“Məmmədoğulları” MMC sakinlərin QƏSDİNƏ DURUB... - Bu işin içindən də Hacı Ramazan ÇIXDI...
12-01-2024, 16:44
1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar bir dövlətdir. Bu hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və quruluşu xalqın iradəsinə uyğun gələn, insan hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan və onun maraqlarının müdafiə olunması daim öndə tutulur. Faktdır ki, Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna əsaslanır və hüquqi-demokratik dövlətlərdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu belə olduğu halda, görəsən bu gün ölkəmizin hər sahəsində hüquq və onun aliliyini uca tutulur, yoxsa tapdaqlar altına atılır?. Belə bir məsələlərlə bağlı az-çox məlumat əldə etmək üçün, heç də uzağa getmək lazım deyil. Yəni, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə-3, mən-140 ünvanında ailəlikcə yaşayan Paşayev Koroğlu Abdulla oğlunun və bu şəxsin ailə üzvlərinin 2017-ci ildən üzüzə qaldıqları məşəqqətlər haqda məlumatları əldə etmək, məhz hər kəsin ümumi durum haqqında lazımi məlumatları əldə etməsinə imkan verəcək. Məsələn, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Koroğlu Paşayev tərəfindən müraciət daxil olub. Bu şəxs müraciətində qeyd edir ki, “Biz 2011-ci ildən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, döngə-3, mən-140 ünvanında ailəlikcə yaşayırıq. Buna baxmayaraq, 2017-ci ildə Hacı Ramazan adlı şəxsin rəhbərlik etdiyi “Məmmədoğulları” MMC-nin əməkdaşları 35 000 klv -luq elektrik trosfarmatorunu yaşadığımız evin pəncərəsindən iki metr aralı məsafədə quraşdırdılar. Onlar atdıqları belə bir addımları ilə, birbaşa bizim ailəni olmazın dərdə saldılar. Çünki, həmin trosfarmatorun ətrafa buraxdığı elektrik şüalarının təsirindən, ailə üzvlərimizin hər birinin səhhətində ciddi problemlər əmələ gəlməyə başladı. Bununla bağlı aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər etsək də, bir kimsə bizim müraciətimizə əhəmiyyət vermədi. Bu gün bizim aidiyyəti dövlət qurumlarından xahişimiz və əsas tələbimiz ondan ibarətdir ki, trosfarmatorun yerini 50 m aralı məsafəyə dəyişdirsinlər. Faktdır ki, elektrik trosfarmatorunun ətrafa buraxdığı elektrik şüaları, ailə üzvlərimizin hər birində, ələlxüsus həyat yoldaşımda ürək xəstəlikləri yaradıb. Belə bir səbəbdən də, xeyli vaxtdır ki, yaşadığımız mənzili satıb köçmək istəyirik. Evimizi almaq istəyən şəxslər isə, yaşadığımız mənzilin pəncərəsindən iki mert aralı məsafədə yerləşən elektrik trosfarmatorunu görən kimi, məhz onlar bu yöndə fikirlərindən “vaz keçirlər”.
Qeyd edim ki, yaşadığımız evi 2011-ci ildə Hacı Ramazanın qardaşı Hacı İbrahimdən almışıq. “Məmmədoğulları” MMC-nin quraşdırdığı 35 min klv-luq elektrik trosfarmatorunda ötən illər ərzində bir neçə dəfə şiddətli partlayışlar baş verib. Partlayışlar daha çox yağmurlu günlərdə baş verir ki, bu da olduqca qorxulu anların yaşanmasına səbəb olur. Faktdır ki, Hacı Ramazanın bacısı qızıgil bizimlə qonşu idilər və onlar baş verən partlayışlardan ehtiyat edərək yaşadıqları evi satıb bu ünvandan köçdülər. Onu da bildirim ki, “Məmmədoğulları” MMC əməkdaşları elektrik trosfarmatorunu yaşadığımız evin pəncərəsindən iki metr aralı məsafədə quraşdırarkən, biz onların belə bir hərəkətinə qəti etirazımızı bildirdik. Həmin vaxtlarda MMC-nin əməkdaşları bizə “Hacı Ramazan tapşırıq verib, trosfarmatoru 20 gündən sonra o tərəfdə quraşdıracağıq” deyə vəd verdilər. Təəssüflər olsun ki, onlar belə bir fırıldaq əməlləri ilə bizi aldatmağı bacardılar. Belə bir problemlə bağlı “Azərişıq” ASC-nə müraciət etsəm də, bu yöndə də etdiyim müraciətin heç bir nəticəsi olmadı. Yəni, “Azərişıq” ASC-nin rəsmi şəxsləri mənə MMC-nin rəhbəri Hacı Ramazanla danışıb-barışmağı, bir sözlə problemin aradan qaldırılması üçün yalnız bu şəxslə danışıqlar aparmağı məsləhət gördülər. Artıq vəziyyət elə bir həddə gəlib çatıb ki, bu gün ölkə rəhbəri İlham Əliyev cənablarına müraciət etmək məcburiyyətində qalmışam. Çünki, himayəmdə dörd azyaşlı övladım var və pəncərəmizdən iki metr aralı məsafədə quraşdırılmış 35 min klv-luq elektrik trosfarmatorunun ətrafa buraxdığı elektrik şüaları, bu gün övladlarımın da səhhətinə ciddi təsir edir. Faktdır ki, onlar böyüdükcə olmazın problemlərlə üzüzə qalacaqlar”.
Bəli, gundemxeber.az xəbər portalı olaraq redaksiyamıza daxil olan belə bir müraciət əsasında qeyd olunan ərazidə olduq və müraciət müəllifi Koroğlu Paşayevin qeyd etdiyi faktın doğruluğunu gözlərimizlə gördük. Ümidvarıq ki, müraciət müəllifinin İlham Əliyev cənablarına ünvanladığı müraciəti, ölkə rəhbərinə etdiyi xahiş “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədov və “Məmmədoğulları” MMC-nin rəhbəri Hacı Ramazan tərəfindən diqqətdə saxlanacaq və altı nəfərdən ibarət bir ailənin üzüzə qaldığı problem qısa zaman kəsiyində aradan qaldırılacaq. Əgər problemin aradan qaldırılmasına cavabdehlik daşıyanlar bundan sonra da sayğısızlıq göstərməkdə davam edərlərsə, o halda bunu təkcə Koroğlu Paşayevin özünə və ailə üzvlərinə qarşı sayğısızlıq kimi deyil, eyni zamanda vətəndaşın ölkə rəhbərinə ünvanladığı müraciətə də sayğısızlıq kimi dəyərləndirilməlidir. Qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mövzuya qayıdacağıq.
gundemxeber.az