Mübariz Ağayev oğlunun güdazına getdi: 2 il əvvəl baş vermiş atışmadan icra başçısının oğlu necə “sağ” çıxdı?

16-06-2016, 09:25           

Göyçay rayonun icra başçısı vəzifəsindən çıxarılan Mübariz Ağayev xəstəxanaya yerləşdirilib.
Bu barədə AzToday.az-a sabiq icra başçısına yaxın olan mənbələr məlumat verib.
Məlumatda deyilir ki, Mübariz Ağayev yaxın günlərdə gözündən əməliyat ediləcək.
İyun ayının 10-da icra başçısı postundan uzaqlaşdırılan Mübariz Ağayevin Kənd Təsərrüfatı Nazirliyinə müavin təyin ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı. Lakin bu məlumat rəsmən təkzib edildi.
Mübariz Ağayevin vəzifəsindən uzaqlaşdırılmasına əsas səbəb kimi sabiq başçının nəqliyyat naziri Ziya Məmmədova yaxın olması göstərilirdi. Məlumatlı mənbə isə Mübariz Aöayevin vurulmasının səbəbini Göyçayla bağlı şikayətlərin kifayət qədər çox olması ilə izah edir. Həmçinin sabiq icra başçısının oğlu Hüseyn Ağayevlə bağlı yayılan məlumatlar da burada həlledici olub.
Qeyd edək ki, bir qədər əvvəl Hüseyn Ağayevlə bağlı yayılan xəbərlərdə onun hər gecə barlarda 700-800 manat xərclədiyi iddia edilirdi. Həmin məlumatı olduğu kimi təqdim edirik:
“Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlu Hüseyn Ağayev hər gecə barlarda minimum 500-700 manat arasında pul xərcləyir. Bəzən isə icra başçısının oğlunun bir gecəlik bar xərcləri 1000 manatdan belə artıq olur. Bu barədə AzMedia.info saytını məlumatlandıran mənbə bildirir ki, Hüseyn Ağayev hər gecə paytaxtın gecə klublarında əylənir.
Milli Məclisin Aparatında çalışan Hüseyn Ağayev işdən sonra adətən birbaşa gecə klublarına üz tutur. Onu bir neçə yaxın dostu müşayiət edir. İcra başçısının ərköyün oğlunun ən çox göründüyü gecə klublarından biri isə “İnfiniti” barıdır. Demək olar ki, icra başçısının oğlu həftədə ən azı 3 dəfə bu barda olur və “İnfiniti”nin daimi müştərilərindən hesab olunur. Ona görə də “İnfiniti”də çalışan hər kəs Göyçayın icra başçısının oğlunu yaxşı tanıyır. Onun burada xüsusi “hörmət sahibi” olduğu da qeyd olunur. Çünki bədxərcliyi ilə tanınan başçı oğlu bir qayda olaraq “çay pulunda” da xəsislik etmir.
Qeyd edək ki, Mübariz Ağayev Quba rayon İcra Hakimiyətinin başçısı olduğu zaman Hüseyn Ağayevin adı Nabranda yerləşən “Atlant” İstirahət Mərkəzindəki atışmada hallanmışdı. Həmin vaxt “Atlant” İstirahət Mərkəzindəki atışma uzun müddət medianın gündəmində olmuşdu. Məsələnin böyüməsi ilə əlaqədar olaraq, Mübariz Ağayev mətbuata açıqlama verərək oğlunun “Atlant” İstirahət Mərkəzindəki atışmada iştirak etmədiyini və bu məlumatın şər-böhtan olduğunu iddia etdi. “Atlantda”kı hadisə ilə bağlı isə aparılan araşdırmadan sonra rəsmi qurumlar günahkarın həbs edildiyini və hadiəsinin icra başçısının oğlu ilə əlaqəli olmadığını bildirdilər.
