Veloturda şagirdlər yarışa baxmağa məcburi gətirilib? - RƏSMİ AÇIQLAMA
15-06-2016, 17:54
4-8 may tarixlərində Azərbaycanda velosiped üzrə IV "Azərbaycan turu" keçirildi. Bayraq Meydanından başlayan bu yarış Bakıdan başqa, Qəbələ, Oğuz, Şəki kimi rayonlarımızı əhatə edirdi.
Lakin başa çatmış bu beynəlxalq velosiped yarışı ilə bağlı Qaynarinfo.az saytı maraqlı informasiya əldə edib. Belə ki, əldə etdiyimiz bilgiyə görə, bu velosiped turlarına azarkeş marağı az olduğundan, məktəb şagirdləri yarışız izləməyə məcburi şəkildə cəlb olunub. Hətta bununla bağlı məktəb direktorlarına xüsusi göstərişlər də verilib.
Direktorlar isə öz növbəsində müəllimlərə öz siniflərindən olan şagirdləri velosiped yarışına aparmağa dair tapşırıq verib. Bəzi müəllimlər nədənsə bu qanunsuz göstərişə əməl etməyib. Bizdə olan informasiyaya görə, bu tələbə əməl etməmiş və ya buna "məsuliyyətsiz" yanaşmış müəllimlər şiddətli dərəcədə töhmət alıblar. Onlara bir də belə hal yaşanacağı halda, ərizələrini yazıb işdən çıxacaqları bildirilib.
Təbii ki, bu məsələ ilə bağlı qarşı tərəfin fikrinə yer verməyə bilməzdik. Bunun üçün veloturu təşkil edən Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuatla əlaqələndiricisi Pərviz Musayevlə əlaqə saxladıq. Lider TV-nin sabiq idman şərhçisi deyilənlərə belə münasibət göstərdi:
"Bizdə hər il yarış öncəsi Təşkilat Komitəsinin toplantısı keçirilir. Bildiyiniz kimi, Təşkilat Komitəsinin sədri federasiyamızın vitse-prezidenti Sahib Ələkbərovdur. Onun rəhbərliyi altında keçirilən iclasda yarışın keçirildiyi rayonların icra nümayəndələri, Dövlət Yol Polisi və təhlükəsizlik təmsilçiləri iştirak edir. Orda da Sahib müəllim dönə-dönə icra nümayəndəliklərinə tapşırıb ki, heç kimi məcburən yarışa baxmağa gətirməyin. Kiminsə uşağı gəlib günün altında halı pisləşəcəksə, buna görə məsuliyyəti kim daşıyacaq axı? Həmin Təşkilat Komitəsinin iclaslarının videogörüntüləri də var. Yəni komitə sədrinin özü belə kiminsə məcburi gətirilməsinin tərəfdarı deyil. Velosiped yarışlarında ən çox start və finiş nöqtələrində adamlar çox olur. Bir də yarışın şəhər və qəsəbələrarası yerlərində də insanlar müstəqil şəkildə idmançılara tamaşa etməyə gəlir. Ən azından biz kiməsə məcburi şəkildə yarışı izləməyə dair tələb qoymuruq".