Bakı merinin menyüsünə: Şəhid məzarları əyilib, çatlar var...

19-06-2016, 13:05           

Meriya 2-ci Fəxri Xiyabanda yaranmış vəziyyətə diqqət yetirməlidir

Şəhid məzarlarına qarşı biganəlik və yaxud hörmətsizlik kimi problemlər hər zaman mətbuatın müzakirə predmeti olub. Baxımsız məzar daşları, əyilən baş daşları ictimaiyyətin ciddi narazılığına səbəb olub. Amma beləsi heç olmamışdı.

1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olan Orucov Elyaz Namaz oğlunun baş daşı bir kənara atılmış vəziyyətdədir. Əməkdaşımızın ikinci Fəxri Xiyabanda rastlaşdığı bu mənzərənin hansı səbəbdən baş verdiyi bilinmir. Vətən uğrunda canından keçən şəhidə hörmət budurmu? Şəhidin baş daşı hansı səbəbdən çıxarılıb? Təbii fəlakətlə uçubsa, niyə bərpa olunmayıb və ya niyə belə kənara atılıb. Əməkdaşımız baş daşının hansı sinə daşının üzərindən çıxdığını axtarsa da, tapa bilməyib. Xiyabanın gözətçisi də məlumatsız olduğunu deyib. Qeyd edək ki, bu məsələ sosial şəbəkələrdə ictimailəşəndən sonra jurnalist Adil Adilzadə rəy yazaraq bu cür halların məzarın bərpası ilə bağlı olduğunu deyib: "Mənim dayım da ikinci Fəxri Xiyabanda uyuyur. Belə daşların çıxarılması şəhidin yaxınları tərəfindən edilən müraciətdən sonra olur və yeniləri ilə əvəzlənir”. İstənilən halda şəhidə qarşı hörmətsizlik var. Bərpa məqsədi ilə olsa belə, şəhidin baş daşını sinə daşından ayırıb hara gəldi atmaq onların ruhuna təhqirdir. Şəhidlik ən ulu zirvədir və bu zirvəyə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməksə hər kəsin vətəndaşlıq borcudur.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, şəhid məzarlarına münasibətdə ehtiyatlı olmaq lazımdır: "Şəhid məzarlarındakı hansısa problemlə bağlı həm ictimai təşkilatlar, həm də mətbuat vaxtında reaksiya verməli, aidiyyəti orqanlara müraciət eləməlidir. Müvafiq qurumlar da hansısa bir addım atan zaman diqqətli olmalıdırlar ki, görülən işin keyfiyyətinə kölgə salınacaq hadisələr yaşanmasın. Ötən il Ağdamın işğal günündə Şəhidlər Xiyabanında olan məzarların hər birini ziyarət edib, məzarları nəzərdən keçirdik. Məlum oldu ki, şəhidlərin bir neçəsinin baş daşları əyilib, bəzilərində çatlar yaranıb. Məzarların ətrafında heç bir abadlıq işləri aparılmayıb, hər yan kol-kos içindədir. QAT üzvləri olaraq biz elə oradan birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin binasına qədər piyada yürüş elədik. Bakı meri Hacıbala Abutalıbov bizi qəbul elədi və problemlə bağlı uzun müddət söhbət apardıq. Hacıbala müəllim də qeydlərini götürüb, elə yerindəcə müvafiq şöbələrə zəng edib öz tapşırıqlarını verdi. Həmin görüşdən sonra iki-üç ay müddətində biz Şəhidlər Xiyabanında bərpa və abadlıq işlərinin görüldüyünün də şahidi olduq. Amma yenə də müəyyən problemlər qalmaqdadır. İndi də 2-ci Fəxri Xiyabanla bağlı bu cür narazılıqlar meydana çıxırsa, deməli, görülən işlər lazımi səviyyədə deyil. Hesab edirəm ki, BŞİH hər hansı bir etiraz və ya müraciət olmadan da bu işə diqqət ayırmalıdır. Şəhidə qarşı bu cür münasibət yolverilməzdir. Biz aldığımız hər nəfəsi onlara borcluyuq. Ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik”.

İlahiyyatçı-alim Elşad Miri isə deyib ki, islam dinində məzar daşı anlayışı yoxdur. Sadəcə qəbrin kimə məxsus olduğu bilinsin deyə adi bir daş üzərinə ad yazmaq olar. Dində qəbirlərin qalması məqsədəuyğun olmadığı üçün bərpası da doğru deyil.

//"Şərq" qəzeti













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.