarət edir: «Yerli gənclər və idman idarələrində rəhbər vəzifələrdə çalışmaq istəyən şəxslər ilk növbədə Babayevin qəbulundan keçməlidir. O həmin adamları lazım olan qaydada «maarifləndirib» bəzi «prosedur»ları başa salır. Təbii ki, onun bu işdən əldə etdiyi gəlirlərdən nazirə də pay çatır. Bundan başqa, yerli idarələrə lazım olan avadanlıqlar, həmçinin cari təmir işləri ilə bağlı olan tender məsələlərini də İntiqam Babayev həll edir. Deyilənə görə, nazir müavini təmir-tikinti layihələri nəticəsində hər il külli miqdarda xeyir götürür. Və həmin vəsaitlərlə özünə Bakıda və ölkədən kənarda biznes şəbəkəsi yaratmağı bacarıb. Deyilənə görə, nazir müavini maliyyə yatırımlarını əsasən Türkiyəyə edir. Onun bu ölkədə bir neçə hotelinin olduğu yayılan məlumatlar arasındadır».
İntiqam Babayevlə bağlı əsas məqamlardan biri də onun «nurçu»larla əlaqələri haqdadır. Bir müddət belə məlumat yayıldı ki, gənclər və İdman nazirinin müavini İntiqam Babayevin də adı «nurçu»ların arasında yer alır: «İntiqam Babayevin hərəkatı maliyyələşdirmə məsələlərini üzərinə götürdüyü iddia olunur». Nazir müavini isə «nurçu» olması barədə iddiaların fakta söykənmədiyini deyib. O bildirib ki, bu gün üçün onu deyə bilərəm ki, mənim «nurçu» hərəkatı ilə heç bir əlaqəm yoxdur: «Mən öz ölkəmizdə öz vəzifəmdə, gənclərimizin inkişafına yönələn siyasətin həyata keçirilməsində iştirak edirəm». Hər halda od olmayan yerdən tüstü çıxmaz. Görünür, nazir müavinini «nurçu»ların lideri Fətullah Gülənlə bağlayan hansısa səbəblər var və biz bunu bilmirik. Qeyd edək ki, bu məsələ ilə bağlı araşdırmalara başlamışıq. Yeni bilgilər əldə edən kimi sizinlə də paylaşacağıq. Bizi izləyin. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
xalqxeber