Generalın qardaşı bazarkomla birləşib sahibkarın dükanlarını hasarladı

20-06-2016, 04:23           

Sumqayıtdan redaksiyamıza şikayət məktubu daxil olub. Qaynarinfo.az-a müraciət edən sahibkarlar şəhərdə generalın qardaşı olan müavinin “bazarkom”la birləşərək 66 sahibkarın dükanını hasarladını bildirib. Onların sözlərinə görə, nəticədə 300 nəfər işsiz qalıb.

Bu barədə məlumat verən sahibkarlar vəziyyətin acınacaqlı hal aldığını bildirdilər. Onlar sahibkar Rəşid Babayevin “Şərq bazarı”ında 66 dükanı hər vəchlə, qanunsuz olaraq sökməkdə israrlı olduğunu deyirlər. Şikayətçilər bu işdə adıçəkilən sahibkara yerli icra hakimiyyəti səviyyəsində himayədarlıq edildiyini və xüsusi dəstək verildiyini bildirirlər.

Redaksiyamıza müraciət edən bir qrup sumqayıtlı sahibkar “Şərq bazarı”nın müdiri Rəşid Babayevin Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin qardaşı, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısınin birinci müavini Akif Quliyev ilə əlbir olaraq qanuni sənədləri olan dükanlarının əlindən alınıb, sökülməsi məqsədilə abadlaşdırmaq bəhanəsi ilə tamamilə hasarlanmasını bildirir. Belə ki, bu yaxınlarda Akif Quliyev sahibkarlarla bir neçə dəfə görüşüb. Birinci görüşdə deyib ki, dükanlar söküləcək, indi vəziyyət Eldar Əzizovun (Sumqayıtın keçmiş icra başçısı) vaxtındakı kimi deyil. Sonradan isə deyib yox, "bəs dükanlarınızın qabağını hasarlayırıq ki, abadlaşdıraq, mallarınızı çıxarın, amma dükanlaranıza əl dəyilməyəcək". Ancaq axırıncı görüşlərin birində Akif Quliyev taktikanı dəyişib və dükanlarının abadlaşdırması üçün 66 sahibkara Sumqayıt icra başçısı Zakir Fərəcovun bu il fevralın 26-da imzaladığı, Rəşid Babayevə məxsus, RŞHT şirkəti ilə bağlı sərəncamı göstərib. Hansı ki, bu sərəncamın əslində 66 sahibkara heç bir aidiyyatı yoxdur. Həmin sərəncamda bildirlir ki, mövcud ticarət mərkəzi uzunmüddətli istismar nəticəsində fiziki aşınmaya məruz qalıb, memarlıq baxımdan müasir tələblərə cavab vermədiyi üçün və şəhər Memarlıq və Şəhərsalma İdarəsinin təklifini nəzərə alaraq, 9-cu mikrorayon ərazisindəki, RŞHT şirkətinin istifadəsində olan sahədə şirkətinin ticarət mərkəzinin yenidən qurulmasının layihələşməsininə icazə verilsin.

Ən əsası isə RŞHT şirkətinə heç bir aidyiyyatı olmayan, 66 sahibkara məxsus arkalı dükanlardan bir kəlmə deyilmir. Öncə qeyd edək ki, “Şərq bazarı” demək olar ki, yarandığı gündən bugünə qədər söz-söhbətdən, problemlərdən yan dura bilməyib. Bunun da əsas səbəbkarı sahibkarlardan neçə illərdir əl çəkməyən, dükanların ona məxsus olmamasını həzm etməyən Rəşad Babayevdir. Bir neçə il əvvəl ölkə mətbuatını Sumqayıtda “Şərq bazarı” adlanan ticarət mərkəzi ətrafında 66 sahibkar və Rəşid Babayev arasında yaşanan qarşıdurma zəbt etmişdi. Aylarla bu məsələ ölkənin yüzlərlə tanınmış qəzet və saytlarının manşetindən düşmürdü. Neçə illərdir həllini tapmayan bu məsələdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdən, onun qardaşı, Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Akif Quliyevdən tutmuş, keçmiş baş prokuror, hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənova, onun qardaşı Şahin Həsənova, eləcə də keçmiş icra başçısı Eldar Əzizova və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova qədər qədər bir çox məmurların adı hallanıb. Qısa xatırlatma üçün bildirək ki, bazarın müdiri Rəşid Babayev 2010-cu ildə “Şərq bazarı”nın bir hektardan çox ərazisini gizlincə və qanunsuz olaraq özəlləşdirəndən sonra "həvəslənərək" sözügedən 66 obyekti sahibkarların əlindən almaq, sonradan isə ümumiyyətlə sökmək istəyirdi. Baxmayaraq ki, cəmi 12 sot ərazini əhatə edən 66 obyektin sahiblərinin əlində dükanların onlara məxsus olması haqda “daşdan keçən” tam qanuni sənəd olub.

