Lənkəranda EKO-TERRORİZM yaşanır... - Rəsmilərsə deyir ki...

31-10-2023, 08:53           
Lənkəranda EKO-TERRORİZM yaşanır... - Rəsmilərsə deyir ki...
Lənkəranın Təngivan kəndinin sakinləri yenə narazıdır. Teref.az-ın xəbərinə görə, onlar Meydan TV-yə deyirlər ki, kənddə illərdir ekoloji terror yaşanır, hansısa hadisə baş verəndə mətbuat ara-sıra yazır, sonra yenə tək qalırlar.

Okyabrın 24-də, saat təxminən 17 radələrində kənddəki karxananın ərazisində qəza baş verib. Qazıntı nəticəsində təhlükəli vəziyyətə düşən yolda avtomobil aşıb, bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Adının açıqlanmasını istəməyən sakinlərdən biri deyib ki, kənddəki çay və çayın ətrafı on ilə yaxındır istismar edilir. Örüş torpaqları, kəndin yolları yararsız vəziyyətə düşüb, kəndlilər çaydan istifadə edə bilmirlər.

“Bir neçə istiqamətdə yol yararsız haldadır, çünki illərdir qazılır. Hadisə də məhz qazılan yolda baş verib. Zavoda məxsus “VAZ 21014” markalı avtomobil hərəkətdə olarkən dönmə manevri etmək istəyib. Avtomobil 10 metr aşağıya aşıb”,-zavod və broyler şirkətindən şikayət etdiklərinə görə təzyiqlərə məruz qaldıqlarından adlarının açıqlanmasını istəməyən sakinlər deyiblər.

Kəndlilər deyiblər ki, kənd başdan-başa yarğan və uçurum halına gətirilib. Hətta dəfələrlə mal-qara da qazıntı nəticəsidə yaranmış dərin çalaya düşərək tələf olub:

“Qəza nəticəsində daş istehsalı ilə məşğul olan zavodda fəhlə kimi çalışan 52 yaşlı Ümid Saleh oğlu Əliyev həlak olub. Hadisə nəticəsində xəsarət alan Loğman Məmmədov beynə qan sızması diaqnozu ilə hələ də Lənkəran Mərkəzi Xəstəxanasınin reanimasiya şöbəsindədir. Sürücü də zavodda fəhlə işləyən Xəqani Sucayevdir. O, özünü atıb deyə ona heç nə olmayıb. Onu polis saxlayıb”.

Kəndlilər deyirlər ki, karxana və onun rəhbərliyinə qarşı 2 il əvvəl cinayət işi açılıb. Lakin karxananın əsl rəhbərləri öz mövqeyindən istifadə etməklə yayına biliblər:

“Kənddə deyirlər ki, avtomobili idarə edən Xaqani Sucayevin sürücülük vəsiqəsi yoxdur. Ümumiyyətlə, zavodda işləyən fəhlələrin çoxunun nə əmək müqaviləsi, nə də sürücülük vəsiqəsi var. Videodan da görünür ki, avtomobillər dövlət nömrə nişanı olmadan idarə olunur”.

Daxili İşləri Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini Xaqani Sucayev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə rayonun Təngivan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarəndakı çay yatağına aşıb. Hadisə nəticəsində həmin nəqliyyat vasitəsində olan Lənkəran rayon sakini Ümid Əliyev ölüb, Loğman Qurbanov isə bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ittihamla bağlı danışmayıblar.

Lənkəran Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, Təngivan kəndində çalışan karxananın bütün sənədləri qaydasındadır. Əks halda müvafiq qurumlar onların fəaliyyətinə icazə verməz. Kəndin yollarının qazılması və ya digər şikayətlərə gəldikdə, icra hakimiyyətindən narazılıqdan xəbərsiz olduqlarını deyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.