“Zavodun sahibi nə Ramiz Mehdiyev deyil, nə də Bəylər Əyyubov...” - Rasim Məmmədov

22-05-2015, 16:58           
“Zavodun sahibi nə Ramiz Mehdiyev deyil, nə də Bəylər Əyyubov...” - Rasim Məmmədov
Bu, mənim jurnalistika karyeramda bəlkə də yeni uğurdur. Azərbaycan mətbuatında çox populyar olan qalmaqallı oliqarxlardan biri - zavodların, qəzetlərin, gəmilərin sahibi, həmçinin məşhur “Baku Steel Company” ASC Müşahidə Şurasının sədri Rasim Məmmədov mənim bütün suallarıma cavab verməyə razılaşdı.

Ölkənin əsas armatur istehsalçısı olan bu biznesmeni daha nələrdə ittiham etməyiblər! Proteksionizmdə, inhisarçılıqda, qəsbkarlıqda, orta və xırda sahibkarlığı məhv etməkdə, yeni bazarları ələ keçirməkdə, daha nələrdə...

Və budur, mən müxalifət mətbuatının əsas anti-qəhrəmanlarından olan şəxslə görüşə tələsirəm. Bunu nəhayət ki, öyrənmək istəyirəm: bu sirli inhisarçı axı kimdir?!

Siz nəhəng şirkətin başçısının kabinetində öz yaxın uşaqlıq dostumu görəndə hansı hissləri keçirdiyimi, necə heyrətləndiyimi özlüyünüzdə yəqin təsəvvür edə bilməzsiniz.

Həmin an aramızda olan dialoqu olduğu kimi təqdim edirəm:

-Siz həmin o Rasim Məmmədovsunuz?

-Hə, mən özüməm. Guya bilmirdin ki? Haqqımda o qədər tənqid yazmısan ki... Özü də mənimlə “siz”lə danışma...

-Əvvəla, bilmirdim. İkincisi də ki, bəs sən niyə zəng vurmurdun?

-Mən də fikirləşirdim ki, sən bunu bilirsən və hər şeyi qəsdən yazırsan.

* * *

Sonra biz əl verib görüşdük və dostcasına qucaqlaşdıq.

Rasim Məmmədovu uzun illər idi görmürdüm. Düz 25 il qabaq ayrılmışıq və hərəmiz öz yolumuzu seçmişik. Bu səmimi oğlanı tənqidçi mətbuatın anti-qəhrəmanı kürsüsündə görmək məndən ötrü çox heyrətamiz idi. Hər halda Rasim düz 25 il qabaq belə idi - səmimi. Bəs indi? Qoy hörmətli oxucular özləri nəticə çıxarsın.

Onu da deyim ki, mən R.Məmmədova haqqında uzun illər inadla susduğu hər şey barədə suallar vermək fürsətini əldən buraxmadım. Uşaqlıq, yeniyetməlik, gənclik illərimizi bir yerdə xatırladıq... Lakin bunlar artıq dərin uçurumda, daha dəqiq desək, həyat adlandırdığımız keçmişdə qalıb.

Nəhayət, üzbəüz otururuq. Və jurnalistlə oliqarxın sərt söhbəti başlayır...

* * *

-Artıq 5 ildir ki, mətbuatda sizə və başçılıq etdiyiniz “Baku Steel Company” şirkətinə qarşı “qara piar” kampaniyası aparılır. Məşhur Zülfüqarlı qardaşları sizə qarşı kifayət qədər ciddi ittihamlar irəli sürürlər. Bildirirlər ki, siz onların zavodlarını və sənaye müəssisələrini ələ keçirmişiniz. Lakin indiyə qədər müəmmalı şəkildə susur, bu ittiham və hücumların heç birinə cavab vermirsiniz. Niyə susmuşunuz?

