Əbülfəs Qarayevin Xaçmazdakı adamından narazılıq - İTTİHAM VAR
25-05-2016, 13:59

Redaksiyamıza daxil olan məlumatlarda Xaçmaz rayonu Mədəniyyət və Turizm Şöbəsinin fəaliyyətində müşahidə olunan neqtiv hallara dair açıqlamalar təqdim olunur, şöbənin rəhbərliyi tərəfindən yol verilən ciddi nöqsanlar diqqət mərkəzinə çəkilir. Xatırladaq ki, hazırda Xaçmaz rayonunda 13 mədəniyyət evi, 102 kitabxana, 44 klub, 3 musiqi məktəbi, mədəniyyət və istirahət parkı və digər mədəniyyət və turizm obyektləri yerli sakinlərə və rayonun qonaqlarına xidmət göstərir. Məlumdur ki, Xaçmazın bu rayona üz tutan turistlərə təqdim edə biləcəyi çox böyük və maraqlı mədəni irsi, turizm üçün əlverişli ərazisi vardır. Bu səbəbdən də, rayonda regionların inkişafı proqramı çərçivəsində daxili və beynəlxalq turizmin inkişaf etdirilməsi məqsədilə bir çox əhəmiyyətli dövlət tədbirləri həyata keçirilir. Aldığımız məlumatlar da təsdiq edliir ki, rayonda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Lakin təəssüflər olsun ki, bu gün Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinə rəhbərlik edən Nazim Ağayev bu qurumun öhdəsinə düşən vəzifələrin vacibliyini və məsuliyyətini heç də yetərincə qiymətləndirmir. Belə ki, bizimdovr.az-a daxil olan məlumatlarda bildirilir ki, bu gün Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bütün turizm və istirahət mərkəzləri, eləcə də mədəniyyət obyektləri istisnasız olaraq hər ay Mədəniyyət və Turizm Şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “haqq” ödəməlidirlər.
Həmçinin məlumatlarda bildirilir ki, bölgədə turizmin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə şöbənin rəhbərliyi tərəfindən mənimsənilir.
Aldığımız açıqlamalarda xüsusi maraq doğuran məqamlardan biri də, Nazim Ağayevin yığıdığı bu vəsaitləri məhz kiminlə bölüşməsi məsələsinə aydınlıq gətirir. Mənbə bildirir ki, bu şəxs Mədəniyyət və Turizm Nazirliyində sektor müdiri vəzifəsində çalışan Pərviz müəllimdir. İddiaya görə, Pərviz müəllim təkcə Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsindən hər rübdə (üç aydan bir) 1500 manat məbləğində pul alır. Qeyd edək ki, Pərviz müəllim, əldə etdiyimiz məlumatlarda Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyevin yaxın adamı kimi təqdim olunur. Qeyd edilir ki, hələ Vaqif Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi zaman, Pərviz müəllim də onun rəhbərliyi altında çalışıb. Nazirliyə gələndən sonra da, Vaqif Əliyev öz kadrını yenidən yanına çəkib.
Qeyd etmək lazımdır ki, Nazim Ağayev özü də bir müddət əvvəl, Xaçmaz rayonuna Rafiq Niftəliyevin rəhbərlik etdiyi dövrdə RİH başçısının müavini vəzifəsində çalışıb. Bu gün isə, artıq Nazim Ağayevin növbəti hədəfi də məlumdur. Belə ki, Nazim müəllim yeddi rayonun Mədəniyyət və Turizm şöbələrinin birləşəcəyi Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinə müdir təyinat almağı öz qarşısına bir məqsəd olaraq qoyub. Təbii ki, bu məqsədi həyata keçirmək üçün də, ona Pərviz müəllimin (sözsüz ki, arxalarında Vaqif Əliyev durmaq şərtilə) dəstəyi lazım olacaq. Məhz elə bu səbəbdən də, Nazim Ağayev “yuxarıya” olunan rüblük ödənişləri gecikdirməməyə çalışır. Buna görə də, hazırda Xaçmaz rayonu Mədəniyyət və Turizm şöbəsinin fəaliyyəti intensiv pul yığımları ilə müşahidə olunur.
Qarşı tərəfin də məsələyə münasibətini dərc edə bilərik.