Saatlı DSMF-nin sabiq rəhbəri özünə yeni iş axtarır
17-06-2016, 12:40
Son vaxtlar ölkə mətbuatında ən çox müzakirə olunan məsələlərdən biri də DSMF rayon şöbələrinin ləğvi və onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarına verilməsi prosesinin gedişi ilə bağlıdır. Təbii ki, artıq start götürmüş bu proses tədricən, mərhələlərlə həyata keçirilir. Bu səbəbdən də DSMF rayon şöbələri hələlik öz funksiyalarının icrasına əsasən davam edirlər. Bununla belə, bizimdovr.az-a Saatlı rayonundan daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, bu rayonun sakinləri həyata keçirilən islahatların mümkün qədər tez başa çatmasını və bununla da Hafiz Miriyevin özbaşınalıqlarından qurtulmalarını çox arzu edirlər. Məsələ bundadır ki, artıq uzun müddətdən bəri redaksiyamıza daxil olan məlumatlarda Saatlı rayon sakinlərinin sosial müdafiə baxımından bir sıra problemlərlə qarşılaşdıqları bildirilir. Vurğulanır ki, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin müdiri Hafiz Miriyevin və onun işçilərinin bu xüsusda məqsədyönlü şəkildə yaratdıqları süni bürokratik əngəllər mövcud problemləri daha da dərinləşdirir. Müxtəlif instansiyalara, o cümlədən bizimdovr.az-a təqdim etdikləri şikayət ərizələrində Saatlı sakinləri bu rayonda fəaliyyət göstərən DSMF şöbəsində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən bəhs edirlər. Məlumatlarda qeyd olunur ki, şöbə müdiri Hafiz Miriyev işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurlar. Hafiz Miriyevin rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən şikayətçilər iddia edirlər ki, artıq Saatlı sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər: “Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə təhdid dolu məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsində adi hal alıb. Amma bunun müqabilində, qanuni cərimələrdən yaxa qurtarmağın da yolu var. Bunun üçün Hafiz Miriyevin özünə həmin cərimələrin yarı məbləğini nəğd şəkildə ödəmək olar. Şöbənin müdiri maraqlarını təmin etmək, məqsədini reallaşdırmaqdan ötrü az qala hər vasitədən, hətta rayonun güc sturukturlarının adından da istifadə etməkdən çəkinmir. Məhz bunun nəticəsidir ki, hazırda Hafiz Miriyev rayonun ən zəngin məmurlarından birinə çevrilmişdir...” Daha sonra bizimdovr.az-a verdikləri açıqlamada Saatlı sakinləri bildirirlər ki, Hafiz Miriyevin əlindən qanuni pensiyalarını ala bilmirlər. Pensiya alınması ilə yanaşı, ona nail olmaq üçün də DSMF-nin Saatlı rayon şöbəsində bir xeyli pul tələb edilir. Etiraf etmək lazımdır ki, müvafiq yoxlamalar aparılacağı təqdirdə DSMF-nin bir çox rayon şöbələrində bu kimi faktların mövcudluğu aşkar oluna bilər. Belə vəziyyət isə ölkənin sığorta-pensiya sisteminin effektivliyini ən azından mübahisəli edə bilər. Konkret DSMF-nin Saatlı şöbəsindən olunan şikayətlərə gəlincə isə, rayon sakinləri hələ də ümid edirlər ki, əlaqədar orqanlar bu qurumun fəaliyyətini ən ciddi şəkildə təftiş edəcək və Hafiz Miriyevin özbaşınalıqlarına son qoyacaqlar. Əks halda isə, bu məmurun bundan sonra da, hələ uzun müddət Saatlının sosial müdafiə sahəsini talamaq barədə konkret və ciddi planları mövcuddur. Mənbələrin iddialarına görə, Hafiz Miriyev hal-hazırda rəhbərlik etdiyi DSMF şöbəsinin tərkibində Saatlı rayon ƏSM Mərkəzinə transfer olunmaq və hətta birləşmədən sonra yeni formalaşacaq quruma da rəhbər təyin olunmaq üçün müəyyən yollar axtarır...
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.