Qərib Məmmədovun komitəsi hansı maxinasiyalarla məşğul olub - Hesablama palatasının aşkarladığı faktlar

19-05-2015, 20:38           
Qərib Məmmədovun komitəsi hansı maxinasiyalarla məşğul olub - Hesablama palatasının aşkarladığı faktlar
Hesablama Palatası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aparılan yoxlamaların yekunlarını və yerquruluşu, torpaq kadastrı, geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin yerinə yetirilməsində istifadə edilən tariflərin müəyyənləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdim etdiyi təklifini açıqlayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda yerquluşu, layihə-axtarış işləri bilavasitə təsbit olunmayıb və “Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı xidmətlər” dövlət tərəfindən tənzimlənən mallara (işlərə, xidmətlərə) aid edilib.

Nazirlər Kabinetinin 30.09.2009-cu il tarixli 157 nömrəli qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edilərək dövlət tənzimlənməsinə aid edilmiş “dövlət torpaqlarının kadastrı xidmətləri” “torpaq sahələrinin kadastrı ilə bağlı xidmətlər”lə əvəz olunub. Dövlət büdcəsindən dövlət sifarişi ilə yerinə yetirilən yerquruluşu, dövlət torpaq kadastrı, geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin maliyyələşdirilməsinə hər il əhəmiyyətli məbləğlərdə vəsait ayrılır ki, bu da Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən torpaq islahatı, xəritəçəkmə işləri ilə bağlı dövlət sifarişinin yerinə yetirilməsinə yönəldilir. Təkcə 2010-2014-cü illərdə bu məqsədə 70,0 mln. manatdan çox vəsait sərf edilib. Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirləri zamanı müəyyən edilib ki, hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan müəssisələr tərəfindən dövlət tapşırığı və sifarişi üzrə nəzərdə tutulan yerquruluşu və xəritəçəkmə işləri müvafiq illərdə ümumilikdə nəzərdə tutulan həcmdə icra olunsa da, ayrılmış vəsaitlər üzrə görülməsi nəzərdə tutulmuş iş növlərinin bölgüləri arasında dürüstləşmələr aparılıb (bir növ üzrə azaldılaraq digər növün həcmi artırılıb), ayrı-ayrı illərdə dövlət sifarişi üzrə görülmüş işlərin nəzərəçarpacaq hissəsini keçid işləri (əvvəlki dövrlərdən qalan) təşkil edib.

Dövlət sifarişi üzrə görülməsi nəzərdə tutulan işlərin dəyəri Komitə və onun struktur vahidləri tərəfindən təsdiq edilmiş müvafiq norma, məcmuə və toplulara əsasən müəyyən edilmiş, həmin norma, məcmuə və toplular struktur vahidləri tərəfindən yerquruluşu, torpaq kadastrı, geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin yerinə yetirilməsində istifadə edilən tariflərin təsdiq edilməsi üçün 2010-cu ildə Tarif (qiymət) Şurasına təqdim olunub, lakin Şura tərəfindən “hər bir xidmət üzrə göstərilən və habelə digər ümumi məlumatların hər xidmət üzrə struktur vahidləri, çalışan işçilərin sayı, beynəlxalq təcrübə, xidmət ilə əlaqədar digər statistik məlumatlar, hər növ üzrə göstərilən xidmətlərin sayı və sair məlumatların təqdim edilməsi ilə yanaşı layihə və məlumatların daha da təkmilləşdirilərək” təqdim edilməsi tövsiyə edilsə də, bu istiqamətdə işlər sona çatdırılmayıb. Hesablama Palatası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar olaraq, funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilən yerquruluşu, dövlət torpaq kadastrı, geodeziya, topoqrafiya və kartoqrafiya işləri ilə bağlı xidmətlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğunlaşdırılması və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” yeni qanunun qəbulu zamanı aşağıdakı məsələlərin nəzərə alınmasını məqsədəmüvafiq hesab edir:

-“Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun tələbləri baxımından dövlət reyestrinin aparılması ilə bağlı xidmətlərin dəqiq siyahısının və müvafiq xidmətlər üzrə tezləşdirmə əmsallarının qanunda əks etdirilməsi ;

- “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 03.02.2014-cü il tarixli 101 nömrəli Fərmanının 6-cı hissəsində Tarif (qiymət) Şurasına daşınmaz əmlakın dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin və məlumatların elektron formada verilməsinə görə ixtisaslaşdırılmış hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin tariflərinin müəyyən edilməsi tapşırılıb. Bu tapşırığın icra edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda ixtisaslaşdırılmış hüquqi şəxslər tərəfindən göstərilən ödənişli xidmətlərin təsbit edilməsi.

Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 1.2.3.2-ci yarımbəndində tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşdırılması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilati-hüquqi və maliyyə tədbirlərinin həyata keçirilməsi tapşırığı nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli 119 nömrəli Fərmanının 4-cü hissəsində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması tapşırığı verilib. Göstərilənləri, eləcə də dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üzrə tapşırıqların yerinə yetirilməsi, bir sıra hallarda xidmət göstərən qurumun vəzifələrinə aid edilmiş işlərin (xidmətlərin) müəyyən normativlər əsasında ödəniş alınması qarşılığında görülməsi hallarının qarşısının alınması, habelə büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadə edilməsi məqsədilə Hesablama Palatası yerquruluşu, dövlət torpaq kadastrı, geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin təyinatından və xüsusiyyətlərindən asılı olaraq tənzimlənməsi, o cümlədən pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, xidmət göstərən subyektin vəzifələrinə aid edilmiş işlərin ödənişsiz olmasının müvafiq qanunda təsbit edilməsi, xidmətlərin aidiyyəti üzrə təsnifləşdirilərək “İnformasiya əldə etmək haqqında”, “Dövlət rüsumu haqqında”, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunlarının və bu sahəni tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsi məsələsinə baxılmasını məqsədəuyğun hesab edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.