Sahibkarlar düşünürlər ki, sadəcə “bazarkom” Rəşid Babayev artıq qanuni yolla dükanları sökdürə, ələ keçirə bilmədiyini görüb şəhər İcra Hakimiyyətindəki və başqa məmurlara arxalanaraq onların dükanlarını guya abadlaşdırmaq məqsədilə hasarladaraq müflis edib, sonra isə dükanlarını əlindən almaq istəyir. Sahibkarlar bildirirlər ki, əgər Rəşid Babayev abadlaşmağın belə qızğın tərəfdarıdırsa, elə “feodalizmdən” qalan öz bazarını, Suriya xarabalığını xatırladan binasını indiyi kimi abadlaşdırardı: "Bazarın ətrafındakı bərbad vəziyyət olan yolları, ətrafa dəhşətli üfunət qoxusu verən zibilxanaya əl gəzdirərdi. Bazardakı bütün təmizlik işləri ruhi xəstə olan Mətinin ümidinə qalmazdı. Yeri gəlmişkən ruhi xəstənin illərlə qəpik-quruşa işlədilməsi özü də qanuna zidddir".

Amma bu Azərbaycan qanunlarını saya salmayan Rəşid Babayevin üçün bu adi şeydir. O hətta qəzəbindən şəxsən mallarını təpiklədiyi sahibkarlara “sizin udduğunuz məhkəmə qərarları mənim üçün heç nədir” deməkdən də çəkinmir. Maraqlıdır ki, şəhərdə geniş abadlaşma işləri aparan İcra Hakimiyyəti də açıq havada, düz yolun kənarında XXI əsrdə Sumqayıtın mərkəzində orta əsrləri xatırladan, antisanitariya mənbəyi olan meyvə-tərəvəz bazarına nədənsə neçə vaxtdır göz yumur. Halbuki, ən ucqar rayonlarda orta əsrləri xatırladan bazar yoxdur.

"Abadlaşmağa qalsa, min bir zülmlə ailələrinə çörəkpulu qazanan sahibkarlar Şəhər Memarlıq və Şəhərsalma İdarəsində keçən il müdir müavini olan Kamil Məmmədova 135 min pul yığıb veriblər. Abadlıq işləri başlayıb, ikinci mərtəbə üçün dirəklər belə qaldırılıb, amma Rəşid Babayev Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verib. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırılıb" deyə məktubda bildirilir.

Sahibkarlar deyir ki, onlar yenidən öz vəsaitləri hesabına dükanlarını gözəl bir layihə əsasında müasir görkəmə sala bilərlər: "Əgər dükanlar sökülmürsə, sadəcə abadlaşdırılma məqsədilə İcra Hakimiyyəti tərəfindən təmiz hasarlanırsa, niyə mallar çıxmalıdır?! Biz şəhərin görünüşünü yaxşılaşdırmağı təqdirəlayiq hal saysaq da, insanların mülkiyyət hüququnun pozulmasına qarşıyıq".

Ümumiyyətlə Rəşid Babayev və onun havadarları tərəfindən sahibkarların şəxsi əmlakını ələ keçrmək cəhdləri dəfələrlə olub. 66 dükan sahibi ilə onun arasında dəfələrlə məhkəmə çəkişməsi olub və bütün məhkəmə istansiyalarında “bazarkom” uduzub. Məsələ ilə bağlı İqtisad Məhkəməsi, Apellyasiya Məhkəməsi, Ali Məhkəmə və Plenumda sahibkarların xeyrinə qərar çıxarıb. Hətta Əmlak Məsələləri Dövlət Komitəsi də Rəşid Babyevi məhkəmədə udub və onun 1 hektar ərazisinə olan sənədləri ləğv olunub, sahibkarlara məxsus, 24 sot (qərardan əvvəl 12 sot) ərazini əhatə edən 66 obyektin mülkiyyət hüququ təsdiqlənib. Rəşid Babayev ərazini 2010-cu ildə özəlləşdirdiyini bildirsə də, sahibkarların bir çoxu öz obyektlərini 2003-cü ilədək qanuni şəkildə özəlləşdiriblər. Dəhşətlisi orasıdır ki, 1 hektar əraziyə olan sənəd Əmlak Məsələləri Dövlət Komitəsinin tərəfindən sərancamla ləğv olunub və qərarda deyilir ki, o sənədlərini təzədən hazırlamalıdır. Yəni öz sənədi olmaya-olmaya o həm Əmlak Məsələləri Dövlət Komitəsini, həm bələdiyyəni, həm də Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verir, sahibkarlarla sənəd davası edir və bu gün icra başçısı sənədləri qaydasında olmayan bir şirkətə layihə tapşırılması ilə bağlı sərəncam verir:

