İlon Mask: "Heç bir iş təhlükəsiz deyil, mənimki belə…"

Bu gün, 16:04           
İlon Mask: "Heç bir iş təhlükəsiz deyil, mənimki belə…"
"Tesla"nın baş direktoru və dünyanın ən varlı insanı İlon Mask süni intellektin gələcəyinə dair yenidən müzakirə yaradacaq açıqlama verib.

Valyuta.az xəbər verir ki, o, sahibi olduğu “X” platformasında ChatGPT haqqında tərif dolu paylaşıma cavabında, texnologiyanın inkişafının heç bir peşəni təhlükəsiz qoymayacağını bildirib.

Maskın cavab verdiyi paylaşımda, xərçəngi sağaltmış bir şəxsin ChatGPT-dən istifadə edərək həkimlərin diaqnozlarını şübhə altına aldığı və müalicə prosesində daha şüurlu addımlar atdığı qeyd olunurdu. Mesaj “Həkimlər səhv edə bilər, süni intellekt faydalı ola bilər və həyat qurtara bilər” sözləri ilə bitir, tibb dünyası ilə süni intellekt arasında yaxınlaşan gərginliyə işarə edir.

Mask isə buna daha irəli gedən bir şərh verib: "Süni intellekt artıq əksər həkimlərdən daha yaxşıdır və daha da yaxşı olacaq. Bu, bütün peşələr üçün keçərlidir; açıq desəm, mənimki də daxil".

Beləliklə, Mask öz işinin belə bir gün kompüterlərə həvalə edilə biləcəyini açıq şəkildə dilə gətirən nadir texnologiya liderlərindən biri olub.

Bu açıqlama qısa müddətdə sosial mediada geniş rezonans doğurub. Bəziləri Maskın proqnozunu dəstəkləyib, digərləri isə belə bir gələcəyin qaçılmaz olub-olmadığını sual edib. Mask isə əlavə açıqlama verməyib.

Texnologiya sahəsində bəzi mütəxəssislər bu cür xəbərdarlıqlara qarşı panikaya düşmək əvəzinə hazırlıq görməyin vacibliyini vurğulayır. Onların fikrincə, maşınların asanlıqla təqlid edə bilmədiyi sosial bacarıqların inkişafı, yeni texnologiyaları proqramlaşdıracaq, öyrədəcək və idarə edəcək mütəxəssislərin yetişdirilməsi gələcəyin ən dəyərli qabiliyyətləri olacaq.

Süni intellektin iş dünyasına təsirləri artıq rəqəmlərdə öz əksini tapır. Araşdırmalara görə, işəgötürənlərin təxminən 40 faizi qarşıdakı illərdə işçi sayını azaldaraq süni intellekt dəstəkli avtomatlaşdırma sistemlərinə yönəlməyi planlaşdırır. ABŞ-da bu göstərici 48 faizə çatır. Bundan əlavə, işəgötürənlərin böyük əksəriyyəti mövcud əməkdaşlarının süni intellektlə yanaşı çalışmasını gözləyir; demək olar ki, yarısı isə işləri avtomatlaşdırmaya ötürülə bilən əməkdaşları başqa vəzifələrə yönəltməyi düşünür.

Qeyd etmək lazımdır ki, Mask bu mənzərəyə yalnız şərh verən deyil, həm də istiqamət verən fiqurlardan biridir. “OpenAI”ın keçmiş ortaq təsisçilərindən olan Mask, iki il əvvəl yaratdığı “xAI” şirkəti ilə “Grok” adlı söhbət botunu inkişaf etdirib. Tənqidçilər “Grok”un yanlış məlumat və sui-qəsd nəzəriyyələri yaydığına diqqət çəksələr də, son versiya olan “SuperGrok” ən inkişaf etmiş süni intellekt modelləri arasında göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru