SUMQAYITIN AZARI BAZARINDAN BÖYÜK OLAN YARMARKASINDAN YIĞILAN PULLAR KIMƏ ÇATIR?
1-11-2023, 07:48
Üç il əvvəl, pandemiyanın tüğyan etdiyi dövrdə Sumqayıt şəhərinin 42-ci məhəlləsində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı yarmarkası 53-cü məhəllədə yeni inşa olunan kənd təsərrüfatı məhsullarının satışı mərkəzinə köçürüldü. Buna səbəb kimi yarmarkanın əvvəlki yerində satıcıların gigiyena qaydalarına əməl etməməsi və avtomobillərin süni tıxac yaratması göstərildi..
Bildirilirdi ki, iki hektar ərazidə yaradılan satış mərkəzində ətraf rayonlardan olan 700 sahibkar həftənin şənbə-bazar günləri öz kənd təsərrüfatı məhsullarını satışa çıxara biləcək.
Köçürülmənin ilk günlərindən başlayaraq şəhər sakinləri sosial şəbəkələrdə məsələyə öz münasibətlərini bildirməyə başlamışdılar.
Huseyn Narimanov: “Orda yarmarka olmaz”; Yusuf Abidli: “Yarmarkanın da şələsi belində gəzir də”; Elshen Quliyev: “Siz bura yarmarka deyirsiz. Heç də qiymətləri bazar qiymətlərindən aşağı deyil”; Gülara Fazılova: “Bunlar da bu yarmarkanı təzə gəlin kimi gəzdirirlər. Daha haralara köcməyib”; Etibar Rzayev: “Heç bilmirlər nə edirlər. Pul dəli edib məmurları. 50 yer dəyişib. Adı yarmarka, əslində bazar”; Aliye Aliyeva: “Yarmarkada kəndlini görmürük, hamısı alverçidi, çəkidə də aldadırlar, keyfiyyətdə də”: Etibar Rzayev: “Sumqayıtda yarmarka yoxdu. Bunlar hamısı bazardı. Pulunu ver, yer al. Hamısı alverçidi”: Azad Qahramanov: «bəli, eyni adamlardı, sezondan asılı olaraq bu gün balıq satır, sabah göbələk, o biri gün mandarin”; Prosta Rafıq: “Yazıq kəndin adı var. Kəndli yer tapır kı, orada?”
Bəzi müştərilər isə yaxşı olacağına ümid edərək yarmarkanın yeni ünvanını bir-birlərinə başa salırdılar: Rauf Hilaloğlu: “Sumqayıt, Saray körpüsünün aşağısında, Qalib Denyarov: “Daş bazarı tərəf”.
İstehlakçılar necə təxmin etmişdilər, elə də oldu. Maşın sıxlığı əvvəlki kimi tıxac yaratmasa da, bazar ərazisinə daxil olan avtomobillərdən 1 manat pul yığmağa başladılar.
Əslində möhürü olmayan bu qəbzlərin heç bir hüquqi əsası yoxdur
Antisanitariya, gigiyena qaydalarına əməl edilməsində də heç bir irəıliləyiş olmadı. Axı, deyildiyi kimi, satıcıların əksəriyyəti eyni adamlardı, alverçilərdi. Üstəgəl, yaxınlıqdakı daş bazarının, baş daşı sexlərinin, çınqılın tozu-dumanı da açıq şəraitdə satılan mal və qoyun əti, quş əti və balıq, süd məhsullarının (yağ, süd, qatıq, şor, pendir və s.) üstünə qonmağa başladı.
Dəryaz qəzetinin redaksiyamıza daxil olan məlumata görə, yarmarkada 1000-ə yaxın piştaxta var. Rəhbər şəxs əslən cəbrayıldan olan Yasin adlı universitet müəllimidir. İdarəetmə işləri ilə əsasən köməkçisi Əlisəfa adlı şəxs və Yasinin iki oğlu məşğul olur. Standarta görə masada 2 kvadrat/metr tutmalı olan piştaxta əslində 1,5 kvadrat/metrlik sektorlara bölünərək ticarətçilərə günü 16 manatdan icarəyə verilir. Yığılan pulların tam olaraq vergiyə cəlb olunmasında şəffaflıq yoxdur. Piştaxtaları həmişəki alverçilər bron eləyiblər, birində özləri işləyir, digərlərini isə məhsullarını satmaq üçün kənddən gələnlərə iki dəfə artıq qiymətə (32 manata) icarəyə verirlər ki, bu da qiymətin süni artımına səbəb olur.
Yasəf bəri başdan hər bir piştaxta üçün 500 manat pul alıb alverçilərə verir.
Bütün bu və digər məsələlərə münasibətini öyrənmək üçün oktyabrın 24-də Yasin müəllimə zəng vurduq. Yasin müəllim yarmarkada qeyd etdiyimiz neqativ halların olduğunu təkzib etdi. Bununla bərabər, qeyd etdi ki, yarmarkanın gəlirləri onun yerini təşkil edən Sumqayıt Şəhər İcra Hakimiyyətinə gedir, Sumqayıt Mənzil Kommunal Təsərrüfatı Birliyinin yarmarkada xidmət edən süpürgəçilərinə məvacib ödənilir və s. Həmçinin yarmarkadakı vəziyyəti birgə müşahidə etmək üçün bizi həftənin şənbə günü üçün (28 oktyabr) yarmarkaya dəvət etdi. Adını çəkdiyimiz kənd əsilli narazı ticarətçiləri də tanımadığını dedi.
Şənbə günü yarmarkaya getdik. Düzü, elə fikirləşirdik ki, rəhbərlik heç olmasa, monitorinq xatirinə bəzi nöqsanları aradan qaldırmaq üçün işçilərinə göstəriş verər. Amma yox, yenə həmin xoşagəlməz, hətta məlumatda təsvir olunandan da əcaib vəziyyətin şahidi olduq. Hərçənd, Yasin müəllimi yerində tapmadıq, xəstə olduğunu deyib görüşdən yayındı.
Satıcılarla söhbətimiz əsnasında onlar da, yazdıqlarınızı təsdiqlədilər. Onu da əlavə etdilər ki, hətda ötən həftələrdə radio ilə elan verməyə görə 5 manat əlavə pul aldılar.
Yasin müəllimin «yığılan pullar İcra Hakimiyyətinə çatır» fikrinə aydınlıq gətirmək üçün Sumyıt şəhər icra hakimiyyətinin mətbuat xidmətinin şöbə müdiri Eyvaz müəllimlə əlaqə saxladıq. O, bildirdi ki, «yarmarkadan yığılan pulların onlara heç bir aidiyyatı yoxdur». Biz də redaksiya olaraq, Qida Təhlükəsizliyi Agentinə, İqtisadiyyat Nazirliyi Yanında Vergilər Xidməti idarəsinə və digər qurumlara ünvanladığımız suallara cavab aldıqdan sonra mövzuya yenidən qayıdacağıq.
Belə çıxır ki, cavabdeh Sumqayıt şəhər rəhbərliyidir.
Deryaz.az