Prezidentin əmisi oğlunun şirkəti məhkəməyə verildi: Fərid Əliyev haqda şok iddialar

21-06-2016, 22:01           
Prezidentin əmisi oğlunun şirkəti məhkəməyə verildi: Fərid Əliyev haqda şok iddialar
Fərid Əliyevin və Rrüstəm Abdullayevin təsisçisi olduğu Nur-İnşaat MMC külli miqdarda vergidən yayınıb
Vergilər Nazirliyi 20 min manatdan artıq vergi borcu olan, barələrində cinayət işi başlanmış və məhkəməyə göndərilmiş vergi ödəyicilərinin siyahısını açıqlayıb. Siyahı Nazirliyin facebook social şəbəkəsindəki səhifəsində yayılıb. Siyahıda 44 hüquqi şəxsin və 11 fiziki şəxsin adı var. Vergi borcundan yayındığına görə cinayət məsuliyyətinə cəlb edilmə təhlükəsində olan şirkətlərdən biri də məşhur Altes Şirkətlər qrupuna daxil olan Nur-İnşaat şirkətidir. Bu Şirkətlər Qrupu haqda ötən saylarımızda geniş məlumat vermişik.
Nur-İnşaat MMC-nin adı isə mediada dünya çempionu Vüqar Namazovun ailə üzvünə məxsus olan VİTR Fitness sağlamlıq Mərkəzinə qarşı iddiaları ilə dəfələrlə çəkilib. Əməkdaşımızın Altes Şirkətlər Qrupu və o cümlədən, Nur-İnşaatla bağlı apardığı müstəqil jurnalist araşdırmaları bir sıra qanunsuzluq iddialarını və faktlarını ortaya çıxarıb. Şirkətlər Qrupunun rəhbəri Rüstəm Abdullayev isə bizimyol.info-ya geniş müsahibə verərkən bu iddiaları təkzib etməyə çalışmışdı. O iddialardan biri də şirkətin vergidən yayınması ilə bağlı idi. Aprel ayında portalımıza müsahibəsində Abdullayev bunu da inkar etməyə çalışmışdı. Ancaq dünən Vergilər Nazirliyini yaydığı siyahıda Nur-İnşaat MMC-ni də adı var. Bu MMC-nin payçılarından biri də Prezident İlham Əliyevin əmisi oğlu Fərid Əliyevdir. Onu da qeyd edək ki, Rüstəm Abdullayevin baçşılıq etdiyi şirkətin tikdiyi binalarda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova 6 milyon dəyərində əmlak bağışladığı da söylənən iddialar arasındadır. Rüstəm Abdullayev bizimyol.info-ya müsahibəsində bu faktı dolayısı ilə təsdiq etmişdi (bizimyol.info). Mövzu ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı da ilginc faktlar üzə çıxıb.
Adıçəkilən şirkət və dövlər başçısının yaxın qohumu Fərid Əliyevlə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Artıq Altes Group adlı şirkətin rəhbəri olan Britaniya vətəndaşı Rüstəm Abdullayev və onun həmin şirkətdə olan başqa qohum şərikləri ilə Ermənistan prezidenti Serj Sərkisyanla nə birləşdirdiyini, ümumi cəhətlərinin nə olduğunu aşağıda göstərəcəyik. Bu şirkətin mənzil sahibi olmaq istəyən məlumatsız insanlara heç də Ermənistandan az zərər vermədiyi haqda fikrimizi faktlarla əsaslandıraq.
