Tovuz sakini: “Həyat yoldaşım həkim səhlənkarlığının qurbanı oldu, prokurorluq ört-basdır edir”

27-02-2024, 07:04           
Tovuz sakini: “Həyat yoldaşım həkim səhlənkarlığının qurbanı oldu, prokurorluq ört-basdır edir”
“Bu həkimin əvvəlki hərəkətləri ört-basdır edildiyinə görə belə ölümlərin davamı gəlib”

Tovuz rayonunun Yanıqlı kənd sakini Tural Qasımov həyat yoldaşını həkim səhlənkarlığı nəticəsində itirib.

O gileylənir ki, prokurorluq da həkimi cəzalandırmaq istəmir.

Bu üzdən aylardır ki, prokurorluq, məhkəmə qapılarında qalıb, Prezident Administrasiyası, Heydər Əliyev Fondu da daxil olmaqla, müxtəlif dövlət orqanlarına şikayət edib.

“Həkim xəstəni o vəziyyətdə qoyub, özü qaçıb getmişdi”

21 yaşlı Aygün Nəcəfova 2023-cü il iyunun 15-də – oğlunu dünyaya gətirəndən bir gün sonra vəfat edib.

Hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Həyat yoldaşı danışır ki, hamiləlik dövründə Aygün Nəcəfovanın heç bir problemi olmayıb.

Onun sözlərinə görə, özəl xəstəxanada mütəmadi müayinələrdən keçib, həkim nəzarətində olub, bunu təsdiqləyən sənədlər də var.

Hamiləliyin 37-ci həftəsində Tovuz Rayon Mərkəzi Xəstəxanasında Xatirə Quliyevanın yanına gediblər: “Hamiləlik dövründə Əntiqə həkimin nəzarətində olmuşdu, heç bir problem də yox idi. İyunun 14-də doğuş üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına getdik. Orada Xatirə həkim analizlərin cavabına baxdı. Dedi ki, “gəlin, qeysəriyyə əməliyyatı eləyək”. Bu əməliyyat da doğuş vaxtından bir həftə əvvəl olmalıdır. Elə həmin gün əməliyyat olunmasını təklif elədi, biz də razılaşdıq”.

İyunun 14-də axşam saat 22.00 radələrində qeysəriyyə əməliyyatıyla Aygün Nəcəfovanın oğlu dünyaya gəlib. Tural Qasımov danışır ki, əməliyyatdan sonra həkim onlara həm ananın, həm də uşağın vəziyyətinin yaxşı olduğunu deyib.

Ertəsi gün səhər yenidən xəstəxanaya gedəndə onlara heç bir problem olmadığını bildiriblər. Lakin az sonra xəstəxanadan Aygün Nəcəfovanın anasına zəng edib, qan qrupunu soruşublar, qana ehtiyac olduğunu deyiblər: “Təbii ki, biz çox narahat olduq. Dərhal yenidən xəstəxanaya getdik. Dedilər ki, artıq lazım deyil. Bildirdik ki, narahatlıq varsa, Gəncədəki xəstəxanaya aparaq. Cavab verdilər ki, ehtiyac yoxdur. Bizi aldatdılar ki, xəstəni yatırtmışıq, Bakıdan həkim gəlir, o baxacaq. Xatirə Quliyeva xəstəni o vəziyyətdə qoyub, özü qaçıb getmişdi. Bir də axşam saat 8 radələrində bizə dedilər ki, ölüb…”.

“İndiki dövrdə xəstəxanada qanaxmadan adam ölər?!”

Ekspertizanın rəyinə görə, Aygün Nəcəfova qanitirmədən həyatını itirib. Qeysəriyyə əməliyyatından sonra uşaqlıqda kəskin qanaxma olub.

Tural Qasımov deyir ki, həkim səhlənkarlığı olmasaydı, həyat yoldaşını itirməzdi: “Necə olub ki, bunlar qanitirmənin qarşısını ala bilməyiblər? Biz 19-cu əsrdə yaşamırıq, indiki dövrdə xəstəxanada qanitirmədən adam ölər?! Müasir dövrdə tibbdə qanaxmanın qarşısını almaq elə də çətin bir iş deyil axı. Amma səhlənkarlıq eləyiblər. Təəssüf ki, prokurorluq da bu cinayəti ört-basdır eləməyə çalışır. Səbəbi də məlumdur. Sonradan öyrəndik ki, mənim yoldaşım Xatirə Quliyevanın əlində ilk ölüm hadisəsi deyil. Təəssüf ki, bu həkimin əvvəlki hərəkətləri ört-basdır edildiyinə görə belə ölümlərin davamı gəlib”.

