"Telefon Univermağı" müştərinin başına oyun acır, hüqularını pozur....

28-02-2023, 09:54           
"Telefon Univermağı" müştərinin başına oyun acır, hüqularını pozur....
Fevralın 15-dən etibarən Azərbaycan ərazisinə daxil olan istənilən mobil telefonların İMEİ kodlarının bəyan edilməsi tələb olunur. Yəni, burada söhbət yalnız mobil telefonun gömrükdə bəyan edilməsindən deyil, onun həm də İMEİ kodunun bəyan edilməsindən gedir. Hansı ki, əvvəllər məhz telefonun özü bəyan edilirdi. 15 fevral tarixindən etibarən, İMEİ kodu DGK bazasında olmayan telefonları RİNN-ə məxsus olan Mobil Cihazların Qeydiyyat Sistemində (portal.rinn.az) qeydiyyatdan keçirmək mümkün deyil. İMEİ kodu bir ay müddətində qeydiyyatdan keçirilməyən telefonlar da təbii ki, mobil operatorlar tərəfidən bloklanacaq və işləməyəcək. Ölkəyə gətirilən mobil telefonların bəyan edilməsi DGK-nın Smart Customs mobil tətbiqi və ya e.customs.gov.az portal vasitəsilə reallaşacaq. Ölkəyə şəxsi məqsəd üşün gətirilən mobil telefonun qiyməti 800 manatdan artıqdırsa, məhz həmin artıq hissəyə təxminən 40%-dək gömrük rüsumu və gömrük xərcləri hesablanacaq. Bütün bu məsələlər NK-nın məşhur 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı və 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası” ilə tənzimlənir. Əlbəttə, bu sərtləşmə, ilk növbədə şəxsi məqsədlər adı altında mobil telefonların biznesini quranlara zərbə vuracaq. Hansı ki, onlar bununla da mobil telefonları gömrük rüsumu ödəyənlərdən daha ucuz sata bilirdilər. Sadə vətəndaşlar isə, şübhəsiz ki, bazarda mobil telefonların qiymətlərinin artımını müşahidə edəcəklər. Vəziyyətdən çıxmaq üçün, İMEİ kodlarının süni yollarla, müxtəlif proqramlardan istifadə etməklə qeydi-qanuni dəyişdirilməsi də məsləhət görülmür. Ən azı ona görə ki, hökumət paralel olaraq da bununla bağlı cərimələri sərtləşdirib. Xatırladaq ki, İMEİ kodlarının daha əvvəllər 5 manat olan qeydiyyat rüsumları 31 iyul 2018-ci ildə 30 dəfəyədək qaldırılıb, təxminən 20-150 manat civarında müəyyən edilmişdi.

Ancaq rüsumlardakı bütün bu bahalaşmanın vətəndaş Ramil Ağakərim oğıu Kərimovun problemi ilə əlaqəsi olmamalıdır. Çünki o, başabəla bahalı telefonu fevralın 15-dən sonra deyil, 5 gün əvvəl alıb. Ramil Kərimov “Dəryaz” qəzeti redaksiyasına müraciət edərək, aldadıldığını, istehlakçı hüquqlarının pozulduğunu bildirib. Onun sözlərinə görə, bu il yanvarın 9-da ailənin yeganə gəlir mənbəyi olan “Yutub” kanalında daha keyfiyyətli videolar çəkib paylaşmaq üçün “Turanbank”dan ailə üzvü Kəmalə Mirbala qızı Kərimovanın adına 3000 manat pul götürüblər, ayın 11-də Bakı metrosunun “28 may” stansiyasının həndəvərində yerləşən “Telefon Univermağı” adlı mağazadan 2900 manata İPHONE 14 pro max 256” markalı telefonu qızıl zəmanətlə alıblar.


Lakin 15 gün ərzində qeydiyyatdan keçirəcəklərini vəd edərək əlavə 150 manat pul aldıqları halda üstündən yarım aydan artıq vaxt keçməsinə baxmayaraq, telefon qeydiyyatdan keçirilməyib. Həmçinin telefonun çəkiliş keyfiyyəti də qənaətbəxş olmayıb.

Mağazanın satıcısı Yaqub “bu gün – sabah açdıracam” deyib müştərini aldadıb. Sonra isə ümumiyyətlə, zəngə cavab verməyib.

Bundan sonra Ramil Kərimov Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsinə (PB) müraciət edib. Növbətçi hissədən Namiq adlı polis əməkdaşından onun ərizəsinin İsa adlı təhqiqatçıda olduğunu öyrənib. Di gəl, təhqiqatçı ilə əlaqə qurmaq və işin gedişindən xəbər tutmaq cəhdləri də nəticə verməyib.

Redaksiya olaraq, sözügedən ərazidə xidmət aparan Ramiz adlı sahə müvəkkili ilə telefon əlaqəsi qurduq. Sahə müvəkkili Ramil Kərimovun ərizəsi ilə bağlı işlərin nə yerdə olduğunu öyrənəciyini vəd etdi, həmmçinin bildirdi ki, adı çəkilən telefon mağazasında istehlakçı hüquqlarının pozulmasına dair başqa şikayətlər də vardır.

Daha sonra Nəsimi RPİ-nin rəisi Mirnemət Mirbabayevə faktla bağlı səsli mesaj göndərib məsələnin araşdırılmasını xahiş etdik. Qarşı tərəfdən mesajımıza cavab gəlmədi. Maraqlıdır ki, bunca şikayətlərin olmasına baxmayaraq, “Telefon Univermağı”nın fırıldaqlarına son qoymaq və vətəndaşların hüquqlarını qorumaq üçün polis tərəfindəın təsirli tədbirlər görülmür. O üzdən polisin bu tip mağazaların sahiblərindən aylıq “haqq” yığması və fəaliyyətlərindəki neqativ hallara göz yumması barədə dolaşan söhbətlər inandırıcı görünür.
Dəryaz.az
https://deryaz.az/?p=9986












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.