-Açığını deyim, bütün bu uydurmaları qəzetlərdə oxuyandan sonra öz-özümə həmişə belə sual vermişəm ki, belə bəyanat və iddialarla çıxış edən bu adamların görəsən, ağlı başındadırmı. Zülfüqarlı qardaşlarının əlindən heç kim heç nəyi almayıb. Qardaşlar bu günə qədər də bizim “Bakı Poladtökmə” zavodunun səhmdarlarıdır. Onların orada 16 faiz səhmi var. Bundan əlavə, qardaşlar müəssisənin Direktorlar Şurasının üzvüdür. Soruşursunuz ki, bu müddətdə nə dəyişib. Əvvəllər zavod birbaşa qardaşlar tərəfindən idarə olunurdu, indi isə bu müəssisəni biz idarə edirik.

Biz onlardan nəyi almışıq? Qoy heç olmasa bircə sənəd göstərsinlər ki, biz onlardan nəyisə almışıq. Mən bu adamların yalanının və həyasızlığının dərəcəsinə bəzən mat qalıram. Bircə fakta fikir verin. Biz “Bakıelektroştamp” zavodunun səhmdarıyıq, zavodun idarəçiliyi isə onların əlindədir. Əgər biz qardaşların bütün əmlakını, mülkiyyətini qəsb etməyi qarşımıza məqsəd qoysaydıq, ilk növbədə bu zavodun rəhbərliyini də ələ keçirərdik. Elə deyilmi?

Daha bir fakt deyim. Bizim prokat dəzgahımız qardaşların Keşlədəki zavodunun ərazisindədir. Bu haqda indiyə qədər nə onlara, nə də ictimaiyyətə heç nə deməmişik. Onlar bizim avadanlıqlardan istifadə edərək müxtəlif məhsullar buraxırlar, amma biz qardaşları əmlakımızı qəsb etməkdə hələlik ittiham etmirik. Əvəzində Zülfüqarlılar bizi heç bir əndazəyə sığmayan şəkildə “Xəzərboru” zavodunu qəsb etməkdə günahlandırır. Yaxşı, bəs qardaşlar bizim həmin zavoddakı hissəyə, paya görə onlara nə qədər pul ödədiyimizi niyə demirlər? Bunu niyə dilə gətirmirlər?

-Onlara nə qədər pul ödəmisiniz ki?

-12,5 milyon manat. Qardaşlardan biri - Loğman Zülfüqarlı ayda azı üç dəfə yanıma gəlib məsləhətləşir, kömək etməyimizi xahiş edir. Mən onlara həmişə kömək etmişəm.

-Yəni əməkdaşlığınız bu günə qədər də davam edir?

-Tamamilə doğrudur. Qardaşların balacası bu kabinetdə tez-tez olur. Adətən də bax burada - indi siz əyləşən yerdə oturur. Əgər böyük qardaşda - Nurəddin Zülfüqarlıda yaddaş problemi varsa, yaxud ola bilsin, onda qarabasmalar olursa, qoy həkimə getsin. Mən ona heç cür kömək edə bilmərəm.

-Loğman Zülfüqarlı ilə şəxsi söhbətlərinizdə ondan soruşursunuzmu ki, bu kabinetdə niyə bir, qəzet səhifələrində isə başqa cür danışırsınız?

-Əlbəttə, soruşuram. Lakin o, hər dəfə deyir ki, qardaşının hərəkətlərinə cavabdeh deyil. Digər tərəfdən, onların vəkili Aslan İsmayılov müntəzəm olaraq çirkin məqalələrlə çıxış edir. Biz də bunun səbəbini Loğmandan hər dəfə soruşuruq. Loğman özü də Nurəddin Zülfüqarlı ilə Aslan İsmayılovu çirkin oyunlar oynamaqda ittiham edir. Bildiyim qədər onlar həddən artıq iddialı adamlardır. Bu adamlar çoxdan yıxıldıqları yerdən hansı yolla olursa-olsun qalxmaq istəyirlər.

Digər tərəfdən, qoy onlar sübut eləsinlər ki, bu zavodu doğrudan da satın alıblar. Bunu sübut edə bilərlərmi?

-Bildiyim qədər Zülfüqarlı qardaşlarının “Baku Steel Company” şirkətinin yaradılmasına da heç bir aidiyyəti yoxdur...

