Ölü cəmdəyə "keyfiyyət" sertifikatı verən rüşvətxor baytar həkimlər... - Nazirlik isə hələ də seyrçidir...
12-08-2016, 12:55
Ölkənin istehlak bazarına keyfiyyətsiz ət və ət məhsullarının çıxarılması problemi ciddi təhlükə mənbəyidir.Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları bu təhlükələrin aradan qaldırılması üçün gərəkli fəaliyyət göstərə bilmir. Nətisədə isə, keyfiyyətsiz ət məhsullarının əhaliyə satılması halları ortaya çıxır. Gundelik-Baku.com olaraq oxucularımıza belə satış nöqtələrinin Bakının bir sıra rayonlarında fəaliyyət göstərdiyini söyləyə bilərik. Paytaxtın Binəqədi rayonunda, Binəqədi qəsəbəsinin mərkəzindəki bir neçə qəssab mağazasında satılan ətin qiyməti də söylədiklərimizi təsdiq edir. Belə ki, sözügedən qəssab dükanlarında ət xeyli ucuz satılır ki, burada da müəyyən müəmmalardan danışmağa əsaslar az deyil. Ən təhlükəlisi isə odur ki, belə son dərəcə keyfiyyətsiz ət almaq məcburiyyətində qalan vətəndaşlarımız istər-istəməz sağlamlıqlarını da risklər qarşısında qoymalı olur. Lakin,əsas təhlükə bununla da bitmir. Məsələ ondadır ki, ölkəmizdə, eynən də paytaxtımızda bir çox işbazlar istehlakçılara xəstə, yararsız və daha çox ölmüş atların, eşşəklərn və camışların ətini mal əti adı ilə sırıyır. Bu maxinasiyaların qarşısının alınması isə necə deyərlər sanki, müşkülə çevrilib. Əhali bilməlidir ki, keyfiyyətsiz və seriitifikatsız ət və ət məhsulları ciddi və təhlükəli yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Qəribədir ki, bir sıra hallarda alıcılara keyfiyyətli məhsul kimi təqdim olunan ətin üzərində müvafiq baytarlıq nişanları da olur. Belə vəziyyət daha çox Bakının topdansatış ət bazarlarında, həmçinin Sumqayıtda əhalinin sağlamlığına təhlükələr yaradır. Ətin satışına gərəkli baytarlıq nəzarətinin olmaması da məsələnin həllində çətinliklər yaradır. Deməli, belə çıxır ki, bəzi baytarlıq xidməti əməkdaşları özlərini şəxsi maraq və tamahın güdazına verərək saxtakarlıqlara əl atır. Nə qədər ki, Baytarlıq Nəzarəti Xidməti normal işləmir, nə qədər ki, minlərlə cəmdəyə yalançı möhür vurulur, vəziyyətin düzələcəyinə inam azdır. Yararsız ətin üzərinə istifadəyə yararlılıq möhürünün vurulması faktları nədənsə Baytarlıq Xidmətinin məsul şəxsləri tərəfindən yetərincə araşdırılmır.Bu mənada məsuliyyətsiz baytar həkimlərin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi vəziyyətin düzəlməsində önəmli rol oynaya bilər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.