Bəs bu milyonlar barəsində ətraflı məlumat niyə verilmir? - TENDER

25-12-2023, 12:49           
Bəs bu milyonlar barəsində ətraflı məlumat niyə verilmir? - TENDER
Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu ötən gün "Dövlət satınalma portalı"nda bir gündə imzaladığı 6 tender müqaviləsi barəsində qısaca məlumat yerləşdirib.

Belə ki, sözügedən müqavilələrdə - "Fibernet-Telekom" MMC ilə "Laçın rayonunun Zabux Yaşayış məntəqəsinin sahədaxili rabitə və videomüşahidə şəbəkəsi" üçün 733.248,27 (yeddi yüz otuz üç min, iki yüz qırx səkkiz manat, 27 qəpik) AZN,

"AzərsuTəchizattikinti" ASC ilə "Laçın rayonunun Zabux yaşayış məntəqəsinin sahədaxili su təchizatı, kanalizasiya və suvarma sistemləri" üçün 2.157.768,83 (iki milyon yüz əlli yeddi min yeddi yüz altmış səkkiz manat, seksən üç qəpik) AZN,

"Tunel-Metro İnşaat" MMC ilə Laçın rayonunun Zabux yaşayış məntəqəsinin qaz təchizatı üçün 1.126.906,55 (bir milyon yüz iyirmi altı min doqquz yüz altı manat, əlli beş qəpik) AZN,

"Konsept Holding" MMC ilə Laçın rayonunun Zabux yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri" üçün 16.915.883,27 (on altı milyon doqquz on beş min səkkiz yüz səksən üç manat, 27 qəpik) AZN,

"Helind - Enerji" MMC Laçın rayonunun Zabux yaşayış məntəqəsində evlərin və sosial obyektlərin alternativ enerji mənbələri (günəş panelləri) üçün 2.111.401,61 (iki milyon yüz on bir min dörd yüz bir manat, altmış bir qəpik) AZN,

"VS Enerji Servis" MMC ilə 4.160.932,49 (, dörd milyon yüz altmış min doqquz yüz otuz iki manat, qırx doqquz qəpik) AZN xərclənəcək məbləğ qeyd olunub. Lakin, təəccüblü məqam budur ki, qeyd olunan müqavilələrin heç biri barəsində ətraflı məlumat portalda yerləşdirilməyib.

Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru həm də Laçın rayonunu Milli məclisdə təmsil edən millət vəkili Mahir Abbaszadədir.

O, Mahir Abbaszadə ki, zaman-zaman adı tənqid hədəfi olaraq yerli saytların gündəmini məşğul edir. Hətta, Laçın işğaldan azad edildikdən sonra, oraya, "piknikə gedən" deputatın spirtli içkiləri şəhid bulağında sərinlətməsi barəsində məlumatlar və görüntülər də bir müddət gündəm mövzusu olmuşdur.

Onu da qeyd edək ki, o, zamanlar bəzi saytlarda yayımlanan bu məlumatlar "Mahir Abbaszadə mandatını itirə bilər" başlığı ilə yayımlanırdı, lakin bu məsələdə bir müddət sonra bir neçə mühüm vəzifəyə sahib olan deputata "cəza olaraq, yükü artırıldı" və o, daha bir vəzifə ilə mükafatlandırıldı.

Mahir Abbaszadə 2022-ci ilin iyul ayında Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçildi.

İxtisasca iqtisadçı olan millət vəkilinin rəhbərlik etdiyi fondun fəaliyyətinə gəldikdə isə tez-tez keçirdiyi tenderləri ilə yalnız dövlət satınalma portalında yer alır, o, da qarşısında qos-qoca nidası (!) İlə.

Maraqlıdır, niyə bu qurumun keçirdiyi tenderlərin əksəriyyəti barəsində ictimaiyyətə ətraflı məlumat verilmir?!

Bununla bağlı məlumat öyrənmək üçün Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun rəsmi internet saytında yerləşdirilən (+99412) 431 87 03 telefon nömrəsi ilə bir neçə dəfə əlaqə saxlamağa çalışdıq, lakin təəssüflə bildiririk ki, dəstəyi qaldıran olmadı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.