Sumqayıtda dövlət büdcəsi saxta MMC-lər vasitəsi ilə açıq-aşkar talanır

20-05-2023, 08:39           
Sumqayıtda dövlət büdcəsi saxta MMC-lər vasitəsi ilə açıq-aşkar talanır
Son illər Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən dövlət satınalmalarında yol verilən saxtakarlıqlar bitmək bilmir. Bu, sözügedən qurum tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilən bütün məlumatlarda özünü açıq şəkildə biruzə verir. Elə bir neçə gün əvvəl idarənin nəticələrini açıqladığı bir tenderdə olduğu kimi.

Sözügedən qurum yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu daha bir açıq tenderə yekun vurub. Qurum bu dəfə də qanunsuzluqdan yan keçməyib. “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 279.660 manat məbləğində satınalma müqaviləsi bağlamağa hazırlaşır.Bu barədə 05.05.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib. Tender toplusunun şərtlərinə görə müsabiqənin başlama tarixi 12.04.2023-cü ilə, zərflərin açılış tarixi isə 17.05.2023-cü ilə təyin olunub. “SAFFİRA PLUS” MMC isə 26.01.2023-cü il tarixində, yəni müsabiqənin başlanılmasından 3 ay əvvəl dövlət qeydiyyatına alınib. Bu MMC ilin sonuna qədər Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsini müxtəlif dekorativ bitkilər, gül kolları ilə təmin etməlidir.

Göründüyü kimi MMC Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin keçirdiyi tenderlərdə qalib elan etdiyi digər MMC-lər kimi yeni yaradılıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Fətəliyeva Nurlanə Şahin qızı qeyd olunub.

Bəs Fətəliyeva Nurlanə Şahin qızı kimdi?

Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin yaşıllıqların salınması işləri üzrə mart ayında keçirilmiş dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi olmuş “4 MM AQRO” (VÖEN- 6701560141) MMC-nin də qanuni təmsilçisi. Hansı ki, araşdırdığımızda məlum oldu ki, “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda bu MMC -də “SAFFİRA PLUS” MMC ilə eyni tarixdə, eyni ünvanda dövlət qeydiyyatına alınıblar. Hansı ki, həmin kəndə dövlət qeydiyyatına alınmış “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi 2020-ci ildə ümumi olaraq 390 580 manat məbləğində bir neçə satınalma müqaviləsi bağlayıb. Həmin kənddə qeydiyyatda olan Hüseynov Sehran İmran oğlunun və qızlarının adına yaradılmış bir neçə MMC də vaxtaşırı Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin keçirdiyi dəyəri yüzminlərlə ölçülən tenderlərin qalibi olublar.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu bir açıq tenderə də 05.05.2023-cü il tarixdə yekun vurması barədə bir neçə gün öncə məlumat vermişdik. Burada isə “FİRE ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuşdu və 293.702 manat məbləğində satınalma müqaviləsinin bağlanılmasının nəzərdə tutulduğunu qurum dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlamışdı. Göründüyü kimi idarə son iki ayda yaşıllıqların salınması işlərinin satın alınması adı altında büdcədən beş yüz min manatdan çox ayırıb. Hansı MMC-lərə?

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin satınalma müqaviləsi bağladığı MMC-lərin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik. Yüzminlərlə manat dəyərində tender udan bu MMC-lərin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur. Eyni şəxslərə və onları qohumlarının adına yaradılan MMC-lərin saxta olduğu buradan da görməmək mümkün deyil. Qeyd edək ki, bu tip saxta MMC-lərlə şübhəli tenderlər Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən hər il təkrarlanır.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı. Buradan sual yaranır. Keçmiş Komitə sədrinin qardaşı olmaq İlyas Həsənova Azərbaycanın qanunlarından istədiyi kimi istifadə etməyə görəsən nə qədər haqq qazandırır. Saxta MMC-lərlə Yaşıllaşdırma İdarəsinin büdcəsini açıq-aşkar talayan İlyas Həsənovun qanunsuz əməllərinin qarşısı nədən alınmır? Maraqlı orasıdır ki, İlyas Həsənov bu qanunsuzluqları aidiyyatı dövlət qurumları ilə birgə həyata keçirir. Hətta İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi dövlət qurumunun rəsmi internet portalına yerləşdirilmiş köhnə məlumatları belə sildirir.

Bütün bu saxtakarlıqların başında isə kimin durduğu bəlli deyil. İlyas Həsənov, Əli Həsənov qardaşlarımı, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovmu?

Aktualinfo.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.