Sahibkar prezidentdən kömək istədi
22-06-2016, 10:15

Sabunçu rayon Kürdəxanı qəsəbə sakini sahibkar Əhmədov İsmayıl İsbəndiyar oğlu Arqument.az-a yolladığı şikayət məktubunda ölkə başçısı İlham Əliyevə müraciət edib.
İ.Əhmədovun prezidentə ünvanladığı müraciətdə deyilir:
“Hörmətli cənab prezident!
Mən – Əhmədov İsmayıl İsbəndiyar oğlu 1969-cu ildə Beyləqan rayonunda anadan olmuşam. Özüm Qarabağ döyüşçüsüyəm. Həyat yoldaşım şəhid bacısıdı. Ailəliyəm və bir övladım var. Hazırda Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayıram. Özüm yeddi ildir ki, kiçik sahibkarlıqla, yəni qoyunçuluqla məşğulam. Ailəmin dolanışığı yalnız buradan çıxır. 2016-cı il may ayının 5-də naməlum şəxslər gecə saat 3-4 radələrində hasardan həyətimə keçərək, qoyun saxlanılan tövləmin qapısını sındıraraq 17 baş qoyunumu aparıblar. Mən hadisədən səhər saatlarında xəbər tutdum və bununla bağlı DİN-in «102» xidmətinə müraciət etdim. Müraciətimdən sonra Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları həyətimə gələrək, hadisə yerinə baxış keçirib və izahatımı aldılar. Amma o gündən bu günə kimi oğrunu, yaxud oğruları tapmaq mümkün olmayıb”.
Onun sözlərinə görə iş obyektiv araşdırılmır: “Gedib qoyunların aparılan yolun izinə düşdüm. Ayaq izləri ilə məlum oldu ki, onlar şose yola çıxaraq, oradan qoyunları ya maşınla, ya da piyada aparıblar. Onu da qeyd edim ki, həmin yolda kamera var. Əgər bu iş obyektiv araşdırılsa, oğrular tapıla bilər. Hadisədən bir aydan çox vaxt keçməsinə baxmayaraq, məsələ ilə bağlı heç bir iş görülmür. Məni yenidən Sabunçu rayon polis idarəsinə çağırıb izahatımı aldılar və faktla bağlı cinayət işi açıldı. Amma çox təəssüflər olsun ki, müstəntiq indi mənim telefon zənglərimə belə cavab vermir”.
Sahibkar ölkə başçısından yardım istəyir: “Siz həmişə sahibkarlara xüsusi diqqət və qayğı göstərmisiniz. Xahiş edirəm, mənim 17 baş qoyunlarımın tapılaraq mənə verilməsi üçün və ya bu alınmadıqda heç olmasa mənə dəyən maddi ziyanın ödənilməsi üçün xüsusi göstəriş və tapşırıqlarınızı verəsiniz ki, mən də o pulla özümə yenidən qoyun alaraq ailəmi dolanıra bilim. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm”.