Vaqif Əsədov: “Bəxtiyar Hacıyev mətbuatdansa bizə müraciət edərdi”
15-08-2016, 22:17
“Əgər yol polisinin Bəxtiyar Hacıyevə qarşı etdiyi qanunsuz hərəkətlə bağlı əlində dəlil-sübut və ya fakt varsa, buyurub, bizə şikayət ərizəsiylə müraciət etsin”. Bu haqda gununsesi.info-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov siyasi fəal Bəxtiyar Hacıyevlə bağlı bu gün yaşanan olaya münasibətində bildirib. O, bildirib ki, Bəxtiyar Hacıyevlə bağlı baş vermiş hadisə barəsində heç bir məlumatı və ya informasiyası olmasa da, buna baxmayaraq şikayətini dinləməyə hazırdır: “Nəinki Bəxtiyar Hacıyev, istənilən vətəndaşın polis və ya yol polisi tərəfindən ona edilən haqsızlığı sübut edəcək dərəcədə əlində faktı varsa, buyursun idarəmizə. Qapımız, pəncərəmiz istənilən vətəndaşın üzünə açıqdır. Əgər bizə bu tipli gündə 20-25 müraciət daxil olursa və biz vətəndaşların iştirakıyla şikayəti araşdırıb, onları razı yola sala biliriksə, o zaman Bəxtiyar Hacıyevi niyə qəbul edib, şikayətini dinləməyək? Nazirimiz hər zaman vətəndaşın şikayətinin onun iştirakıyla araşdırılıb həll edilməsini bizdən tələb edir. Bundan başqa, internet üzərindən, sosial şəbəklərdən və informasiya portallarından öyrəndiyimiz xəbərləri də araşdırırıq. Bəxtiyar Hacıyev mətbuata xəbər verdiyi kimi, bizə də şikayət ərizəsiylə müraciət etsəydi, araşdırardıq. Əgər polis əməkdaşının şikayəti haqqında Bəxtiyar Hacıyevin işini məhkəməyə çıxarıblarsa, o zaman prosesdən sonra sivil qaydada məhkəmə qərarı haqqında mətbuata açıqlama verəcəm”-, deyə o bildirib.
Qeyd edək ki,siyasi fəal Bəxtiyar Hacıyev mətbuata açıqlamasında yol polisi əməkdaşının təzyiqinə məruz qaldığını bildirib. O iddia edib ki, yol polisi əməkdaşı kameraların qarşısında ona fiziki güc tətbiq edib. Yol polisi əməkdaşı da, eyni zamanda B.Hacıyevdən şikayətçi olub. O da öz növbəsində Hacıyevin ona fiziki güc tətbiq etdiyini iddia edib. Hər iki şəxs Yasamal rayon 27-ci polis bölməsinə aparılıb. Aldığımız son məlumata görə, Bəxtiyar Hacıyevin işi 27-ci polis bölməsindən məhkəməyə göndərilib. B.Hacıyevin sözlərinə görə, sənədlər hazırlandıqdan sonra iş Yasamal Rayon Məhkəməsinə göndəriləcək.