-Bütün məsuliyyətimlə bildirirəm ki, Zülfüqarlı qardaşlarının “Baku Steel Company” zavoduna heç bir aidiyyəti yoxdur. Zavod 2001-ci ildə açılıb. Onun açılışında ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Bu zavodun sahibi ölkəmizdə çox məşhur olan biznesmen Paolo Pərviz idi. Paolo Pərviz bu müəssisəni 2007-ci ildə Beni Ştayntsman və Aleksandr Maşkeviçə satdı. Yeri gəlmişkən, mən Beni ilə dost idim. O, məni hətta bu zavodu idarə etməyə də dəvət etmişdi. Bu, 2008-ci ildə olub. 2011-ci ildə isə Beni Ştayntsman “Baku Steel Company” zavodunu mənə satdı. Bu müəssisənin yeganə sahibi mənəm.

Bu Zülfüqarlı qardaşları və Aslan İsmayılov isə zavodun sahibi kimi müxtəlif məmurların və hörmətli şəxslərin adlarını hallandırırlar. Gah deyirlər ki, zavod Ramiz Mehdiyevə məxsusdur, gah da iddia edirlər ki, Bəylər Əyyubovundur. Son vaxtlar da Araz Ağalarovun adını hallandırmağa başlayıblar. Mənə məxsus olan əmlak nəyə görə başqa adamların adına çıxılmalıdır?

-Bəs Zülfüqarlı qardaşları nəyə görə yüksək rütbəli dövlət məmurlarının adını hallandırır?

-Ona görə ki, Zülfüqarlı qardaşları müxalifətçidir. Onlar Fərhad Əliyevin irəli çəkdiyi adamlardır. Fərhad Əliyevin kim olduğunu və Azərbaycan dövlətçiliyi üçün nə dərəcədə təhlükəli olduğunu isə siz məndən də yaxşı bilirsiniz. Fikir verin, görün Zülfüqarlı qardaşlarının və Aslan İsmayılovun bütün ritorikası müxalifətin tənqidlərinə necə də oxşardır. Müxalifət özünün bütün tənqidlərini Ramiz Mehdiyevə, Bəylər Əyyubova və digər dövlət məmurlarına yönəldir. Zülfüqarlılar da məhz onları hədəfə alıb.

-Zülfüqarlılar Aslan İsmayılovla birgə sizi ölkənin bütün poladəritmə və metallurgiya sənayesini öz nəzarətinizə almaqda da ittiham edir. Deyirlər ki, rəqiblərinizi bu bazardan sıxışdırıb çıxarırsınız...

-Azərbaycanda bəyəm metallurgiya sənayesi varmı ki, onu da öz nəzarətinə alasan? Azərbaycanda “Baku Steel Company” şirkətindən başqa kim polad əridir? Kustar yolla armatur istehsal edən xırda sexlərdən başqa heç bir müəssisə yoxdur.

-Yeri gəlmişkən, bir neçə il qabaq sizi ittiham edib deyirdilər ki, xırda istehsal müəssisələrinin, sexlərin bağlanması kampaniyasının arxasında məhz siz dayanırsınız...

-Tikinti üçün qətiyyən yaramayan, deyərdim ki, texnoloji təhlükəsizlik baxımından hətta təhlükəli olan aşağı keyfiyyətli məhsulların istehsal olunduğu bu kustar sexlər bizim kimi nəhəng sənaye müəssisəsinin nəyinə gərək idi? Sovetdən qalma miras olan bu sexlər kimə lazımdır? Qoy heç olmasa manifakturaları yada salsınlar. Dünyada artıq sex anlayışı yoxdur. O, tarixdə, keçmişdə qaldı. Gedin görün bu adamlar hansı şəraitdə işləyirlər. Haradasa bir zibilxana kimi yerdir. Bir neçə adam köhnə avadanlıqlarla heç kəsə lazım olmayan keyfiyyətsiz və primitiv məhsullar istehsal edir. O məhsullardan sonradan tikintidə istifadə olunur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ümumiyyətlə hara baxır? Dövlət Əmək Müfəttişliyi nəyə görə heç bir tədbir görmür?

