Bakıda hüquqşünasa hücum - Polisin bacarmadığı şəxs kimdir?

18-06-2016, 19:15           

İyunun 14-də Bakıda qadın intihara cəhd edib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun A. İsmayılov küçəsində qeydə alınıb. Həmin küçənin sakini İradə Dövlətxan qızı İsmayılova yaşadığı evdə ülgüclə qollarını kəsib. Qadın xəstəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırılır


İntihara cəhd edən 1985-ci il təvəllüdlü İradə Dövlətxan qızı İsmayılovanın nümayəndəsi Ellada BayramovaFemida.az-a bildirdi ki, hadisə heç də evdə baş verməyib:

“İradə qollarını küçədə və keçmiş həyat yoldaşı, 1976-cı il təvəllüdlü Niyazi İsmayılovun gözləri qarşısında doğrayıb. Onlar 2013-cü ildə evləniblər, 2015-ci ilin sentyabrında ayrılıblar. Niyazi hamilə vaxtı da İradəni döyürdü, sonra boşanmaq istədikdə gəlib atasını da döyüb. Onlar 20-ci sahədə həyət evlərində qalırlar, qonşudurlar. Tez-tez uşağı görmək bəhanəsiylə gəlib işıqlarını söndürüb, qazlarına müdaxilə edir, İradəni döyür. Uşağı neçə dəfə oğurlamağa çalışıb. İradədən başqa, qeyri-rəsmi yaşadığı başqa qadın da var. Mən neçə dəfə İradəni qorumağa çalışmışam, polisə də müraciət eləmişik, heç bir iş görülməyib. Gəlib məni də təhqir edib”, – deyə E.Bayramova vurğuladı.

“Tibbi ekspertiza nəticələri də var. Dəfələrlə müraciət edib, 102-yə zəng edib, ərizə də yazıb, amma İradə İsmayılovanı eşidən yoxdur. Biz yenə də 41-ci bölməyə müraciət etmişik, burda intihar həddinə çatdırma faktı var. Lakin bir tədbir görülmür”, – deyə İ.İsmayılovanın nümayəndəsi qeyd etdi.


Bununla sakitləşməyən Niyazi İsmayılov hüquqşünasa də hücum çəkib və onu ölümlə hədələyib.

“ Dünən ( 17.06.2016) hüquqlarını müdafiə etdiyim şəxsin evindəydim. Həmin vaxt gördüm ki, pəncərəni kimsə döyür. Baxanda gördük ki, bu Niyazi İsmayılovdur. Pəncərədən mənə işarə edirdi ki, çölə çıxım. Saat hardasa 21:00 olardı. Oradan getmək üçün taksi çağırdım. Elə küçəyə çıxmışdım ki, üstümə gəldi. Əlində də nə isə var idi. Əlini mənə atdı. Çantamın qulpu qırılıb, əlində qaldı. Çətinliklə maşına əyləşdim. Başladı məni söyməyə və təhqir etməyə. Dedi ki, adam tutub məni öldürtdürəcək. Həmin vaxt zorla ərazidən uzaqlaşdım. Onunla bağlı Səbail rayon 41-ci polis bölməsinə müraciət etmişəm.O məni ölümlə hədələyib.Onun hərəkətləri açıq-aşkar hədə qorxudur. Məndən sonra hüquqlarını müdafiə etdiyim şəxsin evini daşa basıb.Onlara da hədə-qorxu gəlib.”

Məsələ ilə bağlı 41-ci polis bölməsi ilə əlaqə saxladıq. Növbətçi hissədən bizə bildirdilər ki, məsələ ilə bağlı məlumat verə bilməzlər. DİN-in Mətbuat Xidməti ilə əlaqə saxlayaq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov məsələyə həmişəki kimi öz tərzində münasibət bildirdi. O vəkilə hücumla bağlı məlumatı olmadığını və bunun bölmə tərəfindən araşdırılacağını bildirdi.

Məsələni diqqətdə saxlayacağıq. Mövzu ilə bağlı Niyazi İsmayılovun da mövqeyini işıqlandırmağa hazırırq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.