Naxçıvanlı sərnişinlər:

17-08-2023, 10:13           
Naxçıvanlı sərnişinlər:
AZAL-ın Bakı-Naxçıvan-Bakı istiqamətində həyata keçirdiyi təyyarə reyslərində saatlarla, bəzən isə günlərlə yubanmalar adi hala çevrilib. Gecikmələr əsəb gərginliyi ilə yanaşı sərnişinlərin əlavə xərcə düşməsinə də səbəb olur. Bu vəziyyət Bakı üzərindən xarici ölkələrə tranzit bilet almış naxçıvanlı sərnişinlərə daha çox maddi ziyan vurur.
Gecikmə səbəbindən onlar gedəcəkləri ölkələrə uçan reyslərə çata bilmir, yenidən bilet alıb, bəzən günlərlə Bakıda gözləməli olurlar. Teref.az-ın məlumatına görə bu haqda “Gündəlik Naxçıvan”a bir qrup sərnişin şikayət edib.
Şikayətçilər deyir ki, hər dəfə gecikmə olanda onlara təyyarənin xarab olduğunu deyirlər. Onlardan Səfər Babayev deyir ki, reyslərin yubanması ən yaxşı halda 4-5 saat davam edir:
“Avqustun 14-də Naxçıvandan Bakıya uçmalı idim. Bilet götürdüyüm təyyarənin uçuşu axşam saat 23-ə idi. Səhər saat 5- qədər hava limanında gözləməli olduq. Yanımda bir nəfər yaşlı, iki nəfər azyaşlı uşaq da var idi. Bu isti havada sanki insanlara qəsdən işgəncə verirlər. Bizimlə bərabər başqa 4 reys də eyni qaydada gecikirdi. Bizi aldadırlar ki, təyyarə xarab olub. Hər gün də təyyarə xarab olar? Gecikmələrə görə aeroporta yeməyə, suya əlavə xərclərimiz çıxır. AZAL bizim əsəblərimizlə oynayır, bilərəkdən əlavə xərcə salır”
Digər şikayətçi İlqar Mənsimov da Naxçıvandan Bakıya uçarkən təyyarənin yubanması səbəbindən Bakı-Moskva reysinə vaxtında çata bilmədiyindən, əlavə xərcə düşdüyündən şikayətlənir:
“Təcili Moskvaya uçmalı idim. Bakıdan-Moskvaya bilet götürdüm. Naxçıvandan Bakıya uçduğum təyyarə reysi üç saat əvvəl Bakıda olmalı idi. Lakin Naxçıvan- Bakı istiqamətində uçuşda yubanma oldu. Mən Moskvaya uçan təyyarəyə gecikdim. Növbəti reyslərə bileti dəyişməyim üçün 300 manat əlavə xərc çəkdim. Həm də nəzərdə tutduğum iş planı pozuldu. Bu cür yubanmalar olduqda normal ölkələrdə kompensasiya edilir. Sərnişinlərə yemək, su verilir. Uşaqlı ailələrə istirahət üçün yer ayrılır. AZAL isə bunların heç birini etmir. Sərnişinlərin şikayətlərini də dinləmirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.