Şamaxıda oturub Zərdabı idarə edən müdir: CAVANŞİR MƏMMƏDOV
25-05-2016, 14:44
Samir Şərifovun «unikal» kadrlarından daha biri üzə çıxdı
Maliyyə naziri Samir Şərifovun qəribə və «unikal» kadrları varmış. Rayonlara təyin olunan yerli Maliyyə İdarələrinin rəisləri haqqında gələn məlumatlardan belə başa düşülür ki, həmin şəxslərin təyinatı heç də «boşuna» olmayıb. Əksinə, onların qəribə və əcaib xüsusiyyətlərinə görə, seçib, təyin ediblər.
JAM.AZ xəbər verir ki, Şərifovun daha bir maraqlı kadrı Zərdab rayon Maliyyə İdarəsinin rəisi Cavanşir Məmmədovdur. Məlumatlarda bildirilir ki, istisna hallarda rayonda olan və gününü Şamaxıda keçirən idarə rəisindən kağız almağın özü ayrıca müsibətdir. Əgər məmur hər hansı bir maliyyə arayışı və ya sənəd almaq istəyirsə, bunun üçün Zərdabdan Şamaxıya getməli, orada Cavanşir Məmmədovu tapmalıdır. Əks təqdirdə, arzusu reallaşmaya bilər.
JAM.AZ-a verilən məlumata görə, Cavanşir Məmmədovun Şamaxıya olan sevgisi səbəbsiz deyil. Birincisi, o, uzunmüddət bu rayonda Maliyyə İdarəsinin rəis müavini işləyib. İkincisi, çox hörmətli idarə rəisinin bu rayonda həm obyektləri, həm də heyvandarlıq komleksi var. Onun sürüləri yayda Şamaxı dağlarında bəslənirlərsə, qışda Zərdabda yataqda dolaşırlar. O səbəbdən də Zərdab Maliyyə İdarəsinin rəisi Şamaxıda oturub, həm özünün biznesini idarə edir, həm də rəisi olduğu rayonun maliyyə işlərini həyata keçirir.
Qeyd edək ki, Cavanşir Məmmədovla bağlı kifayət qədər məlumatlar var. Sadəcə, onların dəqiqləşdirilməsi lazımdır. Yaxın günlərdə Zərdabdakı idarə və müəssisələrin büdcələrini necə müəyyənləşdirməyin, habelə tenderləri hansı faizlərlə «uddurmağın» yolları barədə geniş məlumat verəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.