Burada dövlət sənədləri saxtalaşdırılır - ŞİKAYƏT

26-05-2016, 10:25           

Bu barədə Xəzər rayonunun Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızının Azərbaycan Respublikasının Baş prokuroru Z.Qaralova, Azərbaycan Respublikasının daxili işlər naziri R.Usubova Azərbaycan Respublikasının ədliyyə naziri F.Məmmədova və surəti redaksiyamıza ünvanlanmış şikayət məktubunda bəhs olunur.

Şikayətçi yazır ki, Xəzər rayonunda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin 7 saylı Notariat Kontorunda onun adına saxta etibarnamə tərtib edilib: «Bildirirəm ki, Xəzər rayonunda fəaliyyət göstərən 7 saylı Notariat Kontorunda xəbərim olmadan məndən-mənə 28.01.2013-cü il tarixdə 998 nömrəli reyestrlə bir il müddətinə saxta etibarnamə tərtib edilib. Həmin etibarnamə faktiki olaraq elektron məlumat bazasında yer alıb. Lakin etibarnamənin məzmunu gizli saxlanılır.
Qeyd edim ki, etibarnamə Quliyeva Firəngizdən-Quliyeva Firəngizə verilib. Bu məsələdən xəbər tutandan sonra 7 saylı Notariat Kontorunun rəisi Nadir Vədətovun qəbulunda oldum və ondan sözügedən etibarnamənin surətini istədim ki, məzmunu ilə tanış olum. Lakin Notariat Kontorunun arxivində xəbərim olmadan məndən-mənə 28.01.2013-cü il tarixdə 998 nömrəli reyestrlə bir il müddətinə verilmiş etibarnamənin surəti tapılmadı. Mən Notariat Kontorunun rəisi Nadir Vədətovdan israrla həmin etibarnamənin surətini tələb edəndə, ondan səsinin yüksək tonu ilə «mən nə bilim eee hardadı, yoxdu dəə» cavabını aldım.
İndi mənim üçün qaranlıq qalan odur ki, axı niyə mən özüm-özümə etibarnamə verməliyəm?! Belə də iş olar?!
Hörmətli cənab Baş prokuror!
Hörmətli cənablar!
Xahiş edirəm, 7 saylı Notariat Kontorunda xəbərim olmadan məndən-mənə 28.01.2013-cü il tarixdə 998 nömrəli reyestrlə bir il müddətinə verilən saxta etibarnamə araşdırılsın və günahkarlar məsuliyyətə cəlb edilsinlər”.
***
Xatırlayırsınızsa, ötən saylarımızda 7 saylı Notariat Kontorunda notariat əməliyyatları zamanı yol verilən qanunsuzluqlardan bəhs etmişdik…
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlamağa çalışdıq. Ancaq telefon zənglərimiz cavabsız qaldı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.\\tezadlar.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.