Altes-Azerbaijan facebook səhifəsində yayılmış hüquqşünas rəyindən də göründüyü kimi, adı çəkilən həmin şirkət tikdiyi binalardan mənzil satmaq hüququ olmadan insanların külli miqdarda vəsaitini alaraq satış edib. Bəs necə olub ki, Altes Group bu hüquqdan məhrum olub? Hüquqi rəydən də görünür ki, 2012-ci ildən sonra Altes Group-un Altes Plaza, Emerald Palace и Academy House kimi inşaat layihələrində mənzil və obyekt sahibi olmuş sakinlər, mülkiyyətçilər müxtəlif instansiyalara şikayət ediblər. Onları narahat edən əsas məsələ həmin layihələrdəki mənzillərin satışına məhkəmə tərəfindən qadağa qoyulmasından sonra onların aldırqları əmlakın taleyinin necə olacağıdır. Xüsusilə də son vaxtlar mediada bu şirkət və onun satdığı mənzillərlə bağlı məqalələr dərc olunur, insanların təşvişi daha da artır. Haqqında danışdığımız hüquqi rəydə bildirilir ki, 2012-ci ildə Binəqədi rayon Məhkəməsinin qərarı ilə həmin evlərin üzərinə həbs qoyulub. Sənədləri araşdırarkən məlum olur ki, daha sonra Apelyasiya Məhkəməsi və Ali Məhkəmə həmin həbs qərarını qüvvədə saxlayıb. Və bu qərar beləliklə qanuni qüvvəyə minib. Sənədlərdən o da görünür ki, Altes Group şirkətinə daxil olan Fərid İnşaat və Nur İnşaat şirkətləri bu həbs qərarından dəfələrlə şikayət də veriblər.
Hətta 2013-cü ildə birinci instansiya məhkəməsi bu qərarı ləğv edib, amma bu qərar qüvvəyə minməmiş Altes Group-un opponentləri yuxarı məhkəmə instansiyalarına baş vurub və sonda Ali Məhkəmə həbs qərarını qüvvədə saxlayıb. Yenə də sənədlər əsasında araşdırmamız göstərir ki, Şirkətin nümayəndələri daha bir uğursuz cəhdi 2015-ci ildə ediblr, amma yenə də Ali Məhkəmə həbs qərarını ləğv etməyib. Beləliklə, 2012-ci ildən bəri Azərbaycan Respublikasının qanunları ilə Altes Group-un tikdiyi binalardan həbs bir gün də belə qüvvədən düşməyib, yəni həmin binalarda mənzillərin satışına qadağa hüquqi baxımdan daim olub. Buna baxmayaraq, insanlara həmin binalarda həmin şirkət əmlak, mənzil satıb.
2012-ci ildə Şirkətin binalarına həbs qoyulduğu vaxtdan sonra orda edilmiş bütün alqı-satqılar- bağlanmış alqı-satqı müqavilələri tamamilə qanunsuzdur. Bunu məhkəmə və şirkət sənədlərinin hüquqi ekspertizası göstərir. Bir sözlə, həmin 2012-ci ildən sonra binalarda mənzil sahibi olanlar hər an evindən-eşiyindən çıxarılıb küçəyə atıla, onun Şirkətə ödədiyi pullar bata bilər. Araşdırma göstərir ki, buna görə Altes Group-a daxil olan Nur İnşaat və Fərid İnşaat adlı şirkətlər, onların rəhbər şəxsləri məsuliyyət daşıyır; onlar məhkəmənin qərarını pozaraq insanlara qanunsuz olaraq mənzil satıblar.
Burda sual yaranır: sakinlərin əlində 2012-ci ildən sonra bağlanmış və ya 2012-ci ildən sonra arxa tarixə bağlanmış müqavilılr varsa, buna hüquqi qiymət necə verilməlidir? Məsələ bundadır ki, həmin müqavilələrin tarixi – gerçək və ya saxta olması məhkəmənin təyin edə biləcəyi ekspertiza ilə ortaya çıxacaq. Əgər o müqavilələr 2012-ci ildəki həbs qərarından sonra çıxıbsa, pis, arxa tarixə tərtib olunubsa daha pis! İkinci halda sakinlərin də sənədlərin saxtalaşdırılmasına göz yumduğu məlum olacaq. Bu halda müqavilələr ləğv olunacaq, mənzillər yenidən Nur İnşaat və Fərid İnşaat şirkətlərinin mülkiyyətinə qayıdacaq. Mənzil alanlar öz pullarını tələb etməli olacaqlar; məhkəmə inşaat firmalarının üzərinə belə bir öhdəlik qoyacaq. Əsl problem də o zaman yaranacaq: Altes rəhbərliyində bu sakinlərə qaytarılacaq pul varmı, o rəhbərləri sakinlər tapa bilıəcəklərmi, yaxud inşaat sahibləri pulu qaytarmaq istəyəcəkmi?
Biz hələ manatın iki dəfə devalvasiyasından sonra manatla edilmiş ödənişlərin nə qədər dəyər itirdiyini demirik. Bunlar adı çəkilən o üç binada əmlak sahibi olan insanların əmlakının və böyük ehtimalla həm də pulunun itirilməsi təhlükəsindən gedir. Bu anlamda dinc sakinlərimizi evsiz qoyan erməni işğalçılarla oxşarlıq yerinə düşür. Belə bir ehtimalı nəzərə alaraq, sakinlər Altes Group rəhbərliyindən onlara ödədikləri pul və aldıqları əmlak haqda yazılı sənəd, maliyyə sənədi almalıdırlar. Yəni ora pul ödəyib mənzil aldıqlarını təsdiq edən sənəd almasalar, sonradan böyük problemlərlə üzləşə bilərlər. Hüquqi rəydə belə deyilir.
Altes Group-un bu qanunsuzluğunun qurbanlarından biri olan – peşəkar idmançı, ağırlıqqaldırmanın pauerliftinq növü üzrə dəfələrlə dünya və Avropa çempionu Vüqar Namazov da “Bizm Yol” qəzeti redaksiyasına yazılı müraciət edib. Məktubunda nailiyyətlərinin yüksək qiymətləndirildiyini, Prezident İlham Əliyevin ona mənzil verdiyini, həmçinin «Azərbaycan Prezidentinin Fəxri Diplomu» ilə mükafatlandırıldığını yazan cənab Namazov peşəkar idmançı kimi həyatda ən böyük ideallarının vətənin adını beynəlxalq arenalarda ucaltmaqla yanaşı, həm də ölkəmizdə idman siyasətinə dəstək vermək olduğunu bildirib: “Bu məqsədlə uzun çalışmalardan sonra bir qrup idmançı bir araya gələrək Bakının Yasamal rayonu ərazisində, Bəsti Bağırova 592 ünvanında ağırlıqqaldırma və fitness zalı açdıq. İki mərtəbəli, 1017 kv/m. sahədə Avropa standartları ilə təchiz olunmuş zalda həm kişilər, həm qadınların ağırlıqqaldırma və fitnesslə məşğul olmaları üçün hər şəraiti yaratmışıq.
Xeyli sayda vətəndaş “VİTR” idman sağlamlıq klubunda idmanla məşğul olurdu. Sizə şikayətim idman zalının yerləşdiyi sahəni bizə icarəyə verən “Nur-İnşaat” şirkətinin müqavilə öhdəliklərinə əməl etməyərək yaratdığı problemlərlə bağlıdır. “Altes Group” holdinqə daxil olan “Nur-İnşaat” şirkəti ilə 60 aylıq müqavilə bağlamışdıq. Əslində, o zaman biz MTK-nın həmin holdinqə daxil olduğunu bilmirdik, bizə bu barədə deyilməmişdi”.
V.Namazov deyir ki, əslində binadan mənzil alan sakinlər kimi onlar da aldadılıb, məhkəmə tərəfindən həbs qoyulan obyekt qanunsuz olaraq icarəyə verilib, təmir etdirilib. Həqiqətən də Binəqədi Rayon Məhkəməsinin 8 oktyabr 2012-ci il tarixli qərardadına əsasən Polad Qabulov və Fətəli Novruzəliyev şərikləri Rüstəm Abdullayev, Fuad Abdullayev, Güldanə Abdullayeva, Namiq Əkbərov, Fərid Əliyev və Famil Əlizadəyə qarşı “payın naturada verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər. Iddiaçı iddianın təmin tədbiri kimi işə məhkəmədə baxılanadək “Fərid-İnşaat” MMC-yə məxsus Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 507-511 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına, “Nur-İnşaat” MMC-yə məxsus B.Bağırova küçəsi 592 və H.Zərdabi küçəsi 569 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarının üzərinə həbs qoyulması, eləcə də hər iki şirkətə məxsus qülləli kranlar, avtomobillər, maliyyə sənədləri, möhür, stamp, müqavilələr, aktlar və qəbzlər üzərinə işlə bağlı yekun qərar qəbul olunanadək həbs qoyularaq müvafiq saxlanca verilməsi barədə qərardad çıxarılmasını xahiş ediblər. Məhkəmə iddianı qismən təmin edib, avtomillər və kranlar istisna olmaqla sadalanan dörd ünvanda yerləşən yaşayış binalarının üzərinə həbs qoyulması barədə qərar qəbul edib. Hər iki şirkətə məxsus maliyyə sənədləri, möhür, stamp, müqavilələr, aktlar və qəbzlərin üzərinə də həbs qoyulmaqla “İcra haqqında” Qanuna uyğun saxlanca verilib.
Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası da sadalanan əmlak üzərində sərəncam verməyi (özgəninkiləşdirmək) cavabdehlərə qadağan edib. Hər iki şirkətə məxsus tamamlanmış və istehsal fəaliyyətinə mane olmayan maliyyə sənədlərinin (əmlakın naturada miqdarını müəyyən edən) üzərində həbsi saxlayıb. Maraqlıdır ki, üzərinə həbs qoyulan sənədlər hər iki MMC-nin nümayəndəsi olan Fəqan Şükürova həvalə olunub. O da öz növbəsində işə baxılana qədər həmin binalardakı mənzillərin satılmayacağına imzası ilə zəmanət verib. 2013-cü ilin aprel ayının 25-də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsi Yasamal rayon İcra Şöbəsinə yazdığı bildirişdə qeyd olunur ki, “İ.Qutqaşınlı küçəsi 507-511, B.Bağırova küçəsi 592 və H.Zərdabi küçəsi 569 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binaları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib və qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən daşınmaz əmlaka qadağa qoyulub”.
Vüqar Namazovun üzləşdiyi problem haqda növbəti yazılarımızda daha ətraflı araşdırma apararaq dərc edəcəyik. Məsələ tək Vüqar Namazovla da bitmir; mediada dərc olunan məlumatlardan da bəlli olduğu kimi, Altes Group-un qanunla başqa problemləri də var. Məsələn, Altes Group-da 13 faizlik payı olan Fətəli Novruzəliyev adlı iş adamının bizimyol.info-ya verdiyi məlumata görə, həmin şirkətlər qrupunun rəhbəri Rüstəm Avdullayev qaynı Asim İsgəndərovla birlikdə onu sui-qəsd edilməsini sifariş ediblər, sifarişi icra edənlər – Fətəli Novruzəliyevi qohumu Novruzbek Novruzəliyevlə birlikdə döyüb xəsarət yetirən Elvin Məhərrəmov və Emin Məmmədov həbs olunub və məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilib. Fətəli Novruzəliyev deyir ki, o, sifarişçilərin də cəzasına çatması üçün çalışır. Araşdırmalarımız göstərdi ki, Altes Group-un fəaliyyəti ilə bağlı Vergilər Nazirliyində, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, Baş Prokurorluqda, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində, Bakı Şəhər Baş Polis İdarəsində… müxtəlif məsələlərlə bağlı araşdırmalar aparılıb və aparılır. İki cinayət işi var. Hətta bizdə olan məlumatlara görə, Rüstəm Abdullayevin ölkədən çıxışına qadağa qoyulub. Belə çıxır ki, ölkənin bütün hüquq-mühafizə orqanları bu Şirkətlə və bu şəxslə məşğuldur, amma hələ ki, ortada net bir hüquqi qiymət yoxdur. Abdullayevin opponentləri, o cümlədən, Fətəli Novruzəliyev deyir ki, Altes Group-un və onun başında duran adamın qanunsuzluqlarına göz yumulub, buna səbəb kimi isə, Abdullayevin o zaman milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlılığı göstərilib. Hətta Abdullaevin Eldar Mahmudovun oğlu Anar Mahmudova 6 milyon manat dəyərində əmlak bağışladığı haqda məlumatlar da verilir. O da bildirilir ki, Abdullayev yaxın adamlarından biri olan Fəqan Şükürovun keçmiş MTN-də yüksək vəzifə tutmuş, sonradan vəzifəsi bir qədər aşağı salınmış bir qohumu yeni Dövlət Təhlükəsizlik Xidmətində hələ də mühüm postlardan birini tutur”.
Bütün bu və başqa məlumatları daha ətraflı araşdırmağa, Rüstəm Abdullayevin, eləcə də, adı çəkilən başqa şəxslərin də məsələyə münasibətini öyrənməyə çalışacağıq. Bizi izləyin…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.