Polisə silah çəkən generala Bakıdan çıxış qadağası qoyulub

13-06-2016, 10:34           

Ramil Cəfərov vəzifəsindən kənarlaşdırılıb, onun şəhərdəki villasından çıxmadığı deyilir

Bu ilin aprelin 30-dan mayın 1-nə keçən gecə Bakının Binəqədi rayonunda silahlı insidentin baş verdiyi barədə məlumat yayılmışdı. Həmin məlumatda vurğulanırdı ki, Fövqəladə Hallar Nazirliyinin generalı Ramil Cəfərov iki polis nəfərinə silah çəkərək, onları hədələyib.
JAM.AZ xəbər verir ki, Bakının 6-cı mikrorayon ərazisində “Lexus” avtomobilini idarə edən (dövlət nömrə nişanı 90 SH 900) general Füzuli rayon Polis İdarəsinin ictimai təhlükəsizlk şöbəsinin sahə müvəkkili Rafael Xudiyevə tapança çəkib. İlkin təhqiqat zamanı müəyyən olunub ki, gecə saat 02.00 radələrində S.Məmmədov küçəsində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin 31 yaşlı zabiti Famil Quliyevlə FHN-in xidmət rəisi, 39 yaşlı general-mayor Ramil Cəfərov arasında münaqişə yaranıb. Quliyev “Mercedes” markalı avtomobilin, Cəfərov isə “Lexus”un sükanı arxasında olub.
Münaqişənin səbəbi sürücülərin bir-birlərinə yol verməməsi olub. Bu zəmində generalla zabit arasında mübahisə yaranıb. Bildirilir ki, general Cəfərov F.Quliyevi təhqir edərək hadisə yerindən uzaqlaşıb. Bu zaman F.Quliyevin arxasınca “Opel” markalı avtomobili ilə hərəkət edən tanışı-sahə müvəkkili Rafael Xudiyev generalın avtomobilinin arxasınca düşüb, onu ötüb və qarşısını kəsib. Bundan bərk qəzəblənən general maşından çıxaraq “Jeriko” markalı tabel silahını çıxarıb və polisə tərəf tuşlayıb. Lakin polis generala yumruq zərbəsi endirib və onun silahını əlindən alıb.
Qeyd edək ki, həmin vaxt JAM.AZ baş verənlərlə bağlı maraqlı bir məqamı aşkarlayıb. Məlum olub ki, generalın atası Nazim Cəfərov hal hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində məsul vəzifələrdən birini tutur. Belə ki, o, 2001-ci ildən Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsi və Telekommunikasiya sektorunun müdiri olaraq çalışır.
JAM.AZ xəbər verir ki, Ramil Cəfərovun necə general rütbəsi alması isə kifayət qədər müəmmalıdır. 38 yaşında birinin hansı xüsusi üstünlük və ya istedadına görə, o cümlədən bacarıq və xidmətinə görə ali rütbə alması yetərli qədər təəccüblüdür. Görünür, onun general olmasının səbəbkarı da elə atası Nazim Cəfərov olub. Çünki uzunmüddət vəzifə başında olan ata Cəfərovun hökumət nümayəndələri ilə də sıx təmaslarının olduğu inkar edilə bilməz. Ən azından onların telefon əlaqələrini quran əsas fiqur o olub. Belə olan halda, Nazim Cəfərovun məmurlarla yaxınlığı, yekunda oğlunun general rütbəsi almasına gətirib çıxarıb.
Amma hadisənin üzərindən artıq bir ay yarım vaxt keçməsinə baxmayaraq, Binəqədi Prokurorluğuna verilmiş işdən heç bir xəbər yoxdur. General Ramil Cəfərovun aqibətindən isə xəbər var. JAM.AZ-a daxil olan məlumata görə, polislərin üzərinə silah çəkən general FHN rəhbəri tərəfindən vəzifəsindən kənarlaşdırılıb. Yəni, işdən çıxarılmayıb. Və proses prokurorluqda istintaq başa çatana qədər davam edəcək. Daha dəqiq ifadə etsək, general Ramin Cəfərov istintaq başa çatana qədər vəzifəsini icra etmək səlahiyyətlərindən məhrum edilib. Prosesin yekununda isə onunla bağlı qəti qərar veriləcək. Güman edilir ki, sözügedən şəxs bir daha vəzifəsinə qayıda bilməyəcək.
Onu da bildirək ki, Ramil Cəfərova Bakını tərk etməmək tapşırığı verilib. Onun hazırda Bakıdakı bağ evlərindən birində qaldığı bildirilir.
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.