Nəsimi RPİ-də sifariş yerinə yetirirlər?
17-06-2016, 16:36
Sovet İttifaqı vaxtında hərbi komissarlıqların əsas gəlir mənbəyi saxta hərbi bilet vermək idi. Bu günlərdə bizə Abşeron rayonunun Xırdalan şəhər sakini Elnur Talıblı müraciət edib. Onun sözlərinə görə, bir müddət əvvəl 24 yaşlı Hövsan sakini Orucəli Kazımovla tanış olub.
“Orucəli Davud oğlu Kazımov mənə hərbi xidmətlə bağlı problemi olduğunu bildirdi. O bildirdi ki, Rusiyada ailəsi ilə birlikdə 11 il yaşayıb və hərbi xidmətdə olmadığına görə işə düzələ bilmir . Mənim 2014-cü ildən tanıdığım 1967-ci il təvəllüdlü Bulud Əlisa oğlu Qafarova bu barədə danışdım. Buludun dediyinə görə, o 20 il Rusiyada hərbçi kimi xidmət edib və hazırda təqaüddədir. Bulud mənə dedi ki, Orucəliyə kömək edə bilər və Rusiyadakı dostları vasitəsilə Orucəlinin RF-də xidmət etməsi haqqında hərbi bilet təşkil etmək mümkündür. Bunun üçün də, Bulud beş min manat tələb etdi”, – deyə E.Talıblı qeyd etdi.
“Orucəli Kazımov tələb olunan pulu verməyə razılaşdı?” – deyə soruşduq. “Bəli, 2016-cı il aprelin 11-də və 12-də Orucəlidən 1630 manat alaraq, Buluda apardım. Bulud dediyi məbləğin hamısını tələb etdi. Orucəli dedi ki, bir ay içində pulu ödəyəcəyəm, amma qızıl girov verə bilərəm. Ondan bir ədəb boyunbağı, bir ədəd qadın üzüyü, bir ədəd də qolbaq alaraq (34 qram 785 əyar , 22 qram 750 əyar – cəmi 54 qram) Buluda verdim. Üstündən bir ay keçdi, mayın 12-də Orucəli Buluda pulun qalanını verməli idi. Lakin nə Orucəli tərəfdən pul verildi, nə də Bulud tərəfindən sənəd düzəldildi. Bulud qızılı aldığını da inkar elədi.
İyunun 12-də səhər işə gedərkən, “Şamaxinka” yaxınlığında “Bank of Baku”nun yanında bir qrup mülki şəxs telefonla danışdığım zaman qoluma girərək, “Fiat” markalı, ağ rəngli, amma polis rekvizitləri olmayan bir avtomobilə mindirdilər. Onlar məni Nəsimi RPİ-nin 19-cu bölməsinə apardılar. Orda təhqiqatçı kapitan Eldar Məmmədov məni dindirdi. Məni ittiham etdilər ki, mən guya Orucəlidən 380 qram qızıl və 5 min manat almışam. Mən bildirdim ki, Orucəlidən 1630 manat pul və 54 qram qızıl aldığımı inkar etmirəm və ödəməyə hazıram”, – deyə E.Talıblı qeyd etdi. Biz kimin haqlı, kimin haqsız olduğunu mühakimə etmirik. Amma saxta hərbi sənəd almaq cinayətdir. Bu o mənaya gəlir ki, saxta hərbi bilet üçün pul verən şəxs də məsuliyyətə cəlb olunmalıdır.
“Sizə doğru məlumat verməyiblər. Mənim müdafiə etdiyim şəxs tamam başqa məsələ ilə bağlı şikayət yazıb”, – deyə Orucəli Kazımovun nümayəndəsi Gülayə Quliyeva kavkaznews.az-a bildirdi. Gülayə Quliyevanın sözlərinə görə, Elnur Talıblı yalandan Orucəli Kazımovu inandırıb ki, ona şəxsiyyət vəsiqəsi düzəldəcək: “Elnur Talıblı Orucəli Kazımovu inandırıb ki, guya şəxsiyyət vəsiqəsi saxtadır və polis bunu bilsə onu həbs edəcək. Onunla bağlı 17-ci bölməsinə də şikayətlər olub. Əgər həqiqəti bilmək istəyirsinizsə, 19-cu bölməyə müraciət edin”. “Elnur Talıblı Orucəli Kazımova saxta hərbi bilet düzəltməli idi”, – deyə təhqiqatçı Eldar Məmmədov Kavkaznews.az saytına bildirdi. “Elnur Talıblı barəsində başqa şikayətlər də varmı?” – deyə soruşduq. “Mən cavab verməkdən imtina edirəm”, – deyə təhqiqatçı bildirdi.