"Dükanların qabağını demək olar ki, tamamilə hasarlamaq ora alıcının girə bilməməsi və dükanların bağlanması anlamına gəlir. Düzdür, İcra Hakimiyətinin adından qanundan danışan Akif Quliyev sahibkarları aldadaraq vəd verir ki, bəs onların əmlakı sökülməyəcək, sadəcə yeni tikiləcək “Meyvə” bazarının nəzdində fəaliyyət göstəriləcək, onların əmlak hüququ tanınacaq, tapdalanmayacaq. Amma deyilənə görə əvvəllər “Kamaz” sürücüsü olan icra başçısının müavininə necə inanaq ki, bu adam dükan sahibləri ilə “bazarkom” arasında qarşıdurmanın pik vaxtında bazarda tez-tez görüşdüyü və ehtimala görə çöldəki bərbad vəziyyətdə, antisanitariya şəraitində fəaliyyət göstərən qanunsuz meyvə bazarına şərik olduğu Rəşid Babayevlə söhbət zamanı onun 2011-ci ildə Rəşid Babayevə ”Lazım olsa, özüm traktora oturub bunların dükanını sökəcəyəm" deməsi o zaman qəzet manşerlərini başlığına çevrilmişdi. İndi təsəvvür edin, belə deyən məmurdan qanunun aliliyini gözləmək nə qədər düzgündür. O zaman “yuxarıdan” ona məsləhət görüldü ki, o tərəflərdə görünməsin. Lakin görünür Akif Quliyev məğlubiyyəti unutmayıb və dükan sahiblərindən intiqamını almaq istəyir".

Sahibkarlar xatırladır ki, hazırkı iqtisadi böhran şəraitində ölkə prezidenti işsizliyin aradan qaldırılması üçün böyük səylər göstərir və məmurlara dəfələrlə xəbərdarlıq edib ki, sahibkarların fəaliyyətinə maneçilik törətməsinlər, vətəndaşlara xidmət etsinər, əksinə onların qayğları ilə maraqlansınlar: "Sahibkarlar da ölkə başçısının qayğısını yüksək qiymətləndirir və prezidenti dəstəkləyir. Nəzərə alsaq ki, hər dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi yüzlərlə adamın işsiz, 1000-ə yaxın insanın çörəksiz qalması deməkdir.

Bundan başqa nəzərə almaq lazımdır ki, çoxsaylı qanun pozuntuları ilə işləyən Rəşid Babayevdən fəqli olaraq 66 dükan sahibi illərdir nümunəvi vergi ödəyiciləridirlər. Rəşid Babayevİn əsas havadarlarından və şəriklərindən biri olan Akif Quliyev sahibkarları uşaqbaşı aldadan kimi aldatmağa çalışaraq bildirir ki, guya onların dükanlarının sökülməməsinə yazılı zəmanət verə bilər. Amma o hətta bunu etsə də, sahibkarlar daha nə Akif Quliyevə, nə də şəhər İcra Hakimiyyətinin qanunun alilyini, onların mülkiyyət hüquqlarını qoruyacağına inanmır. Akif Quliyev sahibkarlara “nağıl" danışır ki, guya bazar abadlaşandan sonra onlara da sənəddə göstərilən qədər yer veriləcək. Sahibkarlar isə bu qənaətdədirlər ki, İcra Hakimiyyəti və Rəşid Babayev abadlaşma adı ilə onları aldadıb dükanlarını əlindən alıb sökməkdir. Sökəndən sonra isə bütün vədlər, zəmanətlər yaddan çıxacaq. Sahibkarlar deyir ki, əgər Rəşid Babayev sahibkarlara yer verən idisə indiyəcən onlara qan uddurmaz onlarla yola gedərdi".
Generalın qardaşı bazarkomla birləşib sahibkarın dükanlarını hasarladı

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.