Şuşa Humanitar Kollecində rüşvət mövsümü

10-06-2016, 13:18           

Direktor Rəsul İsmayılov və müavini İslam Əhmədov təhsil ocağını korrupsiya yuvasına çevirib

Ölkə təhsilindəki problemlərlə bağlı mütəmadi olaraq mətbuatda informasiyalar dərc olunur.

Orta təhsil ocaqlarından universitetlərə qədər bütün təhsil sistemində rüşvətin tüğyan etməsi, rəhbər şəxslərin özbaşınalıqları artıq ictimiət tərəfindən adi hal kimi qəbul olunur.

MilliYol.az-ın elektron ünvanına təhsil ocaqlarındakı problemlərlə bağlı çox sayda şikayət məktubları daxil olur. Bunlardan biri də Şuşa Humanitar Kolleci ilə bağlıdır.

Məlumatda bildirilir ki, bu imtahan mövsümü əvvəlkilərdən fərqlənib. Belə ki, əvvəllər bir imtahan üçün 70-100 manat rüşvət alınırdısa, indi bu məbləğ daha da artaraq 130-150 manat olub. Məlumatı verən şikayətçi bildirir ki, kollecdə rüşvətin toplanmasına nəzarət edən əsas şəxs direktor müavini İslam Əhmədovdur. Direktor Rəsul İsmayılovun bütün səlahiyyətləri verdiyi müavin kolleci istədiyi kimi idarə edir.



Qiymət artımını ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirən direktor müavini buna görə Şuşa şəhər İcra Hakimiyyətini günahlandırır. İslam Əhmədov müəllimlərə açıq-aşkar deyib ki, artıq İcra Hakimiyyəti onlardan "haqq" almağa başlayıb. Guya icra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva onlara deyib ki, "Biz sizi Təhsil Nazirliyindən qoruyuruq, siz də hər imtahan mövsümündə bizə pul verməlisiniz".

Vüsalə Fətəliyevanın İslam Əhmədova bu sözləri deyib-demədiyini, başçı müavininin Şuşa Humanitar Kollecindən pul alıb-almadığını bilmirik. Amma direktor müavini bu sözləri müəllimlərin iclasında açıq-aşkar bəyan edib.


Şuşa Humanitar Kollecinin kollektivi

MilliYol.Az-a daxil olan məlumatda bildirilir ki, dünən Şuşa Humanitar Kolecində 4-cü kurslara keçirilən imtahan zamanı bütün tələbələrdən rüşvət yığılıb. Qrupda 27 tələbənin olduğu və hər birindən aldığı qiymətə görə rüşvət alındığı deyilir. Bildirir ki, hər tələbədən 100, 125 və 150 manat (aldığı qiymətə uyğun) yığılıb. Məlumatı verən şikayətçi iddia edir ki, müəllimlər pulları yığaraq birbaşa İslam Əhmədova təhvil verib. Hətta mənbə iddia edir ki, müəllimlərin rüşvət yığması prosesi tələbələr tərəfindən telefonun yaddaşına da köçürülüb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.