Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzinin işçiləri də şikayətçidirlər: “Həzmi-rabedən keçirdiyimiz əlavə ödənişlərimizi verin!”

3-02-2023, 09:54           
Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzinin işçiləri də şikayətçidirlər:
Naxçıvanın Yoluxucu Xəstəliklər Mərkəzinin işçiləri də MR Səhiyyə Nazirliyindən şikayətçidirlər.
Redaksiyamıza müraciət edən işçilərin iddiasına görə, MR səhiyyə sistemində ən az maaş alan onlardır. Məsələn, başqa xəstəxanalarda həkimlər 600 manat civarında maaş alırsa, Yoluxucu Xəstəliklər Mərkəzində bu miqdar 450-480 manat arasında dəyişilir. Halbuki, tibb sahəsində ən ciddi sağlamlıq risklərinə məruz qalanlar da məhz onlardır.
Təsəvvür edin ki, koronavirus pandemiyası zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu virusa yoluxanlara baxan tibb işçilərinin maaşının 5 misli miqdarında əlavə ödənişlərin verilməsini nəzərdə tutan Sərəncam imzalayıb. Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzinin tibb işçiləri isə əlavə ödənişləri yalnız 1-2 dəfə görüblər. Özü də maaşın bir misli miqdarında. Uzun aylar sürən bu pandemiya müddətində sözügedən xəstəxananın işçiləri günün 24 saatı işdə olsalar da, maaş cədvəlində xidmətləri 8 saat göstərilib və onlar yenə digər həmkarlarından aşağı maaş alıblar. Bir çoxları iş yerlərindən virusu evlərinə daşıyıb, yaxınlarını belə yoluxdurublar. Bəzilərinin yaşlı yaxın qohumları hətta bu səbəbdən dünyasını dəyişib. Buna baxmayaraq, hələ də öz imtiyazlarını əldə bilmirlər.
Tibb ocağının işçilərinin bildirdiyinə görə, pandemiyanın ən ağır günlərində onlara Babayeva Xeyrənsə Məmmədqulu qızı adlı həkim rəhbərlik edib. İxtisasca pediatr infeksionist olan sabiq baş həkim Xeyrənsə xanım 2021-ci ildə bu vəzifədən uzaqlaşdırılıb. Halbuki pandemiyanın ağır dövründə Naxçıvanda operativ komanda işi təşkil etməyi bacaran Xeyrənsə həkim heç evə getmədən gününü xəstələrin yanında keçirib və özü də koronavirusa yoluxub. Xəstəliyini də xeyli ağır keçirib.
Xeyrənsə xanım təcrübələrinə əsaslanaraq, koronaviruslu xəstələrin müalicəsi protokolu belə hazırlayıb, di gəl ki, onun uğurunu Nazirlik rəhbərliyi mənimsəyib və öz adlarına çıxıblar. Üstəlik, bu o zaman baş verib ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi koronaviruslu xəstələrlə dolub-daşdığı bir zamanda Naxçıvanın Səhiyyə naziri Niyazi Novruzov ölkə mediasına çıxıb bütün dünyanı qasıb qovuran virusun Naxçıvandan yan keçdiyini iddia edirdi.
Xeyrənsə xanımın işdən uzaqlaşdırılmasının səbəbinə gəlincə, şikayətçilərin iddiasına görə, 2021ci ilin aprel ayında nazirliyin əməkdaşları (nazirin köməkçisi Məhərrəm Talıbov və maliyyə sektorunun müdiri Asəf Musayev) onu yanlarına çağırıb deyib: “Zəngəzur dəhlizinin təmiri və açılması üçün bütün idarə müdirləri pul verməlidir, baş həkimlər də həmçinin. Sən də get, 50 min manat gətir”. Baş həkim bu tələbi geri çevirdikdən sonra ondan tələb olunan məbləğ iki qat artıb – 100 min manat. Xeyrənsə xanım bu pulu verə bilməyəndə isə işdən azad olunub və onun yerinə yoluxucu xəstəliklərlə heç bir əlaqəsi olmayan Leyla Əsgərova Dilsuz qızı adlı pediatr qoyulub.
Yeni Baş həkim gələndən Yoluxucu Xəstəliklər Mərkəzinin işçilərinin əlavə ödəniş tələblərinə ümumiyyətlə əhəmiyyət verilməyib. Hətta şikayətçilərin iddialarına görə, xanım tibb işçilərinin bu tələblərinə verilən cavab çox anlaşılmaz olub: “Səhiyyə Nazirliyinin maliyyə sektorunun rəhbəri Asəf Musayev deyib ki, əlavə ödəniş istəyənlər mənim yanıma gəlsin, kim xoşuma gəlsə əlavə ödənişi də ona verəcəyəm”.
Asəf Musayevin fikirlərinin nə anlama gəldiyini şərh etməyi bizim öhdəmizə buraxan şikayətçilər onu da bildirdilər ki, Səhiyyə Nazirliyində gəzən söz-söhbətə görə, bu adamı Naxçıvan MR Diaqnostika Müalicə Mərkəzinə rəhbər təyin etmək istəyirlər. Halbuki, ixtisasca belə həkim yox, maliyyəçidir.
Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin işçilərinin əsas tələbi pandemiya dövründə onların Nazirlik tərəfindən yeyilən əlavə ödənişlərinin verilməsidir. Tibb işçiləri bu barədə Prezidentin Naxçıvan üzrə nümayəndəsi Fuad Nəcəfliyə məktub ünvanlayıblar. Amma Naxçıvanın köhnə qvardiyası həmin məktubun ünvana çatmasına mane törədir. Həkimlər isə Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl kimi “demokratiyada çarələr tükənməzdir” deyib məktubun surətini Ovqat.com-a da göndəriblər. Biz də onların könlünə dəyməyib məktubun surətini yayımlayırıq.
Heydər Oğuz
Teref.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.