Məhkəmə prokurorluğun qərarını ləğv edib, yenidən araşdırma aparılmalıdır

Hərbçi olduğunu və 44 günlük müharibədə iştirak etdiyini deyən Tural Qasımov vurğulayıb ki, həyat yoldaşının qanının yerdə qalmaması üçün sonadək mübarizə aparacaq.

Deyir ki, bunu təkcə özünə görə yox, başqa uşaqların da onun oğlu kimi anasız qalmaması üçün edir: “Mən Xatirə Quliyevanın əvvəlki qurbanları kimi davranmayacam. Maddi yardım, başdaşı düzəltdirməklə məni sakitləşdirmək mümkün deyil. Səlahiyyət sahiblərindən də xahişim budur ki, belə işlərdə qərar verəndə vicdanla yanaşsınlar. Mənim yoldaşımın qanı yerdə qalmasın…”.

Aygün Nəcəfovanın ölümüylə əlaqədar Tovuz Rayon Prokurorluğunda araşdırma aparılsa da, sonda cinayət işi başlanması rədd olunub.

Müstəntiq Natiq Əmirov 15 sentyabr 2023-cü il tarixli qərarında yazıb ki, bu hadisədə cinayət tərkibi yoxdur.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz şöbəsi də rəyində ölümün səbəbi kimi qeysəriyyə əməliyyatından sonra kəskin uşaqlıq qanaxmasını göstərib. Eyni zamanda, rəydə onu da yazıblar ki, xəstəxanada Aygün Nəcəfovaya edilən müalicələr düzgün olub.

Tural Qasımov prokurorluğun rədd qərarından məhkəməyə şikayət edib.

Şikayətində göstərib ki, prokurorluq hərtərəfli araşdırma aparmayıb, qərar obyektiv və ədalətli deyil.

Araşdırmadan sonra Tovuz Rayon Məhkəməsi də bu nəticəyə gəlib və prokurorluğun qərarını ləğv edib. Aygün Nəcəfovanın ölümüylə bağlı materiallar yenidən araşdırılması üçün Tovuz Rayon Prokurorluğuna qaytarılıb. Hazırda prokurorluqda araşdırmalar davam edir.

“Ehtiyat edirəm ki, bunlar yenə də öz bildiklərini eləyərlər. İstədikləri rəyi alıb, ört-basdır etməyəcəklərinə əmin deyiləm. Ona görə Baş prokuror Kamran Əliyevə də müraciət etmişəm ki, bu işi nəzarətdə saxlasın, sui-istifadə hallarına yol verilməsin. Çünki Xatirə Quliyevanın əvvəldən tədbirini görməsi barədə məlumat almışıq”, – Tural Qasımov əlavə edib.

İttiham olunan şöbə müdiri özünü günahkar saymır

Eyni zamanda, Tovuz Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri olan Xatirə Quliyeva isə Aygün Nəcəfovanın ölümündə təqsiri olmadığını deyir.

Mama-ginekoloq özü də təsdiqləyir ki, iyunun 14-də axşam saat 22 radələrində həyata keçirdiyi əməliyyatdan sonra anada heç bir problem olmayıb.

Onun sözlərinə görə, gecə saat 01 radələrinə qədər xəstəxanada olub, narahatlıq yaşanmayıb. Sonra evə getsə də, gecə saat 3 radələrində başqa bir doğuşa görə yenidən qayıdıb və səhərə qədər xəstəxanada olub.

Həkimin dediyinə görə, səhər saat 09 radələrində Aygün Nəcəfovaya yenidən baş çəkib, onunla danışıb, vəziyyəti normal olub: “Bundan sonra evə getdim ki, bir az dincəlim. Günorta 3 radələrində zəng elədilər ki, trombositlər kəskin düşüb…”.

Xatirə Quliyeva bildirir ki, xəstənin durumu haqda Səhiyyə Nazirliyinin müvafiq qurumuna xəbər verib, Bakıdan kömək istəyib. Xəstəni süni tənəffüs aparatına qoşublar. Gəncə qan bankından qan, plazma və s. gətiriblər. Bu tədbirlərə baxmayaraq, Aygün Nəcəfovanın həyatını xilas etmək mümkün olmayıb.

Xatirə Quliyeva iddia edir ki, Aygün Nəcəfovada hamiləlik dövründə “preeklampsiya” yaranıb və nəticədə daxili orqanlarının fəaliyyəti pozulub. Onun iddiasına görə, HELLP sindromu, böyrək-ağciyər çatışmazlığı ölümə gətirib çıxarıb.

Mənbə: Meydan TV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.