Bu sexlərin fəaliyyətində ən qorxulu tərəf, cinayət xarakterli məqam bilirsinizmi nədir? Onlar bu kustar məhsullarını “Baku Steel Company” markası altında istehsal edirlər. Bu sexlərin fəaliyyətinə son qoymaq, qanunsuzluğun qarşısını almaq üçün təcili tədbirlər görmək tələbi ilə dövlət qurumlarına dəfələrlə müraciət etmişik. Onların bu fəaliyyəti ölkəmizdə yeni faciələrə yol aça bilər.

-Belə çıxır ki, tezalışan keyfiyyətsiz materialdan hazırlanaraq insan tələfatına səbəb olmuş poliuretan faciəsindən - “üzlük faciəsi”ndən sonra da növbəti potensial texnoloji təhlükənin mənbəyi də kustar armaturlardır?

-Tamamilə doğrudur. Bu, yaxınlaşmaqda olan real və qlobal təhlükədir. Çünki bəzi adamların himayə etdiyi, dövlət qurumlarının isə fəaliyyətinə göz yumduğu bu sexlər bazarı keyfiyyətsiz və təhlükəli armaturla doldurublar. Bu məhsullardan yaşayış binalarının və digər obyektlərin tikintisində istifadə olunur. Bir daha deyirəm ki, bu sexlər öz keyfiyyətsiz, kustar məhsullarına bizim “Baku Steel Company” şirkətinin markasını vurmaqla daha bir cinayət törədirlər.

-Bəs bu sexlərin sahibləri kimdir?

-Müxalifətçilər. Məsələn, sabiq deputat Nazim Məmmədov, Əli Kərimlinin qohumları. Bazardakı kustar armatur istehsalı onların nəzarətindədir. Hüquq-mühafizə və digər müvafiq orqanlar hara baxır bəs? Axı bu “sahibkarlar” kriminal fəaliyyətlə məşğuldur. Bu qeyri-leqal sexlər bəyəm vergi ödəyir?

Mən sizi jurnalist təhqiqatı aparmağa çağırıram. O sexlərə gedin baxın, araşdırın. Məsələn, maraqlanın görün, hakimiyyəti hər gün sərt tənqid edən sabiq deputat Nazim Məmmədovun sexi nə işlə məşğuldur. Sizi inandırım ki, o sexdə görəcəyiniz eybəcər mənzərəni həyatınız boyu görməmisiniz. Axı onların işi metallurgiya sahəsindəki texnoloji proseslərin elementar qaydalarına da ziddir. Metal əriməlidir, ona müxtəlif qatqı və ərintilər əlavə olunmalıdır, bu kütlə daha sonra əlavə emal prosesindən keçməlidir və s. Yəni bu, metallurgiyanın əlifbasıdır. Gedin görün həmin bu texnoloji proses o sexlərdə necə həyata keçirilir. Orada istehsal necədir?! Boru parçasını götürüb qızdırır, onu bir növ plastilin həddinə çatdırırlar, bundan da armatur düzəldirlər. Sonra isə həmin armaturdan yaşayış binalarının tikintisində istifadə olunur. Bilirsinizmi, bu nə deməkdir, onlar nə işlə məşğuldur?! Bu, dövlətə və insanlara qarşı cinayətdir. Onun nəticəsi faciə, fəlakət ola bilər. Biz hüquq-mühafizə oqranlarına bu qüvvələrə qarşı müvafiq tədbir görmək xahişi ilə müraciət etməkdən artıq yorulmuşuq.

-Necə düşünürsünüz, niyə tədbir görülmür? Üstəlik, deyirsiniz ki, bu sexlərin arxasında müxalifətçilər dayanır. Reallıq başqa şeyi deyir axı. Hakimiyyət bir qayda olaraq müxalifətçilər arasında qanunları pozanları ilk növbədə cəzalandırır...

(davamı olacaq)

Eynulla Fətullayev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.