Mübariz Ağayevin yeganə oğlu olan Hüseyn Ağayev atasının ərköyün balasıdır. Atası belə onun bir sözünü iki edə bilmir. İcra başçısının oğlu hazırda Milli Məclisin Aparatında işləyir və demək olar ki, iş saatlarından sonra digər məmur övladları kimi əsas məşğuliyyəti kef əyləncələrinə pul xərcləməkdir. İnformasiya mənbəmiz bildirir ki, Hüseyn Ağayev hər gecə ortalama 500-700 manat arası əyləncə mərkəzlərində, gecə klublarında pul xərcləyir. Orta hesabla icra başçısının oğlu hər ay təkcə barlarda 15-25 min manat arası pul xərcləyir ki, bu da ölkəmizdə müəllim və həkim işləyən bir vətəndaşın 10 illik əmək haqqısına bərabərdir.
Xatırladaq ki, Milli Məclisin Aparatında çalışan Hüseyn Ağayev 400 manat civarında maaş alır. Atası isə icra başçısı olaraq təqribən ayda 800 manat qazanır. Belə çıxır ki, Hüseyn Ağayev iki gecəyə barlarda həm özünün, həm də atasının maaşını havaya sovurur. Maraqlı orasıdır ki, qalan 28 gündə hansı pullarla və yaxud kimlərin pulları ilə əylənir. Bu sualın cavabını yəqin ki, ən yaxşı bilən Hüseyn Ağayev və atası Mübariz Ağayevdir.
Onu da qeyd edək ki, Hüseyn Ağayev dostları ilə tez-tez Gürcüstana səfərlər edir. Bu səfərlərə isə icra başçısının oğlu daha böyük pullar xərcləyir”.
Mənbə AzToday.az-a Hüseyn Ağayevin 2014-cü ilin avqust ayında Nabranda yerləşən “Atlant” istirahət kompleksində baş verən atışmada iştirak etdiyinə dair videogörüntüləri təqdim etdi. Həmin görüntülərdə Mübariz Ağayevin oğlunun atışmada iştirak etdiyinə heç bir şübhə qalmır. Onun səsi videoda aydın şəkildə eşidilir. Hər halda hüquq-mühafizə orqanlarının ekspertizasından sonra hər şey dəqiq məlum olacaq.
İki il əvvəl baş vermiş hadisə ilə bağlı mediada asağıdakı şəkildə işıqlandırılmışdı:
“Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlu avqustun 2-nə keçən gecə Nabranda yerləşən “Atlant” istirahət kompleksinə avtomatla daxil olaraq şəxsiyyəti hələlik məlum olmayan bir nəfəri güllələyib. Məlumata görə, hadisə qız üstündə baş verib.
Verilən məlumatlarda iddia olunur ki, Mübariz Ağayev həmin zaman imkanlarından istifadə etməklə oğlunu həbs etdirməyə imkan verməmişdi. Həmin hadisəyə görə, Göyçay bələdiyyə sədrinin oğlu və özü həbs edilir. Hüseyn Ağayev isə məsuliyyətdən yayındırılır
Mənbə bildirir ki, “Atlant” istirahət mərkəzində baş vermiş atışma hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırlmayıb. Ona görə də əsl günahkar, yəni Mübariz Ağayevin oğlu həbs edilməyib. Əks təqdirdə istintaq atışmanın video görüntülərindən Hüseyn Ağayevin orda iştirak etdiyini asanlıqla təyin edə bilərdi.
AzToday.az-a danışan mənbə hesab edir ki, bir nəfərin güllələnməsi ilə nəticələnən həmin hadisə yenidən araşdırılmalı və səbəbkarlar ciddi şəkildə cəzalandırılmalır.
“Atlant” istirahət kompleksində baş verən qanlı olayla bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə hadisə ilə bağlı videogörüntüləri, həmçinin istintaqın birtərəfli şəkildə aparılmasına dair sənədləri təqdim edəcəyik. Mübariz Ağayevin hansı yolla istintaqa təsir etdiyini də işıqlandırmağa çalışacağıq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.